Azərbaycan “Avroviziya” təmsilçisini bu tarixdə açıqlayacaq

Azərbaycan “Avroviziya” təmsilçisini bu tarixdə açıqlayacaq
MƏDƏNİYYƏT
13:50 09.02.2026
558
"10 gün ərzində Azərbaycanın "Avroviziya 2026”da təmsil edəcək ifaçının adı açıqlanacaq”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında "Avroviziya” Mahnı Müsabiqəsində Azərbaycanın nümayəndə heyətinin rəhbəri Nurlana Cəfərova deyib.

Onun sözlərinə görə, hazırda bütün işlər yekunlaşmaq üzrədir və namizədlərin təqdim etdiyi mahnıların dinlənilməsi prosesi davam edir:

"Artıq namizədin adını müəyyənləşdirmək mərhələsindəyik. Bu həftə ərzində bütün rəylər toplanacaq və namizədimiz bəlli olacaq. Qaydalara əsasən bu proses 9 mart tarixinədək davam edə bilər”.

Nurlana Cəfərova sosial şəbəkələrdə yayılan və bu il Azərbaycanı "Avroviziya”da təmsil edəcəyi iddia edilən bəzi məşhur simalar, o cümlədən Dilarə Kazımovanın yenidən müsabiqədə çıxış etməsi ilə bağlı xəbərlərə də aydınlıq gətirib:

"Ümumiyyətlə, Dilarə Kazımovadan soruşmaq lazımdır ki, o, bu il müsabiqədə iştirak üçün namizədliyini irəli sürübmü? Çünki istər dünyaca məşhur müğənni olsun, istərsə də yeni ifaçı - əgər şəxsən məktub və sənədlərlə rəsmi müraciət etməyibsə, bizim onu yarışmaya göndərmək səlahiyyətimiz yoxdur. Biz yalnız müsabiqə açıq elan edildikdən sonra rəsmi müraciət edən namizədləri və onların mahnılarını nəzərdən keçiririk. Başqa cür bu mümkün deyil”.

Nurlana Cəfərova Azərbaycanın müsabiqədə təmsil olunacağı mahnı ilə bağlı suala isə belə cavab verib:

"Hər üç namizəd müsabiqəyə öz mahnıları ilə müraciət edib. Onlardan ikisi müğənnilərin öz bəstələdiyi, biri isə başqa bəstəkar tərəfindən yazılmış mahnıdır. Hazırda müzakirələr getdiyi üçün mahnıların dinlənilməsi aparılır. Bu proses üzərində yerli və xarici mütəxəssislərdən ibarət komanda çalışır. Biz onların rəyini gözləyirik. İşlərin bir hissəsi artıq tamamlanıb, qalan hissəsi isə gələn həftə tam yekunlaşacaq. Mütəxəssislərin rəyi əsasında gələn həftə namizədimizin adını açıqlayacağıq”.

Aysel Hacızadə
OXŞAR XƏBƏRLƏR