Rəbiyyət Aslanova: “İlham Əliyevin qələbəsi bütövlükdə Azərbaycan xalqının istəyidir”
“Azərbaycan ziyalısı kifayət qədər praqmatik və cəmiyyəti həqiqət yoluna dəvət edəcək qədər müdrikdir”.
AZXEBER.COM-un məlumatına görə, bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin İnsan Haqları Komitəsinin sədri, millət vəkili Rəbiyyət Aslanova ölkənin tanınmış ziyalılarının Prezident İlham Əliyevi dəstəkləməklə bağlı qərarını şərh edərkən belə deyib.
Onun sözlərinə görə, İlham Əliyevin qələbəsi bütövlükdə Azərbaycan xalqının istəyidir və ölkə ziyalıları öz bəyanatında cəmiyyətin mövqeyini ifadə ediblər: “Azərbaycanda həyata keçirilən uğurlu islahatlar, ölkəmizin regionun həlledici, postsovet məkanının aparıcı, dünyanın isə önəmli dövlətinə çevrilməsi, dünya səviyyəli mötəbər tədbirlərin Azərbaycanda keçirilməsi, ölkə vətəndaşlarının sosial rifah halının yüksəldilməsinə yönəlik layihələr, nəinki paytaxtın, ən ucqar kəndlərin belə müasirləşməsi Prezident İlham Əliyevin xidmətidir. Azərbaycan cəmiyyəti ölkə rəhbərinin xidmətlərini qiymətləndirir və onunla həmrəy olduğunu ortaya qoyur. Ölkə ziyalılarının, tanınmış mədəniyyət və incəsənət xadimlərinin son İlham Əliyevi dəstəkləməklə bağlı bəyanatı da bu qəbildəndir. Hesab edirəm ki, bu həm də xalqın seçkilərlə bağlı aydın mövqeyinin göstəricisidir və Azərbaycan seçicisi bundan öncəki seçkilərdə olduğu kimi, qarşıdakı seçkilərdə də Heydər Əliyev siyasi kursuna və bu kursun layiqli davamçısı cənab İlham Əliyevə səs verəcək”.