Azərbaycan dilini sevənlər bu yazını mütləq oxusun - TƏHLİL

Azərbaycan dilini sevənlər bu yazını mütləq oxusun - TƏHLİL
KÖŞƏ
16:40 15.10.2012
11680

SədaqətƏhmədova Dilçilik mövzusunda olan ikinci yazımda əlifbada dəyişiklik “ideyasını” irəli sürən bir alim haqqında yazmışdım və qeyd etmişdim ki, həmin insanı tanımıram, bəlkə də dilçilik elmində xidmətləri olan alimlərimizdəndir (“Neologizmlər, yoxsa türk sözləri”, https://www.azxeber.com/news/16666.htm).

Son aylarda əlifbada dəyişiklik mövzusu aktuallaşdı, həmin insan müzakirələrin qəhrəmanına çevrildi, mənə də aydın oldu ki, haqqında danışdığım alim Dilçilik İnstitutunun direktor əvəzi Fəxrəddin Veysəllidir.

Tanımadığım insanın şəxsiyyəti barədə bir söz deyə bilmərəm, ancaq “ideya” və fikirlərinə aid bəzi iradlarım var. Bəri başdan deyim ki, məqsədim Fəxrəddin müəllimi tənqid etmək deyil, onun fikirlərində mənə qəribə görünən cəhətləri aydınlaşdırmaq, eyni zamanda, son vaxtlar aktual olan yeni orfoqrafiya lüğəti mövzusunda düşündüklərimi ifadə etməkdir.

Belə başa düşürəm ki, F.Veysəllinin almanlara qarşı xüsusi sevgisi var.

Əlifbada dəyişiklik etmək zərurətindən danışanda Fəxrəddin müəllim deyirdi ki, bizim “ç” hərfini almanların “tsch” qrafem birləşməsi kimi yazsaq, yazıdakı çətinliyimiz aradan qalxar. Düzdür, başqa dillərin əlifbasından istifadə etməyimizə də pis baxmırdı, amma alman əlifbasına üstünlük verdiyi şübhəsiz idi.

Yeni orfoqrafiya lüğətindən danışanda Fəxrəddin müəllim yenə də Almaniyanın təcrübəsindən geniş nümunələr gətirir - Almaniyada orfoqrafiya lüğətlərinin 2 ildən bir dəyişdirildiyini, onlarda müxtəlif universal lüğətlərin olduğunu, hətta digər almandilli ölkələrdə də yeni, müştərək orfoqrafiya qaydalarının tətbiq olunduğunu söyləyir. F.Veysəllinin almanlara sevgisi o qədər böyükdür ki, tabeliyində olan əməkdaşlara da sirayət edir. Elə həmin institutun Lüğətçilik şöbəsinin müdiri İsmayıl Məmmədov bu sevgiyə hörmət əlaməti olaraq bildirir ki, lüğətimizi bir neçə “yeni” alman sözü ilə “şərəfləndirməyimiz” məsləhətdi. Məsələn, “oberştrumfürer”, “oberştrumbanfürer” və s. “Məsləhətdi” dedim, əslində bu fikir artıq həyata keçib, yəni yeni orfoqrafiya lüğəti çapa verilib. Bizə də intizarla gözləmək qalır, görək, F.Veysəllinin böyük alman sevgisi həmin lüğətdə özünü hansı “masştabda” göstərəcək...

Bu qəribə sevgi haqqında düşünəndə yadıma köhnə türk filmləri düşür – o filmlərin əksəriyyətində kasıb qəhrəmanın pul qazanmaq üçün üz tutduğu ölkə mütləq Almaniya olurdu (O vaxt Almaniya dəbdə idi, indi zəmanə dəyişib, türk seriallarının qəhrəmanları artıq ABŞ-da təhsil alır, imkanlı ailələr öz xəstələri üçün həkimi Amerikadan dəvət edir, ancaq bu həkim mütləq həmin ölkənin tanınmış türk mütəxəssisi olur).

Nə isə... Əsas məsələ bu deyil.

Məlumdur ki, müasir dövrdə hər dilə orta hesabla ildə 3.000 yeni söz daxil olur. Nəticədə, yeni sözləri lüğətə daxil etmək zərurəti yaranır. “Azərbaycan Respublikasında dövlət dili haqqında Azərbaycan Respublikasının Qanunu” da (2 yanvar 2003) orfoqrafiya lüğətinin 5 ildə bir dəfədən az olmayaraq yenidən nəşr edilməsini tələb edir. Amma lüğət kitabının 5 ildən bir dəyişdirilməsi, lüğətdəki sözlərin yazılışının da 5 ildən bir dəyişdirilməsi demək deyil.

F.Veysəlli 2004-cü ilə qədər nəşr olunan lüğətlər arasında 1960-cı il lüğətini ciddi qəbul edir, qalanlarını “xırda” lüğətlər adlandırır. Maraqlananlar üçün qeyd edim ki, ilk orfoqrafiya lüğəti 1929-cu ildə Vəli Xuluflu tərəfindən tərtib olunub (ilk orfoqrafiya qaydalarını da 1925-ci ildə V.Xuluflu nəşr etdirib). 1939-cu ildə yeni əlifbaya keçilməsi ilə əlaqədar olaraq orfoqrafiya qaydaları da dəyişdirilib və 1940-cı ildə 21.000 sözdən ibarət yeni orfoqrafiya lüğəti nəşr olunub. 1960-cı ildə 40.000, 1975-ci ildə 58.000, 2004-cü ildə isə 80.000 sözdən ibarət lüğətlər tərtib olunub. Hətta 21.000 sözlük lüğəti də 1940-cı il üçün xırda hesab etmək olmaz.

Orfoqrafiya lüğətinin yenilənməsinin vacibliyini qeyd etdim, amma onu yeni səhvlərlə “zənginləşdirməkdənsə”, əvvəlcə köhnə səhvləri düzəltmək yaxşı olardı. Əlbəttə, yeni lüğət kitabı əlimizdə olmadığından səhvlər barədə danışmaq tezdir. Amma lüğətə cavabdeh olanların fikirləri indidən mübahisələr yaradır.

Son orfoqrafiya lüğətində gördüyüm bəzi qüsurları dilin saflığı mövzusunda olan birinci yazımda (“Olaylar, Mirzə Cəlil və Tükəzban xala”, https://www.azxeber.com/news/12717.htm) qeyd etmişdim. Əsasən, lüğətə çoxlu türk sözlərinin daxil edilməsindən danışmışdım.

Yeni lüğətlə bağlı müzakirələrdə “kimlik”, “toparlamaq”, “ortam” və s. sözlərdən danışılır. “Şəxsiyyət vəsiqəsi” birləşməsi danışıq dilində ağırlıq yaratdığı üçün “kimlik” sözünün lüğətə daxil edilməsini normal saymaq olar, amma o söz artıq 2004-cü il lüğətində var (səh. 337; yəqin dilçilərimizin gözündən “qaçıb”), həm də türk dilinin özündə bizim “öyrəşdiyimiz” “pasport” (pasaport) sözü də paralel olaraq işlənir. Yeni lüğətdə türk sözlərinə geniş yer verilməsini əsaslandımaq üçün F.Veysəllinin göstərdiyi nümunə isə uğursuzdur - mühit; şərait, vəziyyət mənasını verən “ortam” sözünü “ortaq məxrəc” birləşməsi ilə qarşılaşdırıb “bu sözü biz də işlədirik, maliyyə, vergi sahəsində, ortam(!) rəqəm kimi” deyir (Azadlıq Radiosu, canlı veriliş). Fəxrəddin müəllimi məyus edəcəyəm, ancaq “ortam” sözü də 2004-cü il lüğətində var (səh. 497).

Əslində, dilçilərimizin “gözündən qaçan” mətləblər çoxdur. Məsələn: “morfema” sözü “morfem” kimi yazılacaq deyilir, halbuki 2004-cü il lüğətində də “morfem”dir; tərkibində “eks”, “vitse”, “ober”, “super”... olan sözlər defislə yazılacaq deyilir, halbuki onların əksəriyyəti elə əvvəldən defislə yazılır (eks-spiker, eks-prezident, eks-çempion, vitse-prezident, vitse-konsul, vitse-admiral...), lüğətin “Orfoqrafiya qaydaları” bölməsində bu qayda ayrıca olaraq qeyd olunub, oradakı nümunələrdə yeni lüğətə daxil ediləndaha 2 söz – “super-market”, “ober-leytenant” sözləri də var (səh. 9; nədənsə, bu sözlər nümunə kimi verilsə də, lüğətin özündə yoxdur);“cism” sözü “cisim” kimi yazılacaq deyilir, “cismən”, “cismani” kimi düzəltmə sözlərin “aqibəti” (cisimən? cisimani?), sözdəyişdirici şəkilçilərin artırılması nəzərə alınmır...

Türk sözlərini isə lüğətə o halda daxil etmək olar ki, dilimizdə qarşılığı ya yoxdur, ya da dildə ağırlıq yaradan ərəb, fars sözləridir. Məsələn, dilimizdə “soyad” sözünün qarşılığı yoxdur (məhdud halda “soy” sözü işlənir, məsələn, bayatıda: “Şahmar da soy ilandır”), bu sözü “familiya” sözü ilə yanaşı işlədirik, lüğətə salınması da normaldır. Amma dilimizdə qədim, möhkəmlənmiş, söz yaradıcılığında aktiv olan “tap” feli olduğu halda “bul” (bulmaq); “isti”, “istilik” sözləri olduğu halda “sıcaq”, “sıcaqlıq”; “ötəri”, “keçici” sözləri olduğu halda “keçərgi”, “kənd”, “kəndli” sözləri olduğu halda “köy”, “köylü” sözləri... lüğətə hansı məntiqlə daxil edilib? Yaxud dildə ağırlıq yaratmayan “əlaqə” sözünü “ilişgi”, “hadisə” sözünü “olay”, “ifrat” sözünü “aşırı”, “günah” sözünü “suç”sözləri ilə əvəzləmək vacibdirmi? “Çaş” (çaşmaq) feli türklərdə “şaş” (şaşmaq) kimi işlənir, eyni mənanı ifadə edən feldir, bu felin özünü, üstəlik 11 müxtəlif qrammatik şəklini (şaşdırma, şaşdırmaq, şaşırma, şaşırmaq, şaşma, şaşqın...) lüğətə daxil etmək hansı ehtiyacdan irəli gəlir?

Türk sözləri haqqında söhbəti təzələmək istəməzdim, amma keçən yazımla bağlı türk qardaşlarımın reaksiyası məqsədimin yanlış anlaşıldığını göstərdi. Hər dildə, eləcə də Türkiyə türkcəsində, çoxlu alınma söz var. Hər bir millət siyasi, iqtisadi, qonşuluq əlaqələrinin daha çox olduğu millətlərdən nə isə götürüb özününküləşdirir – sözlər, yemək növləri, geyim tərzi, memarlıq üslubu... Türklərin də başqa xalqlardan mənimsədikləri çox şeylər var... Azərbaycan türkləri tarixən farslar və ruslarla eyni bir dövlətin tərkibində olublar. Dilimizdə fars, rus və rus dili vasitəsi ilə keçən sözlərin çoxluğu bununla bağlıdır, həmin sözləri bir zərbə ilə kəsib atmaq mümkün deyil, çünki əsrlərlə formalaşan dili az zaman içində dəyişdirmək yalnız çaşqınlıq və qarışıqlıq yarada bilər.

Digər əcnəbi dillərdən alınma sözlərlə bağlı isə bu fikirdəyəm ki, mənbə dili əsas götürülməlidir. Məsələn, bəzi tanınmış insanlar “kompyuter” əvəzinə “bilgisayar” sözünü işlədir, sadə adamlar da onları təqlid edir. Kompyuteri biz kəşf etməmişik – dünyaya gələn “körpəyə” doğulduğu zaman hansı ad verilibsə, biz də o adla çağırmalıyıq. Üstəlik, kompyuter və internetlə əlaqəli olan çoxlu yeni söz və terminləri qəbul etdiyimiz halda, bir sözü fərqli işlətməyimizdə heç bir məntiq və üstünlük yoxdur.

Yeni lüğətdə bu sözün “kompüter” şəklində yazılacağı deyilir. Bu barədə dilçilərin fikirləri dərc olunub, düşünürəm ki, bu qəbildən olan sözlər ümumi qaydaya uyğun yazılmalı, ən əsası, hər yeni lüğətdə dəyişdirilməməlidir. Bu söz əvvəllər “kompüter” kimi yazılıb, 2004-cü il lüğətinə “kompyuter” kimi salınıb, indi yenidən “kompüter”ə qayıdırıq, lap “ə” hərfi kimi – latın qrafikasına keçəndə iki nöqtəli “a” qəbul olunmuşdu, sonra kirildə istifadə etdiyimiz “ə” işarəsinə qayıtdıq, indi Fəxrəddin müəllim yenə “a” işarəsinin üstünə nöqtələr düzməyi təklif edir...

Qeyd edim ki, 2004-cü il lüğətinin söz tutumu 80.000 vahid kimi göstərilsə də, həmin ədədi dilin leksik tərkibinə aid etmək olmaz. Əvvəla, lüğətdəki sözlərin sayı 76.000-dən çox deyil (səh. 19-dan 722-dək, kiçik istisnalarla hər səhifədə 108 söz). İkincisi, həmin sözlərin əksəriyyətini dilimizdə işlək olan vahidlər təşkil etsə də, orada dilimizdə ya heç olmayan, ya da işlək olmayan sözlər də çoxdur – onları çıxsaq, söz sayı bir neçə faiz azalacaq.

2004-cü il lüğətində lazımsız hesab etdiyim söz qruplarından bir neçəsini sadalamaq istəyirəm, çünki həmin sözlərin də dilçilərimizin gözündən “qaçıb gizlənməsi” ehtimalı böyükdür.

1.Nə ədəbi, nə danışıq dili üçün əhəmiyyəti qalan, çoxlu sayda köhnəlmiş, arxaik sözlər, yaxud işlək olmayan ərəb-fars sözləri – qorodovoy, külahduz, pişxidmətbaşı, əllaf, ələmnak, xunfəşan, xuşgəbarfüruş, xudkam, yəsavər, zövceyn, zihəyat, ziqiymət, həzinavər, peyrəvi, baxüsus, vəhşaniyyət, şüəra, yekahəng, nəməkbəharam və s.

2.Heç işlənməyən, ya da dar çərçivədə işlənən, ədəbi və danışıq dili üçün zərurət təşkil etməyən sözlər – ağılmaq, ağmaq, açırım, aynıtma, baxya, vağanıma, vəlim, vəngildəmə, vizir, vizirləmə, vicə, vicələndirmə, vüqu, mıxıt, mırça, mıçırlanma, mırtanmaq, mulçalama, yağırlı, zomlama, şoqqu, şoqqumaq, pəndəmləşmə, öləng, pötpötü... Lüğətdə bu qəbildən olan o qədər çox söz var ki, elə bil, harda nə eşidiblərsə, ağına-bozuna baxmadan kitaba daxil ediblər, üstəlik o sözlərin müxtəlif variant və şəkillərini də “yaradıblar”. Kifayət qədər söz ehtiyatım olsa da, bu sözlərin heç biri mənə tanış deyil, onların haradan tapıldığını da başa düşə bilmirəm. Maraqlıdır ki, bəzi sözlərin qarşısında izah verildiyi halda (sevda – sevgi, eşq; öldürgən – bitki; xaylandur – tayfa; tana – sırğa; döycə - peyvənd) yüzlərlə anlaşılmaz sözün izahı verilməyib. Belə çıxır ki, o sözlərin mənası lüğəti hazırlayan dilçilər üçün də aydın olmayıb.

3. Eyni sözün və ondan düzəldilən sözlərin ədəbi dil nümunəsi olduğu halda, dialektdəki variantları da lüğətə salınıb. Bir misalla izah edim: “vahimə”sözünün özü və “törəmələri”, üstəgəl onun el dilindəki “vəhmə” variantı və onun “törəmələri”- vəhmələndirmə, vəhmələndirmək... Orfoqrafiya lüğəti düzgün yazı qaydalarına əsaslanırsa, lüğətə dialekt variantlarının salınmasını necə başa düşək? Belə çıxır ki, kim hansı sözü necə tələffüz edirsə, o şəkildə də yaza bilər? O halda orfoqrafiya lüğətlərinə nə ehtiyac var?

4. Şərti olaraq, “törəmələr” adlandırdığım sözlər – bunlar eyni sözün müxtəlif qrammatik variant və şəkilləridir. Məsələn, “Lüğətin quruluşu” bölməsində də qeyd edildiyi kimi, fellərin (yeni lüğətdə “feil” kimi yazılacaq) məlum, məchul, qayıdış, qarşılıq, icbar növləri, əlavə olaraq hər növün ayrıca məsdər şəkli verilib. Buna ehtiyac varmı? Axı sözdəyişdirici şəkilçilər yeni söz yaratmır. Məqsəd orfoqrafiya qaydalarını nəzərə çatdırmaqdırsa, bu qaydalar girişdə, ümumi şəkildə verilir. İnsan nə qədər savadsız olmalıdır ki, sözdəyişdirici şəkilçilərin sözə artırılmasını da, ibtidai sinif şagirdi kimi, höccələyə-höccələyə lüğətdən köçürtsün. Şəkilçi qəbul edən zaman sözün kökü dəyişirsə, bunu 1-2 nümunə ilə də vermək olar... Eyni məntiqlə, hər felin zamana görə dəyişməsini, yaxud hər ismin ayrılıqda bütün hallarını lüğətə daxil etmək olardı...

5.Lüğətdəki qəribə hallardan biri: bəzi düzəltmə olan, yaxud düzəltmə kimi görünən sözlərin “kökünü” “yaradıblar” və lüğətə ayrıca daxil ediblər. Məsələn, vığ(ıltı), vıj(ıldama), vıq(qıldama), vəsi(qə), vəsm(ə), yam(ac), yeng(ə), kab(ab), kən(af), kəmə(nd), müxtəs(ər), tey(f), zib(a)... Bəlkə düşünüblər ki, məsələn, “ziba” (gözəl) sözü ilə “zibil” sözü eyni kökdən yarana bilər, bu səbəbdən “zib” “sözünü” də müstəqil hesab etmək olar?.. Ayrılıqda heç bir məna ifadə etməyən səs, yaxud hərf birləşməsi, eləcə də, səs təqlidini ifadə edən sözlərin mənasız hissəsi (vıj, ciy, civ, fış, tıq, taq...) söz kökü sayılmamalıdır.

6,7,8... Çoxlu sayda türk sözləri; nisbətən az sayda rus sözləri (obıvatel, otbivnoy, baqaj, pirojki, polyus, professura, nasos-forsunka...); mənşəyini və mənasını bilmədiyim, tanış olmayan alınma sözlər; terminlərin saysız-hesabsız “törəmələri” (“terminlər” deyil) və s.

Qeyd edim ki, oxucunu yormamaq xatirinə, 2004-cü il lüğətində gördüyüm qüsurların yalnız bir qismindən danışdım.

80.000 sözdən ibarət lüğətdə bu qədər artıq söz varsa, yeni, 100.000 vahiddən hazırlanan lüğətdə də dilin leksik tutumunu süni şəkildə artıran çoxlu “əlavələr”in olacağı şəksizdir.

Bəzi yeni əlavələrin “fürer” sözünün “törəmələri” olduğunu artıq bilirik. Bu qəbildən olan sözlərin lüğətə daxil edilməsi yox, daxil edilənlərin çıxarılması vacib idi. Həmin sözlər keçmiş dövrü əks etdirən ədəbi əsərlər üçün nəzərdə tutulursa, bu məqsəd üçün ayrıca lüğət tərtib etmək və “tarixi missiyasını başa vurmuş” sözləri ora toplamaq, qarşısında izahını vermək olar. Belə lüğət nümunələri var, məsələn: “Azərbaycan klassik ədəbiyyatında işlədilən ərəb və fars sözləri lüğəti”.

F.Veysəllinin alternativ lüğətlərin mümkünlüyü barədəki fikri də uğurlu deyil: “Hər institut lüğət tərtib edə bilər. Burada pis bir şey yoxdur, əksinə, müqayisə imkanı yaranır.” Və yenə də Almaniya təcrübəsi önə çəkilir. Vahid lüğət mövcud olduğu halda bəzi sözlər bir neçə variantda yazılır, alternativ lüğətlər olarsa, hansına etibar edəcəyimizi necə müəyyənləşdirəcəyik? Belə hal qarışıqlıq yaratmazmı? Bunu başqa şəkildə etmək olar, məsələn, alternativ lüğətlər hazırlamaq, həmin lüğətləri müzakirəyə vermək və dilçilərin ümumi rəyinə əsasən, düzgün hesab edilən variantlardan vahid lüğət tərtib etmək...

...Mən bu yazıda hörmətli F.Veysəllinin bəzi fikirlərinə iradımı bildirdim. Əslində, dediklərim tək Fəxrəddin müəllimə deyil, Dilçilik İnstitutunun direktor əvəzi kimi, onun simasında, dilimizin keyfiyyətinə cavabdeh olan bütün insanlara aiddir.

Lüğətçilik şöbəsinin müdiri İsmayıl Məmmədov yeni lüğətdə əvvəlki qüsurların aradan qaldırıldığını söyləyir.

Bilmirəm, sadaladıqlarımdan sonra buna ümid etmək olarmı?.. Hər halda İ.Məmmədov 2004-cü il lüğətinin hazırlanmasında iştirak edən dilçi alimlərdən biridir, bu sahədə təcrübəsi var, dediklərinin həqiqət olduğuna və yeni lüğətdə qüsurların minimuma endirildiyinə inanmaq istərdim.

OXŞAR XƏBƏRLƏR