Son dövrlərdə təhsil müəssisələrində təhlükəsizlik məsələlərinin aktuallığı artdığı bir vaxtda sosial şəbəkələrdə Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə bağlı yayılan məlumatlar diqqət çəkib. Paylaşılan iddialara görə, universitetə giriş zamanı tələbələrin təhlükəsizlik yoxlamasından keçirilməsi və digər təhlükəsizlik prosedurlarına lazımi səviyyədə riayət olunmur.
Azərbaycan Dövlət Aqrar Universitetin (ADAU) mətbuat xidmətinin rəhbəri Elcan Məmmədov AZXEBER.COM-a bildirib ki, yayılan iddialar heç bir reallığı əks etdirmir:
"Yayılan iddialar heç bir reallığı əks etdirmir. Bu cür məlumatlar universitetin ictimai nüfuzuna xələl gətirmək məqsədi daşıyır. Universitetimizin bütün tədris korpuslarında, o cümlədən inzibati binasında tələbələr giriş zamanı mühafizə xidmətinin əməkdaşlarına tələbə biletlərini təqdim etməklə binaya daxil olurlar. Digər şəxslərin universitetə girişi isə mühafizə xidməti tərəfindən nəzarətə götürülür. Həmin şəxslər mühafizə məntəqəsinə dəvət olunur və hansı əməkdaşın yanına gəldikləri dəqiqləşdirilir”.
O bildirib ki, texniki vasitələrlə təminatın gücləndirilməsi məqsədilə prioritetdə nəzərdə tutulan layihələr mövcuddur:
"Texniki vasitələrlə təminatın gücləndirilməsi məqsədilə prioritetdə nəzərdə tutulan layihələr mövcuddur. Universitetin ən yüksək səviyyədə mühafizə olunan strateji obyektləri tələbə yataqxanalarıdır. Yataqxana komplekslərinin hər biri kamera sistemi ilə təchiz olunub. Baş verən bütün hadisələr daim nəzarətdə saxlanılır”.
E.Məmmədov söyləyib ki, tələbənin valideyni belə icazəsiz yataqxanaya daxil ola bilməz:
"Mövcud qaydalara əsasən, tələbənin valideyni belə rəhbərliyin icazəsi olmadan yataqxana ərazisinə buraxılmır. Hətta universitetin əməkdaşları da özlərini təqdim etmədən və zəruri məlumatları bildirmədən yataqxanaya daxil ola bilməzlər”.
Şahanə Ziyad










































