Azərbaycan 'Eurovision'a nə qədər pul ayırıb? - RƏSMİ AÇIQLAMA
MƏDƏNİYYƏT
18:20 21.05.2012
3713
“Azərbaycan dövlət büdcəsindən “Eurovision-2012” Mahnı Müsabiqəsinin keçirilməsi üçün 2012-ci ilin fevralında 50 milyon manat məbləğində vəsait ayrılıb və bu vəsaitin hamısı «Eurovision» Mahnı Müsabiqəsinin İşçi Qrupuna çatdırılıb”. Bunu maliyyə naziri Samir Şərifov mətbuata açıqlamasında bildirib. ”Eurovision-2012” Mahnı Müsabiqəsinə çəkilən xərclərdən danışan nazir bildirib ki, Avropa Yayımlar Birliyinə 8 milyon İsveçrə frankı ayrılıb. Bu pulun geri qayıdacağı gözlənilir. Samir Şərifov qeyd edib ki, «Eurovision» Mahnı Müsabiqəsinin İşçi Qrupuna sponsorlardan da daxilolmalar var və bütün bunlar ümumilikdə müsabiqənin büdcəsini təşkil edir: “Ən çox vəsait televiziya şousunun hazırlanmasına sərf olunur. Həm şounun hazırlanması, həm də şounun hazırlanması üçün müvafiq avadanlıqların gətirilməsinə, nəqliyyat xərclərinə ümumilikdə 40 milyon manat vəsait sərf olunub. İnanırıq ki, ayın 26-da o vəsait özünü doğruldacaq”. Büdcəyə həmçinin İşçi Qrupun dəniz kənarında kirayələdiyi bina, nümayəndə heyətləri üçün avtobuslar ayrılması, işçilərin maaşları və s. daxildir. S.Şərifov bildirib ki, İşçi Qrupu əlavə pul istəsə də, nazirlik onlara sponsorlardan vəsait almağı, reklam hesabına pul tapmağı məsləhət görüb.