Azərbaycan Gimnastika Federasiyası (AGF) 2017-ci ildə bir çox beynəlxalq yarışlara uğurla təşkilatçılıq edib və idmançılarımız bir çox yarışlarda yüksək nəticələr qazanıblar.
Federasiyanın prezidenti Mehriban Əliyevanın xüsusi diqqət və qayğısı ilə bu sahədə əldə olunan inkişaf sayəsində artıq idmançılarımızla yanaşı, mütəxəssislərimiz də dünyanın diqqətini cəlb edirlər.
Belə ki, 2017-ci ilin dekabr ayının 2-də Xorvatiyanın Split şəhərində Avropa Gimnastika İttifaqının (UEG) 27-ci konqresi çərçivəsində keçirilən prezident seçkilərində AGF-nin baş katibi Fərid Qayıbov qurumun prezidenti seçilib. O, 28 səs toplamaqla bu vəzifəyə digər namizəd, 20 səs toplamış sloveniyalı rəqibi Edvard Koları geridə qoyub. Yeni vəzifə ilə əlaqədar olaraq, AGF və UEG arasında maraqların toqquşmaması üçün F.Qayıbov AGF-nin İcraiyyə Komitəsinə Baş katib vəzifəsindən azad olunması ilə bağlı müraciət edib.
Federasiyanın İcraiyyə Komitəsinin 30-cu iclasında onun ərizəsi qəbul edilərək, təsdiq olunub. Yeni baş katib vəzifəsinə isə 2007-2009-cu illərdə AGF-nin Baş katibinin köməkçisi, 2009-cu ildən isə müavini vəzifəsində çalışmış Nurlana Məmmədzadə seçilib.
2018-ci ildə AGF tərəfindən təşkil ediləcək yarışlar, tədbirlər və hazırlıqlar haqqında yeni baş katiblə söhbətləşdik.
SİA-ya açıqlama verən N.Məmmədzadə bu il də AGF-nin dünyanın ən mötəbər gimnastika yarışlarını təşkil edəcəyini vurğulayıb: "Federasiyamız 2018-ci ilə məşqçilər üçün təşkil etdiyimiz beynəlxalq kurslarla başlayıb. Hazırda davam edən bədii gimnastika üzrə beynəlxalq kurslar Beynəlxalq Gimnastika Federasiyasının Akademiyasının ekspertləri tərəfindən aparılır. Bu kurslarda yerli məşqçilərlə yanaşı Bolqarıstan, Ukrayna və Rusiya məşqçiləri də iştirak edirlər.
Yanvarın 16-dan 24-nə qədər isə, kişi idman gimnastikası üzrə beynəlxalq kurslar təşkil ediləcək. Bu kurslarda da həm yerli, həm də xarici məşqçilər iştirak edəcəklər.
Martın 15-18-də Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə Dünya Kuboku keçiriləcək. Artıq Bakıda üçüncü dəfədir ki, bu yarışlar təşkil ediləcək. İlk dəfə paytaxtımızda sözügedən yarışlar 2016-cı ildə, sonra isə 2017-ci ildə keçirilib.
Aprelin 12-15-də batut, ikili mini-batut və tamblinq üzrə ilk dəfə Bakıda Avropa çempionatı təşkil ediləcək. Bu yarışlar həm növbəti Avropa Oyunlarına, həm də gənclərin Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyır.
Aprelin 23-24-də Milli Gimnastika Arenasında gənclər arasında beynəlxalq turnir olacaq.
Aprelin 27-29-da isə ölkəmiz bədii gimnastika üzrə Dünya Kubokuna ev sahibliyi edəcək.
İyunun 23-də Bakıda kişi və qadın idman gimnastikası üzrə gənclərin Olimpiya Oyunlarına Avropa üzrə təsnifat xarakterli yarış keçiriləcək”.
O qeyd edib ki, 2018-ci ilin dekabr ayının 2-3-də ilk dəfə olaraq Bakıda Beynəlxalq Gimnastika Federasiyasının rəhbər orqanı olan Konqresinin iclasları təşkil ediləcək. Baş katib deyib ki, bununla yanaşı, idmançılarımız bu il də 6 gimnastika növü üzrə müxtəlif beynəlxalq yarışlarda, növdən asılı olaraq Avropa və dünya çempionatlarında işirak edəcəklər.
N.Məmmədzadə bütün sözügedən yarış və tədbirləri keçirmək üçün peşəkar və təcrübəli Təşkilat Komitəsinin fəaliyyət göstərdiyini bildirib: "2002-ci ildə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib. Həmin ildən AGF yenidən qurulub və inkişaf başlayıb. 2003-cü ildə biz artıq Dünya Kubokları keçirməyə başlamışıq. 2004 və 2005-ci illərdə də bu yarışlar Bakıda təşkil edilib. 2005-ci ildə Milli Gimnastika Arenasında bədii gimnastika üzrə dünya çempionatı keçirilib. 2007, 2009 və 2014-cü illərdə Bakıda Avropa çempionatları təşkil edilib. Biz 2018-ci ildə artıq ardıcıl 3-cü dəfə gimnastikanın 3 olimpiya növü üzrə Dünya Kuboku təşkil edəcəyik. Yerli Təşkilat Komitəmiz illərdir fəaliyyət göstərir.
Burada gənc mütəxəssislər müxtəlif istiqamətlər üzrə çalışırlar. Azərbaycan Gimnastika Federasiyasının təşkilatçılıqda böyük təcrübəsi var. Milli Gimnastika Arenasında isə beynəlxalq yarışların keçirilməsi üçün hər cür şərait mövcuddur. Bu da bizə imkan verir ki, il ərzində nə qədər çox olsa da, bütün yarışları yüksək səviyyədə, uğurla təşkil edək. Milli Gimnastika Arenası dünyada yalnız sırf gimnastika növlərinin ixtisaslaşdırıldığı nadir idman qurğularından biridir. Arena 2014-cü ildən istifadəyə verilib. Hər il dünyanın müxtəlif ölkələrindən gimnastlar yığmalarımızla birlikdə məşq etmək üçün ölkəmizə gəlir. Ötən il də bir çox ölkələrdən yığma komandalar burada təlim-məşq toplanışlarında iştirak ediblər.
2018-ci ildə də xarici yığma komandalar Milli Gimnastika Arenasında hazırlıq keçəcəklər. Onu da qeyd edim ki, həmişə Dünya Kubokundan öncə bir çox ölkələrdən gimnastlar Bakıya təlim-məşq toplanışlarına gəlirlər”.