Xəbər verdiyimiz kimi, Rusiya prezidenti Vladimir Putin avqustun 13-də Azərbaycana işgüzar səfər edəcək. Əldə edilən məlumatlara görə, Putinin prezident İlham Əliyevlə görüşünün yekunları əsasında enerji və nəqliyyat sahələri də daxil olmaqla, 5-6 ikitərəfli rəsmi sənədin imzalanması gözlənilir.
Görüş zamanı "Qəbələ RLS" məsələsinin müzakirə olunacağı gözlənilmir.
AZXEBER.COM Putinin Azərbaycana səfəri ilə bağlı Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadənin münasibətini öyrənib. Partiya sədri bu görüşün hər iki ölkə arasında olan münasibətlərin müzakirə edilməsi üçün əvəzsiz rol oynayacağını söyləyib:
“Azərbaycan hər zaman Rusiya ilə normal qonşuluq siyasəti həyata keçirməyə çalışıb. Bu əməkdaşlıq iqtisadi münasibətlərdən tutmuş, enerji təhlükəsizliyinə qədər çoxşaxəli inkişaf edib. Hazırda Azərbaycan müstəqil bir dövlət kimi Rusiya ilə münasibətlərini masa arxasında müzakirə edəcək. Qaldı ki, “Qəbələ RLS” məsələsinə. Düşünürəm ki, yaxın tarixdəbu problem həllini tapacaq”.
Asim Mollazadənin sözlərinə görə, Putinin səfəri Qarabağ probleminin həlli ilə bağlı hansısa bir müsbət addıma hesablanmayıb:
“Çox təəssüflər olsun ki, bu problemin hələ də həll olunmaması Rusiyanın müəyyən dairələrində olan şəxslərin çox böyük səyi nəticəsində baş verir”.
Əfsələddin Ağalarov