Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt Font de Mora və Cozef Debono Qrex mayın 20-də Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin üzvləri ilə görüşmüşlər.
AZXEBER.COM AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov görüşdə demişdir ki, bu gün Azərbaycan ilə Avropa Şurası arasında birgə fəaliyyət planı imzalanmışdır.
O, yeni imzalanmış sənədin əhəmiyyətinə toxunaraq bildirmişdir ki, 13 il bundan əvvəl Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərdən fərqli olaraq bu sənəd artıq Azərbaycandakı dəyərləri Avropaya göstərmək və birgə inkişaf etdirmək məqsədini daşıyır. Bu iki sənəd fərqli olsa da bir-birinin məntiqi davamı və yüksək əməkdaşlığımızın göstəricisidir.S.Seyidov vurğulamışdır ki, bu sənəd hər iki tərəfin tərəqqisinə xidmət edəcəkdir.Görüşdə Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin icra vəziyyəti və əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur.