"Həsən Ruhani BMT-nin sərhədlərin dəyişdirilməməsi prinsipindən çıxış edib. Yəni yeni bir söz deməyib, yaxud Azərbaycanı dəstəkləyən bəyanat verməyib”.
Bu sözləri İran prezidenti Həsən Ruhaninin Bakıda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirirəkən tanınmış politoloq Sədrəddin Soltan deyib.
O vurğulayıb ki, Ruhaninin sözlərinin Azərbaycana dəstək kimi qəbul olunması yanlışdır:
"Hətta Ermənistan belə Azərbaycanı indiki sərhədləri daxilində müstəqil dövlət olaraq tanıyıb. Azərbaycanın ərazi bütövlüyü, bölgənin siyasi coğrafiyasının dəyişdirilməməsi həm də İranın maraqları daxilindədir. İran üçün Ermənistanın elə böyük iqtisadi əhəmiyyəti yoxdur. Başqa sözlə Ermənistan İran üçün çox balaca bazardır. Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan İrana bölgədə təzyiq vasitəsi kimi lazımdır.
Azərbaycan isə İran üçün iqtisadi, siyasi, mədəni, milli, dini, tarixi və sosial baxımdan əvəzedilməz qonşu dövlətdir. Azərbaycanın quru yolla Rusiyadan keçməklə Avropaya çıxşı var”.
Analitik bəyan edib ki, İran tərəfi Azərbaycanın coğrafi vəziyyətindən Avropaya çıxmaq üçün alternativ yol kimi yararlana bilər: "Azərbaycandan keçən beynəlxalq neft, təbii qaz və nəqliyyat layihələrdən İranın da istifadə etməsi mümkündür. Odur ki, Tehranın rəsmi Bakı ilə münasibətləri yaxşılaşdırması heç də minnətli əməkdaşlıq deyil.
Azərbaycanın dövlət başçısı ilə İranın hökumət başçısının görüşləri iki ölkə arasında mövcud problemlərin birbaşa çözülməsinə yardım edir. Astara-Astara dəmiryolu xəttinin tikintisinin başa çatdırılması bunu təsdiqləyir. Çünki həmin layihə 10 ildən çox idi Azərbaycandan asılı olmayan səbəblərdən gerçəkləşmirdi”.