Azərbaycan kinoteatrlarına Özbəkistan istehsalı yeni super-komediya gəlir

Azərbaycan kinoteatrlarına Özbəkistan istehsalı yeni super-komediya gəlir
MƏDƏNİYYƏT
17:47 28.02.2025
192

Aprelin 11-dən qardaş Özbəkistan istehsalı olan "Çimildik” super-komediyasının Azərbaycanın kinoteatrlarında nümayişinə başlanılacaq.

AZXEBER.COM xəbər verir ki, super-komediyanı uzun müddət Azərbaycan televiziya məkanında populyar olan Özbəkistan istehsalı olan "Namus” serialının müəllifləri lentə alıb.

Komediyada sevib evlənən Tohir və Zuxranın həyatından bəhs edilir. Bu gənc cütlük bir-birini çox sevsə də, kiçik ailə fikir ayrılıqları üzündən boşanmaq qərarına gəlirlər. Boşanma ilə bağlı məhkəmə qərarını aldıqdan sonra onlar özlərini rahat hiss edirlər və dərhal yeni, azad həyat üçün müxtəlif istiqamətlərə yola düşürlər. Lakin tale onlara gözlənilməz sürprizlər yaşadır. Onlar gecələr harda yuxuya getməsindən asılı olmayaraq, hər səhər incəsənət muzeyində quraşdırılmış çimildik – ilk toy gecəsini simvolizə edən ənənəvi toy çadırının içərisində oyanırlar.

Onlar arasında davamlı olaraq mübahisə gedir və bir-birlərindən mümkün qədər tez qurtulmağa çalışırlar. Lakin hər səhər yenə həmin çimildikdə bir araya gəlirlər. Bu vəziyyət hər gün təkrarlanır və onlar baş verənlərə görə bir-birini günahlandırmağa başlayırlar. Bu sirrə son qoymaq ümidi ilə hətta ekstrasensə müraciət edirlər.

Bu çimildikin arxasında hansı sirr gizlənir? Bu sualın cavabını film personajlarının insan münasibətləri, dəyərləri və sınaqlarından bəhs edən "Çimildik” filmində tapmaq olar.

Film Azərbaycan dilinə IRS dublyaj studiyası tərəfindən dublyaj edilib. Əsas rolları dublyaj aktyorları Yemin Nəsirli və Nəzakət Məmmədli səsləndirib və prosesdə onlarla tanınmış azərbaycanlı səs aktyoru və aktrisası da iştirak edib. Tərcümə, montaj və üslub Ülviyyə Heydərovaya məxsusdur. Filmin dublyaj rejissoru Rövşən Məmmədlidir.

Qeyd edək ki, "Çimildik” super-komediyasının premyerası aprelin 1-də Özbəkistan, Azərbaycan və Qazaxıstan kinoteatrlarında baş tutacaq.

OXŞAR XƏBƏRLƏR