"Laçın dəhlizində bizim sərhəd və gömrük postları qurulmalıdır".
Bu sözləri AZXEBER.COM-a Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı Şuşa-Xankəndi yolunda 4 gündür davam edən aksiyanı şərh edərkən deyib.
Millət vəkili qeyd edib ki, Laçın dəhlizi ilə Azərbaycan dövləti və əhalisi üçün təhlükə yarada bilən silah-sursatın gətirilməsi qadağan olunmalıdır:
"Artıq 4 gündür ki, QHT, media nümayəndələri və aktivistlər Şuşa-Xankəndi yolundadırlar. Vəziyyəti onlar bizdən yaxşı bilir və onların qəbul etdikləri qərar doğrudur. Fikrimcə aksiya iştirakçılarının yolu tamam bağlamaq niyyətləri yoxdur, sadəcə olaraq onlar azərbaycanlı ekspertlərin Qarabağ ərazisində olan mədənlərə buraxılmamasına etiraz edirlər. Məhz buna görə də Andrey Volkovla görüş tələb edirlər. Mətbuatdan əldə etdiyim məlumata görə müəyyən razılıq əldə olunub".
Sabir Rüstəmxanlı Laçın dəhlizində postların yaradılmasının vacibliyini də qeyd edib:
"Düşünürəm ki, bu aksiyadan sonra Azərbaycan ilk növbədə Laçın dəhlizində sərhəd buraxılış və gömrük postunu yaratmalıdır. Bura bizim ərazimizdir və biz ora erməni dinc əhalisinin gəlməsinə etiraz etmirik. Çünki həmin ərazilərdə ermənilərin qohumları yaşayır, onlar ora gedib-gəlirlər. Ancaq Laçən dəhlizi vasitəsilə həmin ərazilərə Azərbaycan dövləti və əhalisi üçün təhlükə yarada bilən silah-sursatın gətirilməsi qadağan olunmalıdır. Moskva sazişinə əsasən Qarabağdan silahlar da çıxarılmalıdır"
Günel Hüseynli