Mərakeş Krallığının Azərbaycandakı Səfiri Məhəmməd Adil Embarşın və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının Beynəlxalq Əlaqələr komisiyasının rəhbəri, gənc sahibkar Günel Məmmədhəsənovanın birgə təşkilatçılığı ilə Azərbaycan və Mərakeş iş adamları bir araya gəlib.
AZXEBER.COM xəbər verir ki, tədbirdə sahibkarlar, rəsmi şəxslər, beynəlxalq təşkilatların, səfirliklərin, ticarət palatalarının nümayəndələri iştirak edib.
Keçirilən bu ziyafətdə kənd təsərrüfatı və qida, nəqliyyat və logistika, iqtisadi islahatlar, ətraf mühit texnologiyaları kimi müxtəlif sahələrə dair müxtəlif fikirlər söylənilib.
Tədbirin açılışında iştirak edən Mərakeş Krallığının Azərbaycandakı Səfiri Cənab Məhəmməd Adil Embarş Azərbaycan – Mərakeş Krallığı arasındakı dostluq əlaqələrindən, eləcə də günbəgün inkişaf edən əməkdaşlıqdan söz açıb.
Səfir həmçinin onu da vurğulayıb ki, Mərakeş Krallığının xarici siyasətində Azərbaycan ilə əməkdaşlığın inkişaf etdirilməsi mühüm istiqamətlərdəndir və əlaqələr həm siyasi, həm də iqtisadi nöqteyi - nəzərindən bir çox sahələrdə inkişaf etdirilir.
Bundan başqa tədbirin gedişatı ərəfəsində son bir neçə il ərzində Mərakeş Krallığında yaradılan nəhəng ticari dəniz limanları, avtomobil zavodları və bu kimi digər sahələr haqqında qısametrajlı video – təqdimat qonaqlara nümayiş etdirilib
Eyni zamanda, tədbirdə çıxış edən AQSİA – nın rəhbəri Səkinə Babayeva Azərbaycanla Mərakeş Krallığı arasındakı əlaqələrdən məmnunluqla bəhs edib, Rəhbəri olduğu Assosiasiyanın fəaliyyəti haqqında tədbir iştirakçılarına geniş məlumaat verən Səkinə Xanım Mərakeş Krallığının uzunəsrli tarixi ənənələrə və zəngin kulinariyaya mənsubluğunu dəfələrlə vurğulayaraq gələcəkdə hər iki dövlət arasındakı əməkdaşlığın daha da gücləndirilməsinə ümidvar olduğunu bildirib.
Tədbirdə çıxış edənlər arasında AQSİA – nın Beynəlxalq Əlaqələr üzrə Komissiya Rəhbəri olan Sahibkar xanım Günel Məmmədhəsənova İqtisadi Tərəfdaşlığın qurulması baxımından Azərbaycanın etibarlı bir tərəfdaş olduğunu yekdilliklə vurğulayıb. Bildirib ki, yaxın gələcəkdə Azərbaycanın dəyərli istehsalçı xanimlari öz məhsulları ilə dunya bazarında rəqabət qabiliyyətli, keyfiyyət qabiliyyətli məhsulları ilə təbliğ olunacaq.
Daha sonra, tədbirin növbəti hissəsində Səfir tədbir iştirakçılarını qonaqların şərəfinə təşkil olunmuş Mərakeş təamlarından dadaraq zövq almağa dəvət edib.
Tədbirin sonunda Səfir və onun xanımı ilə xatirə şəkilləri çəkilərək bütün qonaqlara fəaliyyətlərində uğurlar arzulanıb.