Məzahir Əfəndiyev,
Azərbaycan Respublikası Milli Məclisinin deputatı
22
iyul tarixi Azərbaycan xalqı, ziyalıları, yazarları, qələm əhli və sözünü cəmiyyətə
düzgün çatdıra bilən ləyaqətli şəxslərə hörmət günü – 1991-ci ildə imzalanmış Sərəncama
əsasən ölkəmizdə Milli Mətbuat və Jurnalistika Günüdür.
Keçən
müddət ərzində dərin köklərə malik Azərbaycanın milli mətbuatı müxtəlif dövrləri
əhatə edən zəngin və şərəfli inkişaf yolu keçmişdir. Bu il Azərbaycanın milli
jurnalistikası yaranma tarixinin 149-cu ildönümünü qeyd edir. Həmin gün –
1875-ci il iyulun 22-də görkəmli
ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabinin ilk anadilli qəzeti "Əkinçi”nin nəşrə başlaması xalqımızın
milli oyanış və mədəni tərəqqi tarixinin ən önəmli hadisələrindən biri idi. "Əkinçi”nin 1877-ci ilin sentyabr ayınadək cəmi 56
sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, ictimai-siyasi
həyatının inkişafında əvəzsiz rolu olub.
Əkinçi
qəzetinin əsas missiyası Azərbaycan xalqını maarifləndirmək, yad təsirlərdən
qorumaq, xalqın, maraqlarının təmin olunmasında əsas məqamları əhatə etmək idi.
1875-ci ildən sonra çoxsaylı nəşrlərlə zənginləşən mətbuatımız milli özünüdərk
və müstəqillik məfkurəsinin formalaşmasında böyük xidmətlər göstərib.
Ölkəmizin
dövlətçilik, quruculuq tarixində hər zaman maarifçiliyə, görülən işlərə düzgün
qiymətin verilməsi, cəmiyyətin məlumatlandırılması fəaliyyətinə, ümumilikdə
jurnalistika anlayışına böyük töhfələr olub.
Keçən
dövr ərzində Azərbaycan mətbuatı çox böyük, rəngarəng tarix yaşayıb. Baxmayaraq
ki, milli mətbuatımız Azərbaycanın müxtəlif dönəmlərində siyasi konfiqurasiyaya
uyğun fəaliyyət həyata keçirib, öz məqsəd, məramından, maarifçilik
missiyasından bir addım belə yayınmamışdır.
Ulu
Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, "Milli mətbuatımızın inkişaf mərhələləri
Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir.”
Təsadüfi deyil ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra
bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də
özünü göstərdi. 1993-cü ildən başlayaraq Ulu Öndər Heydər Əliyevin rəhbərliyi
ilə həyata keçirilən media islahatları nəticəsində ölkədə senzura, söz və məlumat
azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılmışdır. Bununla
da, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası
yaradıldı, onun problemlərinin həlli, iqtisadi müstəqilliyinin gücləndirilməsi,
vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər
görüldü.
44
günlük İkinci Qarabağ-Vətən Müharibəsi zamanı Azərbaycan jurnalistlərinin döyüş
bölgəsində baş verən hadisələrin həm xalqımıza, həm də dünya ictimaiyyətinə
çatdırılması işində nümayiş etdirdikləri əzmkarlıq, Ali Baş Komandan, Böyük Sərkərdə,
Prezident İlham Əliyevin informasiya cəbhəsində əldə etdiyi Qələbədə onların
rolu ölkəmizin qarşıda duran yeni yanaşmalara daha yaxşı hazırlaşmasını ehtiva
edir.
Müasir
dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal
informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Bütün dünyada gedən qloballaşma
prosesi mətbuatdan da yan keçməyib.
Bu gün
də Azərbaycan mətbuatının qarşısında ölkəmizin davamlı inkişafının təmin
olunmasında çox mühüm vəzifə durur. Nəzərə alsaq ki, bu il ölkəmiz BMT-nin
İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu
sessiyası – COP29-a ev sahibliyi edəcək, bu mötəbər tədbirin istər təşkilati
işlərinin, hazırlıq prosesinin, istərsə də Azərbaycanın dördüncü sənaye
inqilabının baş verdiyi əsrdə özünün energetika siyasətini uğurla "yaşıl”
enerji, "yaşıl” iqtisadiyyat siyasətinə transformasiya etməsi işinin dünya
ictimaiyyətinə çatdırılmasında milli mətbuatmızın əməli rolu var.
Burada
əsas missiya isə, məhz Azərbaycanın maraqlarından çıxış edərək, Azərbaycan
xalqının mənafelərinə uyğun yeni çağırışların cəmiyyətə düzgün çatdırılması, eləcə
də baş tutacaq qlobal əhəmiyyətli tədbirləri beynəlxalq mətbuata ötürməkdir.
Bu sahədə
görülmüş işlər bizə deməyə əsas verir ki, gələcək zamanlarda innovativ tədbirlərin,
dərin islahatların keçirilməsi Azərbaycanın media portallarının milli maarifçilik
brendinə çevrilərək "BBC”, "CNN”, "TRT”, "TASS”, "Al Jazeera” kimi qabaqçıl xəbər
portalları sırasında öz yerlərini almasına şərait yaradacaq, eyni zamanda Azərbaycan
mətbuatını bütün dünyada sülhsevər, sülhə çağırış edən, insanların əmin-amanlığını
təmin edən mətbuat kimi də tanıdacaqdır.











































