Azərbaycan mətbuatı "Xəzər-Lənkəran"la niyə yola getmir? (ARAŞDIRMA)
İDMAN
11:52 16.12.2011
2475
Son günlər “Xəzər Lənkəran” ətrafında gedən söz-söhbətlər səngimək bilmir. Hansı qəzeti, idman portalını açırsansa, xəbər başlıqlarının mütləq əksəriyyəti cənub klubu ilə bağlıdır. Ölkəmizə gələn qonaqlardan kimsə, sadəcə, futbolumuzla maraqlanmaq istəyi ilə idman portallarına göz gəzdirsə, yalnız bir futbol komandamızın olduğunu düşünər. Əslində, klubun ətrafında baş verənlər hər bir agentlik, xəbər portalı üçün sırf maraqlı xəbər statusu daşısa da, 1-2 ay öncədən “ağ-yaşıllar”a yönələn media həmləsinin arxasında nəyin və ya kimlərin dayanması da kifayət qədər maraqlı müzakirə mövzusudur. Axı, 2 ay öncə “ Xəzər Lənkəran” rəqiblərindən 7 xal öndə olmaqla turnir cədvəlində tək hakimiyyətliliyinin həzzini yaşayırdı. Bəs, o vaxt nədən medianın bu kluba həmləsi başlamışdı? Metro stansiyalarında qəzet satan və satdığı qəzetlərin yalnız adlarını bilən cocuqlardan da soruşsan, “reklam qisası” deyə, xəfif gülümsəyər. “Xəzər Lənkəran”ın bir çox idman portallarına verdiyi reklamı dayandırması həmlənin başlamasına səbəb oldu. Nə çox, bəhanə... Niyə “Xəzər Lənkəran” “ağ-yaşıl” rəngə üstünlük verir? – Bu rəngin arxasında islam çalarları var. Yaxud, niyə ölkədə bütün stadionlara 100-150 azarkeş getdiyi vaxtda Lənkəranda 8-10 min tamaşaçı tribunaları doldurur? Bu kütləvi toplaşmada iğtişaşa meylilik var və s. Əslində isə dava reklam davası idi. Cənub klubunun vitse-prezidenti Tuyqun Nadirovun bu barədə maraqlı və real olan bir açıqlaması daha diqqətçəkəndir - “Bəzən sırf reklam pulundan dolanmaq xatirinə saytlar yaranır. Belədə biz də fərqli addım atdıq”. Ölkədə Nadirovun dediyi formada isə nə qədər desən sayt var. Məhz buna görə də bircə ay reklam pulunun kəsilməsi belə saytlar üçün olum-ölüm mübarizəsinə dönür. Digər bir məsələ isə bu həmlənin arxasında öncədən söz açdığım kimi, müəyyən qüvvələrin durmasıdır. Yoxsa illərdir klubda çalışan adamların birdən birə bu gün azarkeşlərlə üz-üzə qoyulması da dediyimi göstərir. Komandanın daxilində yaranan məşqçi-futbolçu qarşıdurması, rəhbərlik-azarkeş anlaşılmazlığı kənardan qurulan planların tərkib hissəsi ola bilər. Maraqlıdır, PFL prezidenti Ramin Musayev mətbuata Kamran Ağayevin müqaviləsi məsələsi ilə bağlı açıqlamasında çox maraqlı və hiyləgər məqamlara toxunur - “Kamran Ağayevin bizdə olan müqaviləsi 2012-ci ilin yayında bitir. Futbolçu bundan sonra istədiyi klubda çıxış edə bilər. Ona təkliflər də çoxdur”. Məgər Ramin Musayev millinin qolkiperinin meneceridir ki, ona gələn təkliflərdən xəbəri var? Yaxud, Ramin bəyin “Xəzər Lənkəran”ın “Makkabi” ilə cavab oyunundan sonra söylədiyi “Qovun bu qaraçıları, ondan sonra hər şey düzələcək” deməsi, nə qədər biabırçı və müəmmalı fikirdir. Axı, PFL prezidenti müstəqil klubun siyasətinə qarışmasına niyə bu qədər cəhd edir ki? Bəlkə elə buna görədir ki, Musayev Lənkəran stadionundan və onun azarkeşlərindən uzaq gəzir. İndiki halda belə nüansları nəzərə alıb, lənkəranlı azarkeşlər komandalarının arxasında durmalı, kənardan kluba olan təsirləri zərərsizləşdirməyi bacarmalıdırlar. Artıq qış fasiləsinə 2 oyun qalıb və cənublu azarkeşlər “Xəzər Lənkəran”a əvvəlki kimi dəstək verməklə, öz əzəmətlərini qaytara bilərlər. Qarşıda isə yaranan fasilədən uğurla yararlanıb, “altılıq” oyunlarında rahatlıqla çempionluq mübarizəsi aparmaq olar. Qoy, “Xəzər Lənkəran”ın azarkeşləri ilə birgə olan gücü yenidən ölkəyə səs salsın. Salsın ki, komandanı parçalamaq, onu zərərsizləşdirmək istəyənlərin arzusu ürəyində qalsın!/// APASPORT