Azərbaycan NATO-dan yardım alan ölkədən Alyansın fəaliyyətinə töhfə verən ölkəyə çevrilib

SİYASƏT
14:16 10.12.2014
1248
Azərbaycan NATO-dan yardım qəbul edən ölkədən Alyansın müxtəlif istiqamətlərdə fəaliyyətinə töhfə verən ölkəyə çevrilib. Ölkəmiz NATO-nun sənədlərində dəyərli, etibarlı və fəal tərəfdaş kimi qəbul olunur.
Bu sözləri Azərbaycanın NATO yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Xəzər İbrahim Brüsseldə azərbaycanlı jurnalistlərə müsahibəsində deyib.
X.İbrahim bildirib ki, Azərbaycanın NATO ilə tərəfdaşlığı sıx əlaqəli şəkildə davam edir. Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə NATO-nun mənzil-qərargahına sonuncu səfəri zamanı bu münasibətlərin strateji xarakter aldığı qeyd olunub. NATO-nun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi də bəzi digər beynəlxalq təşkilatlardan fərqlənir. Alyansın sammitlərində Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi birmənalı olaraq dəstəklənir. Uelsdə keçirilən sammitdə də birmənalı şəkildə münaqişənin hansı prinsiplər əsasında həll edilməli olduğu bildirildi.
NATO-nun bu il öz qoşunlarını Əfqanıstan ərazisindən çıxarandan sonra başlayacağı yeni əməliyyatda Azərbaycanın hansı şəkildə iştirak edəcəyi ilə bağlı məsələyə münasibət bildirən diplomat deyib: Azərbaycan bu əməliyyatların bir hissəsidir. İSAF əməliyyatı demək olar ki, başa çatdı. 2015-ci il yanvarın 1-dən NATO-nun “Qətiyyətli dəstək” əməliyyatı başlayır. Biz artıq bu əməliyyatın üzvüyük. Bizim qüvvələrin orada iştirak etməsi üçün ölkədaxili hazırlıqlar gedir. İndiki əməliyyatın əvvəlkindən fərqi bunun yalnız dəstək və yardım missiyası daşımasıdır. Azərbaycan bu əməliyyat çərçivəsində təlimlərə də dəstək verəcək. Ölkəmiz həmin əməliyyatlara üzv olan 14 qeyri-NATO tərəfdaşı arasındadır.
Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı çərçivəsində Azərbaycanın gördüyü işlər barədə danışan X.İbrahim bildirib ki, bu plan çərçivəsində mahiyyət və prosedur etibarı ilə əlaqədar işlər hazırda gedir və biz növbəti mərhələyə qədəm qoymaq niyyətindəyik. Biz prosedura uyğun olaraq ilk növbədə öz layihəmizi təqdim edirik. Həmin layihə NATO tərəfindən müzakirə olunur və sonda birlikdə təsdiqlənir. NATO-nun Azərbaycan ilə əməkdaşlığında olan bütün sahələrə dair fəaliyyətlər var. Hər mərhələdən sonra Alyans ilə birgə qiymətləndirmə prosesi həyata keçirilir. Ölkəmizdə NATO ilə əməkdaşlıq üzrə komissiya fəaliyyət göstərir. Bu komissiyanın tərkibinə təqribən 30-a yaxın dövlət qurumu daxildir. Yalnız hərbi sahədə il ərzində 200-ə qədər tədbir həyata keçirilir və hərbçilərimiz bu təcrübədən qaynaqlanırlar. Lakin qeyri-hərbi əməkdaşlıq da genişdir. Sovet qoşunları qərb zonasında ölkəmizdən çıxarkən həmin ərazilərdə partladılmamış sursatlar var idi. Bildiyiniz kimi, Ceyrançöl, Saloğlu bizim kənd təsərrüfatı üçün çox vacibdir. NATO ilə birgə bu ərazilərin təmizlənməsi üçün böyük layihələr davam etdirilir. Enerji təhlükəsizliyi sahəsində də sıx işləyirik. Azərbaycan mühüm enerji infrastrukturunun mühafizəsi, terrorizmə qarşı mübarizə üzrə Avratlantika Tərəfdaşlıq Şurasının formatında işçi qrupunun sədridir.
NATO-nun “Uyarlıq Platforması” təşəbbüsündə iştirak edən 24 ölkədən biri olan Azərbaycanın bu təşəbbüs çərçivəsində görəcəyi işlərdən bəhs edən daimi nümayəndəliyin rəhbəri deyib:
“Ümumi məqsədimiz var ki, biz NATO ilə əməkdaşlıqdan mümkün qədər faydalanmağa çalışaq. Bildiyiniz kimi, 1994-cü ildən NATO-nun “Sülh naminə Tərəfdaşlıq” Proqramı fəaliyyətə başladı. Artıq bu proqram öz missiyasını müəyyən qədər yerinə yetirmiş hesab olunur. Əgər bu proqram yeni yarananda daha çox keçmiş sovet respublikaları onun üzvü idisə, bu gün Avstraliya, Yeni Zelandiya, Yaponiya, Koreya Respublikası kimi tərəfdaşlar var. Bütün tərəfdaşları cəlb etmək üçün isə yeni platforma təklif olundu. Biz təbii ki, bu proqramdan faydalanacağıq. Biz müxtəlif planlamalarda, görüşlərdə, proqramların qəbul olunmasında iştirak edə biləcəyik”.
OXŞAR XƏBƏRLƏR