Hacıbəy Heydərli,AZXEBER.COM xəbər portalının baş redaktoruParlament seçkilərindən bizi iki aylıq zaman kəsimi ayırır. Seçkilər yaxınlaşdıqca deputatların fəaliyyəti ilə bağlı müzakirələr yenidən gündəmə gəlir.
AZXEBER.COM oxucular üçün maraqlı olacağını nəzərə alaraq Azərbaycan Parlamentində ingilis dilini bilən deputatlarla bağlı kiçik araşdırma aparıb.
Faktdır bəzi hallarda şahid oluruq ki, beynəlxalq təşkilatlar, xarici media ölkəmiz haqda həqiqəti əks etdirməyən kampaniyalar aparır, əsassız yazılar, bəyanatlarla ölkəmizi gözdən salmağa çalışırlar. Belə olan məqamda millət vəkillərimizin xarici dil bilikləri ön plana çıxır. Bəzi hallarda isə məhz deputatlarımızın susqunluğu nəticəsində, bu tip neqativ hallar ortaya çıxır.
Bu xüsusda onu da qeyd edək ki, təkcə ingilis dilini bilməklə iş bitmir, söhbət Azərbaycanla bağlı həqiqətləri dünya arenasına çıxaran millət vəkillərindən gedir.
Araşdırmamız nəticəsində məlum oldu ki, bu işdə də ən fəal millət vəkili Mehriban Əliyevadır. Mehriban xanımın "youtube" video paylaşım saytında ingilis dilində yüzlərlə çıxışı var. Onun Avropa Oyunlarının açılışı mərasimindəki tarixi çıxışı isə hələ də bütün azərbaycanlıların yaddaşındadır.
Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovu qeyd edə bilərik. İnternetdə axtarış nəticəsində Səməd Seyidovun da ingilis dilli çoxsaylı videolarına rast gəldik.
Demokratik İslahatlar Partiyasının sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin üzvü. AŞ PA-nın Yaxın Şərq altkomitəsinin sədri, monitorinq və siyasi komitələrinin üzvü. AŞ PA-nın Belorusiya üzrə məruzəçisi, Azərbaycan Avro-atlantik Mərkəzinin təsisçisi və prezidenti, millət vəkili Asim Mollazadəni Azərbaycanla bağlı xarici ölkələrdə ən yaxşı və effektiv iş aparan deputatlardan hesab edə bilərik. Deputatın çıxışları beynəlxalq təşkilatların rəsmi kanallarında da yaymlanıb.
ATƏT-in Parlament Assambleyasının Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru, QHT-lərə Dövlət Dəstəyi Fondunun sədri Azay Quliyevin də beynəlxalq arenadakı fəaliyyətini uğurlu hesab etmək olar. Deputatın bir neçə ay öncə ATƏT PA-nın Bazeldə keçirilən tədbirindəki çıxışı erməniləri qıcıqlandırmış və erməni mətbuatı bu məsələyə çox geniş yer ayırmışdı. Erməni saytları erməni nümayəndə heyətinin fəaliyyətinin, Ermənistanın xarici siyasətinin bərbad olduğunu, Azərbaycan nümayəndə heyətininin, Azərbaycan diplomatiyasının onları hər sahədə üstələdiyini qeyd etmişdilər.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri Sevinc Fətəliyeva və Sahibə Qafarovanı da bu siyahıya əlavə edə bilərik. Sahibə Qafarovanın çıxışlarının videosu axtarış nəticəsində ortaya çıxmasa da, Sevinc Fətəliyevanın ABŞ və Avropadakı çıxışlarını tapa bildik:
Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Ceyhun Osmanlı da Milli Məclisin poliqlot deputatlarındandır. O Azərbaycan və rus dilləriylə yanaşı ingilis dilində də səlis danışır və bu səpkidə çıxışlar müəllifidir. Deputanın bu günlərdə "EUROPEAN BUSİNESS REVİEW" jurnalında "İŞİD'i dayandırmağın açarı Azərbaycandadır" adlı məqaləsi işıq üzü görüb.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü,. Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Hindistan, Azərbaycan-Türkiyə, Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan milli nümayəndə heyətinin üzvü Qənirə Paşayevanın da ingilis dilində çıxışlarına rast gəlmək mümkündür. Deputatın AŞPA-da əlil insanların hüquqlarının qorunması barədə çıxışı bu xüsusdandır:
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-İndoneziya, Azərbaycan-Küveyt, Azərbaycan-Latviya, Azərbaycan-Lüksemburq parlamentlərarası əlaqələr üzrə işçi qruplarının, Avropa Şurası Parlament Assambleyasında Azərbaycann nümayəndə heyətinin üzvü Aydın Abbasov da ingilis dilini bilən deputatlardandır.
Bundan başqa millət vəkilləri Cavanşir Feyziyev, Fuad Muradov, İqbal Ağazadə, Nizami Cəfərov, Gövhər Baxşəliyeva, Elxan Süleymanov, Azər Kərimli, Rafael Hüseynovu da ingilis dilini bilən deputatlar siyahısında göstərə bilərik.
Son olaraq qeyd edək ki, Milli Məclisin 125 deputatından cəmi 20 nəfərə yaxın ingilis dilində sərbəst danışır.
Azərbaycanın qanunverici orqanında - Milli Məclisdə müxtəlif ölkələrlə parlamentlərarası dostluq qruplarının fəaliyyət göstərdiyini nəzərə alaraq deputatların xarici dillərdə danışa bilmələri həm ölkəmiz, həm də dövlətimiz adına çox böyük uğur olar. Ümid edək ki, qarşıdan gələn parlament seçkilərində bu siyahı daha da artacaq.