Azərbaycan qadınları cəmiyyətin aparıcı qüvvəsinə çevriliblər

Azərbaycan qadınları cəmiyyətin aparıcı qüvvəsinə çevriliblər
SOSİAL
10:48 07.03.2023
538
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılması üçün dəyərli töhfələr vermişdir. Azərbaycan qadını tarix boyu müqəddəs ana şərəfini uca tutaraq öz mübarizliyi ilə tanınmış, qadınlarımız ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak etmiş, Vətənin müdafiəsində və dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirməklə yanaşı döyüş meydanlarında da şücaət göstərmişdir. Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başlamışlar. Sürətlə maariflənən qadınlarımız yüz illərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olmuşlar. Keçmişimizin unudulmaz səhifələrindəki möhkəm iradəyə malik görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər. Ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi, lider qadınlar yetişdirdi.
Xalqımız mərdlik, qəhrəmanlıq mücəssəməsi Nigar, Həcər, Tomris, Nüşabə kimi qəhrəman qadınlarımızla daim qürur duyub. Azadlıq hüququnu tərənnüm etmiş Məhsəti Gəncəvi, Şərqin ilk diplomat qadını Sara xatun, Şuşada ilk ədəbi məclis yaratmış Xurşudbanu Natəvan və digər qadınlarımız əfsanəyə çevrilərək Azərbaycan qadınının rəngarəng palitrasını yaradıblar. Vətənpərvərliyi, millətinə, torpağına olan hədsiz məhəbbəti ilə tariximizin şanlı səhifələrində yer alan, Qarabağ uğrunda gedən döyüşlərdə igid oğullarımızla çiyin-çiyinə azğın düşmənə qarşı mübarizə aparan Salatın Əsgərovanın, Gültəkin Əsgərovanın, Arəstə Baxışovanın sələfləri bu gün 8 Mart - Beynəlxalq Qadınlar Gününü qalib ölkənin qadınları kimi qeyd edirlər. Azərbaycan qadınlarının bütün dövrlərdə nümayiş etdirdiyi iradə, fədakarlıq, dərin düşüncə, müdriklik, vətənpərvərlik gələcək nəsillər üçün əsl örnək olub. Milli-mənəvi dəyərlərə sadiq qalan, zəriflik, incəlik, müqəddəslik rəmzi olan Azərbaycan qadını daim yüksək mənəvi idealların, nəcib, xeyirxah təşəbbüslərin tərəfdarı kimi çıxış edib, dünyada sülhün, əmin-amanlığın, sabitliyin bərqərar olmasına çalışıblar.
Azərbaycan Respublikasında qadınlara dair dövlət siyasətinin daha mütəşəkkil şəkildə həyata keçirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 14 yanvar tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Bundan başqa, həyata keçirilən bir sıra dövlət proqramları, Milli Fəaliyyət Planları, qoşulduğumuz konvensiyalar, qəbul olunmuş qanunlar ölkəmizdə qadın hüquqlarının yüksək səviyyədə qorunmasına geniş təminat yaratmışdır.
 
1998-ci il sentyabrın 25-də keçirilmiş Azərbaycan qadınlarının ilk qurultayı isə dövlət qadın siyasətinin tarixində mühüm hadisədir. 
Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. Qadınlarla bağlı məsələlərin həlli üçün bir çox qanunların qəbul olunması, mövcud qanunlarda dəyişikliklərin edilməsi, fərman və sərəncamların imzalanması, beynəlxalq təşkilatlara üzv olaraq mühüm sənədlərin ölkəmizdə tətbiq olunması qadın hüquqlarının reallaşması və təminatı istiqamətində inkişafın əldə olunmasına təkan vermişdir. Azərbaycan qadını öz iradəsi və mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşdırılmasında müstəsna rol oynamışdır.
Bu gün Azərbaycan qadını bacarıqlı siyasətçi, iş adamı, dövlət məmuru, xalqın inandığı, etibar etdiyi vəkildir. Bu fəallıq Azərbaycan qadınının malik olduğu tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyətindən, qadınlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir. Azərbaycan qadınının qazandığı nailiyyətlər bu gün qadın fəallığı ənənələrini yaşadır, məsuliyyəti artırır, gələcək nəsillər üçün davamlı inkişafa yol açır.


Naftalan şəhər sakini Kəmalə Hüseynova

OXŞAR XƏBƏRLƏR