Avqustun 24-də Qazaxıstan Prezidenti Kasım-Jomərt Tokayevin Azərbaycana səfəri və ölkə başçısı İlham Əliyevlə görüşü ciddi nəticələrlə yadda qaldı. Liderlər arasında müxtəlif sahələrə dair 15 mühüm sənəd imzalandı. Müzakirələr zamanı əldə olunan razılaşmalardan biri də Qazaxıstanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma işləri ilə bağlı oldu.
Qazaxıstan-Azərbaycan münasibətləri dərin köklərə malikdir. Azərbaycan və qazax xalqları türkdilli xalqlar olmaqla etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə çox yaxındırlar. Xalqlarımız eyni etnik soy-kökə malik olmaqla yanaşı, həm çar Rusiyası, həm də sovet dönəmində vahid mərkəzdən idarə ediliblər. Stalin rejimi zamanı minlərlə azərbaycanlı Qazaxıstana sürgün olunub. Qeyri-rəsmi məlumatlara görə, hazırda Qazaxıstanda üç yüz minə qədər azərbaycanlı yaşayır. Onlar bu ölkənin elm, incəsənət, kənd təsərrüfatı, biznes və digər sahələrində çalışır, ictimai-siyasi həyatda yaxından iştirak edirlər.
Azərbaycan və Qazaxıstan beynəlxalq aləmdə etibarlı tərəfdaş, səmimi dost, mehriban qonşu kimi nümunəvi münasibətləri ilə örnək imici qazanıblar. Bu nailiyyət keçmiş SSRİ-nin süqutu nəticəsində dövlət müstəqilliyini bərpa edən ölkələrimizin ortaq milli sərvəti sayıla bilər. Ötən 26 ildə həm Azərbaycan, həm də Qazaxıstan həyatın bütün sahələrində böyük və davamlı inkişaf yolu keçib.
Qazaxıstanın dövlət müstəqilliyinin 26-cı ildönümü ərəfəsində həm yaxın tarixə, həm də müasir dövrə nəzər salaraq, liderlərin siyasi iradəsinin və səmimi qardaşlıq münasibətlərinin xalqlarımız arasında dostluq tellərinin möhkəmlənməsində, ölkələrimizin bir-birinə daha da yaxınlaşmasında oynadığı rolu təhlil etməyə çalışıb. Eyni zamanda, Azərbaycan-Qazaxıstan diplomatik münasibətlərinin qurulmasının 25-ci ildönümü ilə bağlı bəzi tarixi məqamlara nəzər salıb.
Qazaxıstan xalqı hər iki Qarabağ müharibəsi zamanı Azərbaycana dəstək nümayiş etdirib. Böyük qazax mütəfəkkiri Oljas Süleymenov 1990-cı ildə SSRİ Ali Sovetinin sessiyasında rus-erməni şovinizminə qarşı çıxış edərək Azərbaycanın haqq səsini dünyaya çatdırıb. Birinci Qarabağ müharibəsində qəhrəmancasına həlak olan qazax şəhidi Yerbol Barımbekovun xatirəsi daim anılır.
Vətən müharibəsi dövründə isə Qazaxıstan dövləti, bütün qazax xalqı haqq-ədalətin yanında olub, ölkəmizin haqlı mübarizəsini dəstəkləyib. Təsadüfi deyil ki, Qazaxıstanın ölkəmizdəki səfirliyi Qarabağda yaradılacaq kitabxanalara kitab dəstəyi verməyə hazır olduğunu qeyd edib.
Bütün bunlar göstərir ki, etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə yaxın olan ölkələrimiz arasında zəngin tarixə malik münasibətlər bundan sonra da hər iki xalqın və dövlətin maraqlarına uyğun olaraq inkişaf edəcək və genişlənəcəkdir.
Naftalan şəhər sakini: İbadət Quliyev