Azərbaycan qızıl ehtiyatlarını artırmaqla 10 milyard dollar əldə etdi - Yenidən artım gözlənilir?

Azərbaycan qızıl ehtiyatlarını artırmaqla 10 milyard dollar əldə etdi - Yenidən artım gözlənilir?
ÖZƏL
13:58 06.01.2026
697
Azərbaycan qızıl ehtiyatlarını artırmaqla 10 milyard dollar gəlir əldə edib. Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində ötən il qızıl ehtiyatlarının artırılması ilə bağlı strateji qərarın ölkəyə böyük gəlir gətirdiyini açıqlayıb. Dövlət başçısı bildirib ki, qızıl ehtiyatlarının artırılması nəticəsində Dövlət Neft Fondu 10 milyard ABŞ dollarından artıq vəsait əldə edib. Eyni zamanda Prezident vurğulayıb ki, qızılın qiymətində azalma olarsa, ehtiyatların dəyəri də dəyişə bilər.

Respublikaçı Alternativ (REAL) Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli AZXEBER.COM-a açıqlamasında bildirib ki, bu il də qızılın qiymətində artım ola bilər:

"Azərbaycanda Neft Fondunun qızıl ehtiyatlarının kəskin artırılması müsbət təsir göstərib və bunun nəticəsində təxminən 10 milyard dollarlıq fərq yaranıb. Bu artım əsasən qızılın qiymətinin yüksəlməsi ilə bağlıdır. Mümkündür ki, bu il də qızılın qiymətində yenidən artım müşahidə olunsun və belə halda qazanc daha yüksək olacaq. Bəzi proqnozlara görə, qiymət unsiya üzrə 5 min dollara qədər yüksələ bilər”.


İqtisadçı vurğulayıb ki, qızılın artımı zəmanətli deyil:

"Qeyd etmək lazımdır ki, bu artım zəmanətli deyil və gələcəkdə qızılın qiymətində azalmalar da baş verə bilər. Burada əsas məqsədlərdən biri Neft Fondunun gəlirlərini pik nöqtələrdə fiksə etməkdir. Qiymət yüksək səviyyəyə çatdıqda, qızılın müəyyən hissəsini satmaqla gəliri fiksə edib nağd və ya digər aktivlərdə saxlamaq olar. Beləliklə, qiymət sonradan ucuzlaşsa, itkilər minimuma endirilmiş olur”.

"Qızıl elə bir aktivdir ki, müəyyən dövrdə qiyməti qalxır, sonra sabitləşir və daha sonra ucuzlaşa bilər. 2027–2028-ci illərdə qiymət ucuzlaşma dövrünə qədəm qoya bilər. Hazırda isə qızılın qiymətinin artacağı gözləntisi yüksəkdir”,-deyə iqtisadçı bildirib.

Şahanə Ziyad
 

 


OXŞAR XƏBƏRLƏR