Azərbaycan komandası Rio-de-Janeyroda keçirilən Yay Olimpiya Oyunlarının orta hesabla hər idmançıya düşən medal sayına görə ən effektiv komandasıdır.
Bu barədə "The Telegraph" qəzeti yarışların nəticələrinin analizinə həsr etdiyi məqaləsində yazır.
Qəzet qeyd edir ki, Rio oyunlarında iştirak edən komandaların say tərkibinə baxanda Azərbaycan komandası ən effektiv olub. Komanda o qədər də çox sayda olmayan idmançı ilə - cəmi 56 atletlə yarışlara qatılıb və hər idmançıya görə orta hesabla 0.3 medal qazanıb.
Müqayisə üçün qeyd olunur ki, Böyük Britaniya oyunlara 366 idmançı ilə qatılıb və hər idmançıya görə orta hesabla 0.2 medal qazanıb. Bu, Azərbaycanın göstəricisindən daha aşağıdır. Çin və ABŞ komandalarının atlet sayına görə qazandıqları medalın əmsalı da buna yaxındır.