Dünyaya inteqrasiya edən Azərbaycan müxtəlif ölkələrlə qarşılıqlı əlaqələrinin daha da möhkəmləndirilməsi üçün ciddi səy göstərir və bunun nəticəsidir ki, hazırda bir çox böyük dövlətlə münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu ölkələrdən biri də Rusiya Federasiyasıdır.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yürütdüyü müdrik, uzaqgörən və düşünülmüş siyasət, xüsusilə Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycanın bütün dünyada nüfuzunu artırıb. Hazırda ölkəmiz regional və beynəlxalq miqyasda etibarlı tərəfdaş kimi tanınır.
Bu gün Azərbaycan-Rusiya münasibətləri yüksələn xətlə inkişaf etməkdədir. Bunu həm siyasi münasibətlər, həm də iqtisadi əlaqələrin göstəriciləri də birmənalı olaraq təsdiqləyir. Xüsusi vurğulanmalıdır ki, keçmiş SSRİ-nin süqutundan sonra Rusiya ilə Azərbaycan arasında münasibətlər heç zaman indiki kimi yüksək səviyyədə olmayıb.
Şimal qonşumuz Azərbaycanın şanlı Zəfəri ilə başa çatan İkinci Qarabağ müharibəsini sonuclandıran 2020-ci il 10 noyabr Bəyanatının imzalanmasında xüsusi rol oynayıb. 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan və Rusiya prezidentləri tərəfindən imzalanan "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə dövlətlərarası münasibətləri yeni mərhələyə – müttəfiqlik səviyyəsinə qaldırıb.
Avqustun 18-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycana dövlət səfərinə gəlib. Ertəsi gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə məhdud və geniş tərkibdə görüşləri keçirilib. Həmçinin hər iki dövlət başçılarının iştirakı ilə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi keçirilib. Mərasindən sonra Prezidentlər mətbuata bəyanatla çıxış ediblər.
Mətbuata bəyanatında Prezident İlham Əliyev bildirib ki, görüş zamanı dövlətlərarası münasibətlərin geniş spektri ətraflı müzakirə edilib. Qeyd edilib ki, keçən il və bu ilin 6 ayında əmtəə dövriyyəsinin artımı əməkdaşlığın böyük potensialından xəbər verir. Ötən il iki dövlət arasında ticarət dövriyyəsi 4 milyard dollar həddini adlayıb.
Humanitar əməkdaşlıq sahəsinə həmişə xüsusi diqqət yetirilir. Azərbaycanda rus dilində tədris aparılan 324 məktəb var, onlarda 160 min şagird təhsil alır. 800 mindən çox şagird rus dilini ikinci dil kimi öyrənir. Azərbaycanın 26 ali təhsil müəssisəsində 15 mindən artıq tələbənin təhsil aldığı rus dili bölmələri var. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Tibb Universitetinin filialları uğurla fəaliyyət göstərir.
Həmçinin, görüş çərçivəsində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə mübadiləsi mərasimi keçirilib.
"Azərbaycan Respublikasının ixracın və investisiyaların təşviqi Agentliyi — AZPROMO ilə "Rusiya Birbaşa İnvestisiyalar Fondunun idarəedici şirkəti” Səhmdar Cəmiyyəti arasında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və Rusiya Birbaşa İnvestisiyalar Fondunun baş direktoru Kirill Dmitriyev mübadilə ediblər.
"Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi arasında iqlim dəyişmələri və aşağı karbonlu inkişaf üzrə Anlaşma Memorandumu”nu Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Reşetnikov mübadilə ediblər.
"Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Federal Əmək və Məşğulluq Xidməti (Rusiya Federasiyası) arasında əməyin təftişi məsələləri üzrə qarşılıqlı anlaşma və əməkdaşlıq Memoradumu”nu Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Rusiya Federasiyasının Əmək və Məşğulluq Federal Xidmətinin rəhbəri Mixail İvankov mübadilə ediblər.
"Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidmət (Rusiya Federasiyası) arasında qida məhsullarının təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və Rusiya Federasiyası İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət Federal Xidmətinin rəhbəri Anna Popova mübadilə ediblər.
"Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin rəhbəri Sergey Dankvert mübadilə ediblər.
"Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında səhiyyə, tibbi təhsil və tibb elmi sahələrində əməkdaşlıq haqqında Saziş”i Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev və Rusiya Federasiyasının səhiyyə naziri Mixail Muraşko mübadilə ediblər.
Naftalan şəhər sakini Kəmalə Hüseynova.