“Artıq çoxdandır ki, Azərbaycanda olmamışam. Axırıncı dəfə 2006-cı ildə olmuşam. O vaxtdan xeyli vaxt keçib. Azərbaycan sürətlə, əzmlə dəyişir, yüksək sürətlə inkişaf edən dinamik ölkəyə çevrilir. Azərbaycan iqtisadiyyatı inkişaf sürətinə görə dünyada ən yüksək göstəricilərdən birinə malikdir. Bu, xoşdur. Biz dostlarımıza uğurlar arzulayırıq. Azərbaycan Rusiyanın çoxdankı, ənənəvi və etibarlı tərəfdaşıdır”. Bunu Bakıda Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bəyan edib. V.Putin deyib ki, rəsmi Moskva Azərbaycan ilə Qafqaz regionunda, Xəzər regionunda, MDB çərçivəsində, aparıcı beynəlxalq strukturlarda sıx qarşılıqlı fəaliyyət göstərir: “Bu əməkdaşlığın əsası ölkələrimiz, dövlətlərimiz və xalqlarımız arasında möhkəm dostluq, qarşılıqlı hörmət ənənələridir”.
Anons
Rusiya Prezidenti deyib ki, dostluq və mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsində humanitar əlaqələr də xüsusi rol oynayır: “İndiki səfər çərçivəsində 2015-ci ilə qədər olan dövrdə bu sahədə dövlətlərarası əməkdaşlıq proqramı təsdiq edilmişdir. Biz oktyabrın 31-dən noyabrın 1-dək Bakıda keçiriləcək III Bakı Beynəlxalq Humanitar Forumuna hazırlıq məsələlərini müzakirə etdik. Əminliklə demək olar ki, 2011-ci ildən bəri nisbətən qısa dövr ərzində bu forum ictimai həyatda çox böyük hadisəyə çevrilmişdir”. Danışıqlarda Xəzər regionu çərçivəsində problemlərin həllinə də böyük diqqət yetirilib. V.Putin bu regionun sülh, əməkdaşlıq regionu olmasında maraqlı olduqlarını açıqlayıb: “Burada hələ həll edilməmiş problemlər çoxdur. Onlar təhlükəsizlik, sərhədlərin delimitasiyası, Xəzər dənizi sisteminin bioloji müxtəlifliyinin qorunub saxlanması və sair məsələlərə aiddir. Biz çox istəyirik ki, bütün bu məsələlər həll edilsin və təbii ki, bütün Xəzəryanı dövlətlərin maraqları nəzərə alınmaqla həll edilsin”.
Həştərxana cavab səfəri
Rusiya Prezidenti qeyd edib ki, səciyyəvi haldır ki, Rusiyanın Xəzər donanmasının gəmilər dəstəsinin Bakıya dostluq səfəri də danışıqlarla eyni vaxta təsadüf edir. Bu dəstənin tərkibində “Dağıstan” raket gəmisi və “Volqodonsk” kiçik artilleriya gəmisi də var: “İlin sonunda Azərbaycan dənizçiləri Həştərxana cavab səfəri etməyi planlaşdırırlar. Təbii ki, danışıqların gedişində biz aktual beynəlxalq məsələlərə, o cümlədən əlbəttə, Dağlıq Qarabağ probleminə də toxunduq. Vurğulamaq istəyirəm ki, bu münaqişə yalnız siyasi vasitələrlə tənzimlənə bilər və Rusiya münaqişənin tezliklə tənzimlənməsinə fəal kömək edir”.
V.Putin İlham Əliyevlə apardığı danışıqların iki ölkənin hərtərəfli əməkdaşlığı möhkəmləndirmək əzmində olduğunu bir daha göstərdiyini vurğulayıb.
Geniş səfər gündəliyi
Prezident İlham Əliyev də qeyd edib ki, bu səfər münasibətlərin nə dərəcədə dinamik, uğurlu inkişaf etdiyini, ölkələrimizin və xalqlarımızın amallarına nə dərəcədə uyğun olduğunu bir daha nümayiş etdirir: “Səfər çərçivəsində biz münasibətlərimizin çox geniş gündəliyini nəzərdən keçirdik, qarşılıqlı maraq doğuran bütün məsələləri müzakirə etdik və münasibətlərimizin gələcək inkişaf yollarını qeyd etdik”.
İlham Əliyev deyib ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər dostluğa, mehriban qonşuluğa, xalqlarımızın tarixinə, onların ortaq taleyinə, bu gün isə həm də qarşılıqlı maraqlara, möhkəm bazaya əsaslanır: “Siyasi sahədə münasibətlərimizin necə inkişaf etməsindən çox razıyıq. Biz beynəlxalq təşkilatlarda dostlar, tərəfdaşlar kimi əməkdaşlıq edirik. Biz bir-birimizi beynəlxalq qurumlarda dəstəkləyirik və gələcəkdə də beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək siyasətini davam etdirəcəyik”.
Qarabağ problemi
Azərbaycan Prezidenti rusiyalı həmkarı ilə regional problemləri də, ilk növbədə, regional təhlükəsizlik məsələlərini, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı məsələləri də müzakirə etdiyini bildirib: “Azərbaycan torpaqlarının işğalı 20 ildən çoxdur ki, davam edir. İşğal altında olan ərazi mahiyyət etibarilə həyat üçün yararsızdır. Dağıdıla biləcək nə varsa hamısı dağıdılmışdır. Ərazimizin 20 faizi işğal edilmişdir. Beynəlxalq təşkilatların qətnamələri yerinə yetirilmir. BMT Təhlükəsizlik Şurası erməni işğalçı qüvvələrinin bizim ərazidən çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdir, onlar kağız üzərində qalır. Ona görə də bu məsələnin tezliklə həll edilməsi regionun bütün ölkələrinin maraqlarına uyğundur”.
İlham Əliyev deyib ki, bu məsələnin həlli tarixi ədalətə, beynəlxalq hüquqa, beynəlxalq təşkilatların qərarlarına və qətnamələrinə əsaslanmalıdır. Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişənin tənzimlənməsi məsələlərində mühüm rol oynayır: “Bir daha qeyd etmək istəyirəm ki, münaqişənin tezliklə tənzimlənməsi regionda sabitliyə, müəyyənliyə və əməkdaşlığa gətirib çıxarar”.
Hərbi-texniki əməkdaşlıq
İlham Əliyev Azərbaycanın Rusiya ilə hərbi-texniki sahədə fəal əməkdaşlıq etdiyini vurğulayıb: “Mətbuatda hərbi-texniki əməkdaşlığın həcmi barədə vaxtaşırı verilən məlumatlar heç də həmişə reallığı əks etdirmir. Deməliyəm ki, bu gün Rusiya ilə Azərbaycan arasında hərbi-texniki əməkdaşlığın həcmi 4 milyard dollarla ölçülür və bu göstərici artmaqdadır. Əminəm ki, gələcəkdə bu əməkdaşlıq fəal şəkildə davam edəcəkdir. Azərbaycan artıq haqlı olaraq dünyada ən yaxşı texnikadan biri sayılan Rusiya texnikasının alıcıları olan aparıcı ölkələr sırasına daxildir”.
Yeni səviyyə
Azərbaycan və Rusiya elektroenergetika sahəsində də çox fəal əməkdaşlıq edir. Neft-qaz əməliyyatları sahəsində mühüm sazişlər imzalanıb. Səfər çərçivəsində imzalanmış sazişlər Rusiyanın və Azərbaycanın dövlət strukturları arasında neft-qaz sahəsində əməkdaşlığın yeni səhifəsidir: “Əminəm ki, bu əməkdaşlıq çox uğurlu və səmərəli olacaq. Ölkələrimiz enerji resurslarının istehsalçıları və ixracatçılarıdır. Təbii ki, maraqlarımız üst-üstə düşür. Güman edirəm ki, regional energetika problemləri çərçivəsində çox şey bizim fəal qarşılıqlı əlaqələrimizdən, səylərimizi əlaqələndirməyimizdən asılı olacaq. Biz qəti surətdə əməkdaşlıq, iqtisadi və siyasi inkişafın bu mühüm istiqamətində Rusiya ilə qarşılıqlı əlaqələri möhkəmləndirmək əzmindəyik”.
Humanitar əlaqələr
Humanitar sahədə də Rusiya ilə Azərbaycan arasında münasibətlər nümunə ola bilər: “Bir daha, mətbuatın qarşısında bizim nə barədə danışdığımızı qeyd etməliyəm: Azərbaycanda tədrisin rus dilində həyata keçirildiyi 335 məktəb var. Bu məktəblərin 15-də tədris sırf rus dilindədir, bizim 27 universitetdə rus dilində tədris aparılır. Tədrisin rus dilində olduğu orta, orta ixtisas və ali məktəblərdə təhsil alanların sayı 100 min nəfərdən çoxdur. Bu, bizim rus dilinə, rus mədəniyyətinə, rus ədəbiyyatına münasibətimizin mühüm göstəricisidir. Azərbaycanda keçmişin bütün müsbət ənənələri qayğı ilə qorunub saxlanılır”.
İlham Əliyev qeyd edib ki, Rusiya Prezidentinin Azərbaycana səfəri ilk növbədə, münasibətlərin yüksək səviyyədə olmasına dəlalət edir və eyni zamanda, iki ölkə arasında hərtərəfli münasibətlərin gələcək inkişafına güclü təkan verir./// Baku Post qəzeti