Azərbaycan səhiyyəsi beynəlxalq tədbirdə mükafat qazandı - FOTOLAR

Azərbaycan səhiyyəsi beynəlxalq tədbirdə mükafat qazandı - FOTOLAR
SOSİAL
17:46 27.07.2026
214
ÜST-nin Avropa Regional Bürosunun təşkil etdiyi Səhiyyə Xidmətlərinin Keyfiyyəti və Pasiyent Təhlükəsizliyi üzrə Regional Məktəbdə Azərbaycan nümayəndə heyəti ölkəmizdə səhiyyə xidmətlərinin keyfiyyəti, tibb müəssisələrinin akkreditasiyası və pasiyent təhlükəsizliyi istiqamətində həyata keçirilən islahatları və əldə olunan nəticələri əks etdirən poster təqdim edib.

AZXEBER.COM xəbər verir ki, tədbirdə müxtəlif ölkələrdən olan mütəxəssislər səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, pasiyent təhlükəsizliyinin təmin edilməsi və beynəlxalq təcrübələrin paylaşılması istiqamətində fikir mübadiləsi aparıblar.

Azərbaycanın təqdim etdiyi poster "Səhiyyə xidmətlərinin keyfiyyəti və pasiyent təhlükəsizliyi üzrə sistemin gücləndirilməsi sahəsində ən yaxşı poster” nominasiyasında mükafata layiq görülüb. Bu uğur ölkəmizdə səhiyyə sahəsində keyfiyyətin idarə olunması və pasiyent təhlükəsizliyi istiqamətində həyata keçirilən ardıcıl fəaliyyətin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini bir daha təsdiqləyir.

Tədbir çərçivəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi ilə Tacikistanın Tibbi Akkreditasiya Mərkəzi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu da imzalanıb.

Qeyd edək ki, Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi PHŞ-nin İdarə Heyətinin sədri Orxan Şükürov bu ilin may ayında Azərbaycan Respublikasının səhiyyə nazirinin müvafiq əmri ilə vəzifəyə təyin edilib. O, bu təyinata qədər Mərkəzdə sədr müavini vəzifəsində çalışıb. Orxan Şükürov həmçinin birinci "Yüksəliş” müsabiqəsinin finalçısıdır.

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR