"Ölkəmizin xidmət sektoru turizmə tam hazırdır və hətta bundan daha çox potensiala malikdir".
Bu sözləri AZXEBER.COM-a açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.
İqtisadçının sözlərinə görə, hazırda ölkədə turizm hələ də müəyyən məhdudiyyətlərlə qarşılaşır:
"Azərbaycan turizm sektoruna böyük investisiyalar qoyub və bu məbləğlər kifayət qədər əhəmiyyətlidir. Əslində bu, Gürcüstanın yatırımlarından da çoxdur. Amma təəssüf ki, ölkəyə gələn turistlərin sayı Gürcüstanla müqayisədə üç dəfəyədək azdır. Buna görə də, son 7-8 ildə turizm sahəsinə qoyulan investisiyalar artırılıb. Amma hələ də 2014-2015-ci illərdəki turist sayını yeniləyə bilmirik. Ən böyük problemimiz ölkəyə turistin gəlməməsidir, turistlərin çoxluğu məsələsi deyil”, – deyə o vurğulayıb.
Xalid Kərimli qeyd edib ki, iqtisadi mexanizmlər baxımından Azərbaycanda turizm məhsulu çox rəqabətlidir və turistlər uğrunda ciddi mübarizə gedir:
"Həm Avropa ölkələrində, həm də Qafqaz regionunda Gürcüstan yaxşı nümunədir. Orada enerji sektoru yoxdur, amma turizm sahəsində böyük uğurlar əldə edilib. Bizdə turizm ölkə iqtisadiyyatının 1-2%-ni formalaşdırırsa, Gürcüstanda bu göstərici 7-8%-dir”, – deyə o əlavə edib.
İqtisadçı ölkəyə turist cəlb etməyin əsas yollarını da açıqlayıb:
"Ölkəyə giriş asanlaşdırılmalıdır. Lo-koster təyyarələri, eləcə də ucuz aviaşirkətlərin (Ryanair kimi) uçuşları ölkəyə gətirilməlidir. Bundan başqa, vizaların ləğvi və ölkəyə girişin ucuzlaşdırılması da zəruridir. Hal-hazırda turistlər ölkəyə daxil olmaqda çətinlik çəkirlər. Amma bir məsələ aydındır ki, artıq turistlərə xidmət göstərilməsi ilə bağlı problem yoxdur”.
Oksana Orucova