Dünyada iqtisadi və geosiyasi meyllərin dəyişdiyi bir dövrdə regional iqtisadi birliklərin əhəmiyyəti daha da artır.
Bu kontekstdə Türk Dövlətləri Təşkilatı artıq təkcə mədəni və siyasi platforma deyil, həm də böyük iqtisadi əməkdaşlıq və sahibkarlıq imkanları təqdim edən strateji birlik kimi çıxış edir. Təşkilatın əsas üzvləri - Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və müşahidəçi statusunda olan Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Cümhuriyyəti – təxminən 170 milyondan çox əhalini, zəngin təbii sərvətləri və sürətlə inkişaf edən bazarları əhatə edir. Bu isə azərbaycanlı sahibkarlar üçün həm yeni bazarlar, həm də şaxələndirilmiş biznes modelləri qurmaq baxımından nadir imkanlar təqdim edir.
Azərbaycan coğrafi mövqeyinə, siyasi sabitliyinə və inkişaf etmiş infrastruktura görə Türk Dövlətləri Təşkilatı məkanında iqtisadi tranzit və investisiya körpüsü rolunu oynayır. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Orta Dəhliz layihəsi Azərbaycanın regiondaxili və beynəlxalq ticarətdə əhəmiyyətini artırır.
Bundan əlavə, Azərbaycanda həyata keçirilən institusional islahatlar, biznesin rəqəmsallaşdırılması və Azad İqtisadi Zonalar, xüsusilə Ələt Azad İqtisadi Zonası vasitəsilə sahibkarlara təqdim edilən vergi və gömrük güzəştləri ölkəmizi regional biznes mərkəzinə çevirməkdədir. Azərbaycanlı sahibkarlar üçün Türk Dövlətləri Təşkilatı məkanında çoxşaxəli biznes imkanları var. Bunların arasında logistika və nəqliyyat sektoru xüsusilə fərqlənir. Orta Dəhlizin strateji mövqeyi azərbaycanlı sahibkarlar üçün Qazaxıstan, Özbəkistan, Qırğızıstan və hətta Çin bazarına çıxış imkanı yaradır. Daşımalar, anbar xidmətləri, gömrük brokerliyi və multimodal nəqliyyat layihələrinə sərmayə qoyuluşu gəlirli və davamlı sahələrdir. Yerli nəqliyyat-logistika şirkətləri üçün ortaq müəssisələr qurmaq və Türk Dövlətləri Təşkilatına üzv ölkələrdə filiallar açmaq real fürsətlər yaradır.
Bundan əlavə, Türk Dövlətləri Təşkilatına üzv ölkələrinin çoxu böyük kənd təsərrüfatı potensialına malikdir. Azərbaycanlı sahibkarlar bu sahədə texnoloji avadanlıq, suvarma sistemləri, gübrə və toxum təchizatı sahələrinə investisiya edə bilərlər. Orta Asiya bazarlarında emal müəssisələri qurmaqla sahibkarlarımızın məhsulun əlavə dəyər mərhələsində iştirak etməsi mümkündür. Eyni zamanda ortaq kənd təsərrüfatı layihələri və ixrac kooperativləri yaratmaq təşəbbüsləri həyata keçirilə bilər.
Azərbaycan son illər rəqəmsal iqtisadiyyat və startap ekosistemini inkişaf etdirməkdədir. Bu təcrübə də Türk Dövlətləri Təşkilatları çərçivəsində ixrac oluna biləcək məhsul və xidmətlər yaratmağa yol açır. FinTech, EdTech, GovTech və e-commerce həlləri ilə digər türk dövlətlərinə çıxmaq mümkündür. Azərbaycanlı IT şirkətləri üçün regional proqram təminatı, kibertəhlükəsizlik və rəqəmsal infrastruktur layihələrində iştirak imkanları açılır.
Orta Asiyada və Qafqazda şəhərsalma, yol infrastrukturu, sənaye parkları və yaşayış layihələri genişlənməkdədir. Azərbaycanlı inşaat şirkətləri bu layihələrdə podratçı, təchizatçı və ya investor kimi iştirak edə bilərlər. Tikinti materialları ixracı və texniki nəzarət xidmətləri də bu istiqamətdə dəyərli fürsətlərdir.
Türk Dövlətləri Təşkilatı ölkələrinin əksəriyyətində hələ də paylama və satış infrastrukturunda boşluqlar var. Azərbaycan məhsulları - qida, tekstil, məişət texnikası, kimya sənayesi malları üçün yeni satış bazarları mövcuddur. Françayzinq modeli ilə Azərbaycan brendlərinin regiona çıxışı təşviq edilə bilər.
Mədəni yaxınlıq və vizasız səyahət imkanları Türk Dövlətləri arasında turizm axınını da artırır. Turoperatorlar, otelçilik, tibbi turizm və təhsil turizmi sahələri inkişaf üçün əlverişlidir. Türk Dövlətləri Təşkilatına üzv ölkələrdə Azərbaycan mətbəxi, mədəniyyəti və məhsullarını tanıdan ticarət obyektləri və restoran şəbəkələri açmaq üçün əlverişli zəmin var.
Çinarə Ağayeva,
Biznes məsləhətçi