Ölkə başçıları da öz çıxışlarında iki ölkənin qardaşlığından, birliyindən danışaraq, dövlət və millətlərimizin birliyini nümunə çəkirlər.
Milli Məclisin deputatı Vüqar İskəndərov AZXEBER.COM-a açıqlamasında Azərbaycanla Türkiyənin qardaşlığından danışıb.
Deputat qeyd edib ki, bu birliyin dünyada analoqu yoxdur:
"Azərbaycan və Türkiyə arasındakı münasibətlərin, qardaşlığın, dostluğun, birliyin dünyada analoqu yoxdur. Dünyada bir-birinə bu qədər bağlı, yaxın olan, dili, dini, özünüdərki, mədəniyyəti eyni xalqlar tapmaq çox çətindir. Əbəs yerə deyil ki, Ümumilli Liderimizin söylədiyi kimi, bir millət, iki dövlət sözləri artıq bütün dünyaya sarsılmaz qardaşlıq nümunəsi sərgiləməkdədir. Azərbaycanın çətin günlərində Türkiyə, Türkiyənin çətin günlərində isə Azərbaycanın onun yanında olması artıq dünyada bir nümunə halına gəlib. Bu, bizim hər birimizin, xalqlarımızın içindən süzülüb gələn bir sevgidir, istəkdir. Ona görə də Azərbaycanda 44 günlük Vətən müharibəsi dövründə Türkiyənin həm dövlət, həm xalq olaraq Azərbaycanın yanında olması, Azərbaycana mənəvi-siyasi dəstəyini göstərməsinin şahidi olduq və Türkiyədə də hansısa problemlər olduqda, məsələn, meşə yanğınları olduqda ilk haraya çatan Azərbaycan oldu.
Millət vəkili bildirib ki, Azərbaycan xalqı Türkiyənin kədərini bölüşür:
"Düşünürəm ki, son günlər Türkiyədə baş verən zəlzələ türk milləti, xalqı kimi bizi də dərindən sarsıtdı. Bu gün Azərbaycan ayaq üstə Türkiyənin kədərini bölüşür. Həm dövlət, həm xalq əlindən gələn dəstəyi əsirgəmir. Bu da insanlarımızın daxilindəki istəkdir. Hamı bir nəfər kimi bu və ya digər formada qardaş ölkə Türkiyəyə dəstək olmağa çalışır. Bu birlik əbədidir və bu birlikdə gücümüzü ortaya qoyaraq qarşımıza çıxan bütün maneələri uğurla dəf edə bilən gücə malikik. Bu güc durmadan da artacaq, inkişaf edəcək və biz iki qardaş xalq, ölkə olaraq qarşıda hələ bir çox uğurlar əldə edəcəyik”.
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov da AZXEBER.COM-a açıqlamasında Azərbaycan-Türkiyə qardaşlığının yüksək səviyyədə olduğuna diqqət çəkib.

Deputat qeyd edib ki, bu qardaşlığın təməlində milli ruh, vahid milli məfkurə, ortaq dil, ortaq tarixi keçmiş və balanslaşdırılmış dövlət maraqlarımız dayanır:
"Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar Prezident İlham Əliyevin qardaş dövlətin ölkəmizdəki Səfirliyində başsağlığı nitqi Azərbaycan-Türkiyə münasibətlərinin real mənzərəsininin ən gözəl ifadəsi idi. Dövlət başçısı açıq mətnlə bəyan etdi ki, "Türkiyə-Azərbaycan artıq bir yumruqdur, bir ürəkdir, bir candır". Həqiətən də, cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqı bu çətin günlərdə göstərdi ki, Azərbaycan və Türkiyənin "bir millət, iki dövlət" prinsipi quru sözdən ibarət deyil. Bu qardaşlığın təməlində milli ruh, vahid milli məfkurə, ortaq dil, ortaq tarixi keçmiş və balanslaşdırılmış dövlət maraqlarımız dayanır”.
Deputat qeyd edib ki, Azərbaycanın bu cür ürək yanğısı ilə davranışı heç kim üçün gözlənilməz olmadı, çünki biz həmişə Türkiyənin maraqlarına öz milli maraqlarımız kimi sahib çıxmışıq, cənab İlham Əliyev dəfələrlə beynəlxalq tədbirlərdə "Türkiyə burada yoxdursa, biz varıq” deməklə Ankaranın mənafelərini ən ali formada müdafiə edib: "Bu mənada dar günündə Türkiyənin yardımına tələsən ilk liderin cənab İlham Əliyev, ilk dövlətin isə Azərbaycan olmasından təbii heçnə ola bilməz”.
B.Məhərrəmov bildirib ki, xalqımız - uşaqdan böyüyə Türkiyə üçün səfərbər olub:
"Bildiyiniz kimi, faciənin ilk saatlarından Azərbaycanın aidiyyəti dövlət strukturları səfərbər edildi, Türkiyəyə tam təhcizatla bilrikdə həkimlər, xilasedicilər, könüllülər göndərildi və hazırda da bu proses dövlət qurumları ilə yanaşı Mehriban xanım Əliyevanın rəhbərliyi altında, Heydər Əliyev Fondu tərəfindən davam edir, habelə bütün yardım məsələlərinin bir mərkəzdən idarə olunması üçün proseslərin koordinasiyası Prezident Adminstrasiyasının rəhbərinə həvalə edilib.
Eyni zamanda xalqımız uşaqdan böyüyə səfərbər olub. Cənab Prezidentin də Türkiyə səfirliyində böyük qürururla ifadə etdiyi kimi, "Azərbaycan xalqı könüllü olaraq öz doğma qardaşlarına dəstək olmaq üçün kimin əlində nə var onu gətirir. Yəni kimi yorğan gətirir, kimi döşək gətirir, kimi gödəkcə gətirir. Kimin imkanı nəyə çatırsa, onu da əsirgəmir". Yəni bir əsr əvvəl Sarıqamışda, Çanaqqalada, İstiqlal savaşında, Bakının azad olunması uğrunda döyüşlərdə, 2 il öncə isə Vətən müharibəsində biz qardaşlıq dastanı yazmışıdıq, həmin ruhla da bu dəhşətli zəlzələnin nəticələrinin aradan qaldırılmasında birgə səy göstəririk və bu Azərbaycan və Türkiyəni daha da yaxınlaşdırmaqdadır”.
"Türkiyədə baş verən bu dəhşətli faciə, həmçinin Azərbaycanda xalq-dövlət birliyinin əsl mahiyyətini bir daha üzə çıxardı, biz dövlətin prioritetlərinin həm də xalqın prioriteti olduğunu bir daha əməli şəkildə müşahidə etdik. Türkiyədə zəlzələ bizi sarsıtsa da, Azərbaycan və Türkiyə daha çox bir-birinə kilidlənmiş, bir olmuşdur və hərbi gücümüzlə bərabər inam və iman gücümüzün də dəmir yumruğa döndüyünün şahidi olmaqdayıq”, - deyə deputat əlavə edib.
Aydın Nuri