Azərbaycan Türkiyəyə yardım edən ilk ölkədir

Azərbaycan Türkiyəyə yardım edən ilk ölkədir
SOSİAL
12:31 11.02.2023
590
Türkiyədə baş verən dəhşətli zəlzələ nəticəsində çoxlu sayda insan tələfatının olması ölkəmizdə də böyük hüznlə qarşılandı. Qardaş ölkədən gələn acı xəbər Azərbaycan xalqını və dövlətini dərin kədərə boğdu. Baş verən zəlzələdən sonra dövlət və millət olaraq səfərbər olduğumuz göz önündədir. Bu da təbiidir. Çünki zəlzələnin aldığı canlar bizim öz canlarımızdır. 

Türkiyənin qarşılaşdığı bütün çətin məqamlarda ona hər cür dəstək və yardım göstərən Azərbaycan bu çətin zamanlarda da qardaşının köməyinə çatan ilk ölkə oldu.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Türkiyədə baş verən dəhşətli zəlzələdən dərhal sonra Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlaması, daha sonra zəng edərək bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildirməsi, eləcə də fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olması, başsağlığı verməsi əsl qardaşlıq nümunəsidir: "Dövlət başçımızın da söylədiyi kimi, Azərbaycan hər zaman olduğu kimi, ilk dəqiqələrdən qardaş Türkiyənin yanında idi və öz dəstəyimizi, öz həmrəyliyimizi həmişə olduğu kimi nümayiş etdirdik. Qardaş Türkiyədə baş verən dağıdıcı zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə bu ölkəyə ilk yardım əlini uzadan məhz Azərbaycan oldu. Bundan başqa cür də ola bilməzdi. Çünki Azərbaycan və Türkiyə iki dost, qardaş, canı, qanı bir ölkələrdir”.
Dövlət başçısının göstərişinə əsasən Türkiyəyə ezam olunmuş Azərbaycan Ordusunun hərbi tibb personalı 8 fevral tarixdən etibarən Kahramanmaraşda fəaliyyətə başlayıb. Ümumi cərrah, travmatoloq, LOR cərrah, oftalmoloq, neyrocərrah, revmatoloq, anestezioloq, plastik-rekonstruktiv cərrah, feldşer, əməliyyat tibb bacıları və anestezistlər olmaqla, ümumilikdə 20 nəfərlik hərbi tibb personalı baş vermiş zəlzələdə xəsarət alan insanlara tibbi yardımın göstərilməsi məqsədilə hadisənin ilk saatından etibarən qardaş ölkəyə ezam olunub.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar rəsmi instaqram səhifəsində paylaşım edib. Paylaşımda bildirilir: "Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin nəticələri barədə xəbərləri dərin kədər hissi ilə qarşıladım. Allah faciə zamanı həlak olanlara rəhmət eləsin. Onların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıram. Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbr diləyirəm". Eyni zamanda Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə xeyriyyəçilik fəaliyyəti ilə dünyada tanınan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın göstərişinə əsasən, Fond tərəfindən qardaş ölkəyə humanitar yardım göstərilir. Bununla əlaqədar faciədən zərərçəkmiş şəxslər üçün müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. daxil olmaqla tibbi ləvazimatlar və avadanlıqlar, eləcə də isti geyimlərlə humanitar yardım çatdıracaq Fondun Türkiyəyə ezam edilən əməkdaşları xüsusi təyyarə ilə yola salınıblar.

Dünyada az ölkə olar ki, Azərbaycan ilə Türkiyə qədər bir-birinə yaxın, yaxşı və pis gündə bir yerdə olsunlar. Eyni etnik kökə, tarixə, dilə və dinə malik iki qardaş ölkənin səmimi münasibətlərinə artıq bütün dünya şahiddir. Azərbaycanın Türkiyənin ağır günündə ilk yardıma gəlməsi də iki ölkə arasında münasibətlərin necə dərin olmasından xəbər verir və iki dövlət arasında əlaqələrin ən yüksək səviyyədə olmasının əyani nümayişi kimi dəyərləndirilir.

Azərbaycanın bir çox bölgələri Türkiyədə baş vermiş güclü zəlzələdən zərərçəkənlərə yardım aksiyasına fəal qoşulub. Qeyri-sabit, qarlı-yağışlı hava şəraitinə baxmayaraq, ölkənin müxtəlif şəhər və rayonlarında yaşayan sakinlər axın-axın təşkil olunan yardım toplama məntəqələrinə gəlir, gətirdikləri əşyaları aidiyyəti üzrə məsul şəxslərə, könüllülərə təhvil verirlər. Naftalan şəhəri də öz növbəsində qardaş ölkə üçün humanitar yardım kampaniyasına qoşulub.

Zəlzələdən zərər çəkmiş Azərbaycan Respublikası vətəndaşlarının müəyyən edilməsi və təxliyyəsinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyində, İstanbul və Qars şəhərlərindəki Baş konsulluqlarında Operativ Qərargahlar çalışmaqdadır.

24 saat fəaliyyət göstərən və əməkdaşlar tərəfindən cavablandırılan qaynar xətlərə daxil olmuş vətəndaş müraciətlərinə və əldə edilmiş məlumatlara əsasən, Türkiyənin zəlzələ nəticəsində dağıntılara məruz qalmış vilayətlərində (Kahramanmaraş, Hatay, Adana, Malatya, Qaziantep, Adıyaman, Şanlıurfa, Kilis, Osmaniye, Diyarbakır, Elazığ və Mərsin) məskunlaşan və ya müvəqqəti burada olan Azərbaycan vətəndaşları siyahıya alınır. Azərbaycana təxliyyə edilmək arzusunda olan vətəndaşların bu məqsədlə ayrılmış avtobuslara yerləşdirilməsi təmin edilir. Əlverişsiz hava şərati ilə bağlı məhdudiyyətlərin təxliyyə prosesinə maneə yaratmaması üçün Türkiyə dövlət qurumları ilə bu məhdudiyyətlərin aradan qaldırılması istiqamətində danışıqlar aparılır.
Zəlzələ zamanı sənədləri itmiş və ya yararsız vəziyyətə düşmüş vətəndaşlarımız üçün sənədləşdirmə işləri Türkiyədəki Səfirlik və Baş konsulluqlarımız tərəfindən sadələşdirilmiş qaydada həyata keçirilir.
Tarixi köklərimiz, ortaq dəyərlərimiz, dinimiz bir olan Türkiyə ilə əzəldən var olan qardaşlıq bağlarımız gündən-günə daha da möhkəmlənir və güclənir. Elə bu sarsılmaz və əbədi birliyimizin gücü ilə də bütün çətinliklərin, qarşılaşdığımız problemlərin öhdəsindən layiqincə gəlirik və gələcəyik. Azərbaycan-Türkiyə birliyinin verdiyi güc və əzmlə tezliklə qardaş Türkiyədəki təbii fəlakətin nəticələrini də aradan qaldıracağıq. 


Naftalan şəhər sakini Ülfət Əliyev

OXŞAR XƏBƏRLƏR