“ABŞ Prezidenti Barak Obamanın Azərbaycanla bağlı söylədiyi fikirlər - əslində məsələyə onların öz kontekstindən, prizmasından yanaşsaq tam normaldır.
Niyə? Çünki, Qərb və qərbmeylli dairlələrin dünya siyasətinə “bəxş” etmiş olduğu, eyni zamanda özlərinin dərk etmiş olduğu QHT formatı biz düşündüyümüzdən daha fərqlidir.
Və ya onlar əksər hallarda QHT-lərə vətəndaş cəmiyyətinin bir qolu kimi deyil, məhz siyasi proseslərə təsir resursu kimi baxıblar. baxırlar və bundan sonra da baxmaq niyyətindədirlər”
AZXEBER.COM xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev Barak Obamanın Azərbaycanda QHT-lərin fəaliyyəti ilə bağlı söylədiklərinə münasibət bildirərkən deyib.
Partiya sədri daha sonra əlavə edib: “Mahiyyət nədir? – Mahiyyət ondan ibarətdir ki...tutaq hər hansı bir müstəqil dövlətin siyasi xəttinə, ələlxüsus da yürütdüyü beynəlxalq istiqamətə “yön vermək” ya da eyni adlı proseslərin gedişində diktə elementlərini bərqərar etmək lazımdır, orada artıq həmin QHT-lər anındaca istismar maşınına çevrilir…
Təbii, bu gedişatda Azərbaycan da istisna deyil. Daha doğrusu ola bilməz. Və ya harda ki üzbəüz danışmaq, bəlli qıcıqları bildirmək, açıq-açığına fikir ifadə eləmək mümkün deyil, bəlli məkanda muzdlu QHT-lər əlavə vasitə kimi tamamən işə yarayır.
Məsələn Azərbaycan. Görün bizdə - haqqında danışdığım prosesin katalizatoru rolunda kimlər sıxış edir? - Həm QHT adı ilə fəaliyyət göstərən daxildəki satılmışlar, həm də kənardan “ələkçiyə qıl verən” - ”Human Rights Watch”, “Freedom House” – kimi təşkilatlar. Deyilmi? Bax, dünya siyasətinin ən iyrənc “fənd”lərindən biri də budur..
Oysa, Azərbaycanda nəinki QHT-lərin, ümumən Vətəndaş Cəmiyyətinə aid bütün təsisatların fəaliyyəti şəffaf və qanunvericiliklə tənzimlənən formadadır. Bu faktoru görməmək onu görməkdən çox-çox daha çətin işdir. Ki, Obama da məhz çətin olanı seçib. Dezoları reallıqlardan daha üstün plana keçirib.
Amma olsun. Bütün hallarda Azərbaycan üçün maraqlı olan xalqın və cəmiyyətin fikridir. Çünki, mövcud hakimiyyətin mənbəyi və təməli də həmin xalqın və cəmiyyətin iradəsi ilə formalaşıb.O ki qala, Obamanın bir cümləsi ilə sevincək olan radikal müxalifət nümayəndələrinə….Onların vəziyyəti gerçəkdən acınacaqlıdır. Hətta katastrofik həddə faciəvidir!
Və ya görün adamlar yerin hansı dibinə qədər eniblər, ki, artıq gördükləri işlərlə deyil, eşitdikləri hansısa cümlə və yalanlarla xoşbəxt olmağı, təsəlli tapmağı bacarırlar. Üstəgəl, beyinlərindəki ucuz və düşük fantaziyaları bir az da daha təkmilləşdirərək…” – deyə partiya sədri fikirlərini tamamlayıb.