Azərbaycan və Litva arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır

Azərbaycan və Litva arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır
SİYASƏT
17:46 26.05.2023
538

Bildiyiniz kimi 22 may 2023-cü il tarixində möhtərəm Prezidentimiz cənab İlham Əliyev Litva Respublikasında rəsmi səfərdə olub. Latviya Azərbaycanın müstəqillikdən əvvəl də əlaqələrinin olduğu az sayda Avropa ölkələrindən biridir.


Dövlət başçısı və birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın Litva Respublikasına rəsmi səfəri ölkəmizin beynəlxalq əlaqələr coğrafiyasının tənzimlənməsi baxımından mühüm əhəmiyyətə malikdir. Səfər çərçivəsində bir sıra yüksək səviyyəli görüşlər keçirilib, ölkələrimiz arasında gənclər, idman, ekologiya və prokurorluq sahələri üzrə bir sıra mühüm sənədlər imzalanıb. Səfər zamanı Vilnüs şəhərində Litva Respublikasının prezidenti Gitanas Nausedanın iştirakı ilə əməkdaşlıq sənədləri imzalanmışdır.


"Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Litva Respublikasının Ətraf Mühit Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində
əməkdaşlığa dair Saziş”, "Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Litva Respublikasının Sosial Təhlükəsizlik və Əmək Nazirliyi arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Saziş", "Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə LitvaRespublikasının Baş Prokurorluğu arasında 2024-2025-ci illər üçün Əməkdaşlıq Proqramı” sazişləri Azərbaycan-Litva dövlətlərinin müxtəlif şaxəli əməkdaşlığının göstəricisidir. Ətraf mühitin mühafizəsi, Gənclər siyasəti, Prokurorluq orqanlarının əməkdaşlığı sahəsində imzalanmış sənədlər hər iki dövlətin ayrı-ayrı sahələr üzrə təcrübələrini bölüşməsi, qarşılıqlı əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi kimi məsələləri ön plana çəkir. Səfər zamanı Vilnüs şəhərində Azərbaycan-Litva Biznes forumu keçirildi. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Biznes forumunda iştirak etdi. Bir il ərzində ikincidəfə keçirilən biznes forumda hər iki ölkə rəhbərlərinin iştirakı Azərbaycan Litva arasında biznes əlaqələrinin inkişaf etdirilməsi baxımından çox əhəmiyyətlidir.

Forumda çıxış edən dövlət başçısı iki ölkə arasındakı əməkdaşlığın potensialının kifayət qədər böyükolduğunu vurğuladı. Prezident bildirdi ki, bərpaolunan enerji sahəsinə yatırımlar baxımından eyni istiqamətdə gedirik. Hər iki ölkədə Baltik və Xəzər dənizlərində çox böyük külək enerjisipotensialı var. Enerji diplomatiyası ölkəmizin önəmli istiqamətlərindən biridir. Azərbaycanda enerji təhlükəsizliyi də mövcuddur. Lakin, Azərbaycan ixrac məqsədləri üçün daha çox təbii qaza qənaət etmək və elektrik enerjisinin istehsalı üçün təbiətin günəş və külək enerjilərindənistifadə etmək niyyətindədir.

 

2022-ci ilin iyul ayında Avropa Komissiyası və Azərbaycan Enerji sahəsində Strateji Tərəfdaşlıqla bağlı Anlaşma Memorandumu imzalandı. Onun əsasında 2027-ci ilə qədər Azərbaycanın Avropaya təbii qaz təchizatının iki dəfə artacağını vurğulayan prezident İlham Əliyev 2021-ci ildə Avropaya təbii qaz təchizatının 8 milyard kubmetr, bu il isə 12 milyard kubmetr olacağını bildirdi. Bu rəqəm 2027-ci ilə qədər 20 milyard kubmetrə çatdırılacaqdır. Avropanın etibarlı təchizatçısı kimi Azərbaycan bu gün də nefti, təbii qazı vəelektrik enerjisini ixrac edir.


Azərbaycanın əlverişli coğrafi mövqeyi, Avropa ilə Asiyanı birləşdirən mühüm siyasi, iqtisadi dəhliz rolunu oynaması bir çox ölkələr kimi Latviyanın da diqqətini cəlb edir. Bundan əlavə, Azərbaycanın özünün son illərdə nail olduğu inkişaf göstəriciləri, respublikamızın regionda lider dövlətə çevrilməsi, habelə ölkəmizin hər bir sahədə müstəqil siyasət yeritməsi və enerji siyasətində Avropa məkanı ilə əməkdaşlığa xüsusi önəm verməsi də ölkəmizin tərəfdaşlıq qismində müsbət beynəlxalq imicini formalaşdıran mühüm faktorlardandır. Malik olduğu zəngin karbohidrogen ehtiyatları sayəsində Avropanın enerji təhlükəsizliyinin təminində əvəzolunmaz mövqeyə sahib olan Azərbaycanda yaradılan əlverişli biznes mühiti və geniş iqtisadi inkişaf potensialı da respublikamızın tərəfdaş ölkələrlə daha sıx əməkdaşlığına imkan verir. Öz növbəsində Avroatlantik məkana intensiv surətdə inteqrasiya edən Azərbaycan da Latviya ilə əməkdaşlıqda maraqlıdır.Qarşılıqlı ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində qurulan əlaqələr hər iki ölkənin siyasi, iqtisadi və təhlükəsizlik maraqlarına cavab verir. O cümlədən cənab Prezident İlham Əliyevin may ayının 21-22-də Litvaya rəsmi səfəri ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafına mühüm töhfələr verəcək. Təsadüfi deyil ki, dövlətimizin başçısı Vilnüsdə mətbuata bəyanatla etdiyi çıxışında bir daha vurğuladı ki, Azərbaycan və Litva arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Ölkələrimiz arasında çox fəal siyasi dialoq aparılır və bu dialoq konkret nəticələrlə də tamamlanır.


 

 

Naftalan şəhər sakini: Samir Qocayev

OXŞAR XƏBƏRLƏR