“Azərbaycan Xalq Cümhuriyyəti bizim tariximizin şanlı səhifəsidir” - İlham Əliyev

SİYASƏT
12:25 26.11.2013
1546
Prezident İlham Əliyev “Jurnalistlərin dostu” mükafatının təqdimetmə mərasimində Azərbaycan Xalq Cümhuriyyəti (AXC) haqqında ətraflı bəhs edib.
AZXEBER.COM AzərTAc-a istinadən xəbər verir ki, dövlət başçısı AXC qurucularının Azərbaycan xalqı qarşısında çox böyük xidmətlər göstərdiklərini önə çəkib:
“Bu, doğrudan da bizim tariximizin şanlı səhifəsidir, müsəlman aləmində ilk demokratik respublika olmuşdur.
Respublikanın baniləri Azərbaycan xalqı qarşısında çox böyük xidmətlər göstərmişlər. Məmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, digər rəhbərlər, onların dünyagörüşü, cəsarəti, xalqa olan bağlılığı hər bir azərbaycanlı üçün bir nümunədir.
Ona görə onların əziz xatirəsi bizim üçün daim qürur mənbəyidir. Müstəqillik mövzularında araşdırmalar nəticəsində yaradılan əsərlərə böyük ehtiyac vardır.
Çünki bugünkü Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və bizim əsas müstəqillik bayramımız da 28 May bayramıdır. Çünki o vaxt Azərbaycanın dövlətçilik əsasları qoyulmuşdur”.
Prezident daha sonra diqqəti AXC-nin bolşeviklər tərəfindən işğalına yönəldərək, Azərbaycan xalqının tarixi şansdan istifadə edərək, öz müstəqilliyini bərpa etməsinə yönəldib:
“Ancaq biz yaxşı bilirik, siz də hamıdan yaxşı bilirsiniz, o vaxt ölkə ətrafında və hətta ölkə daxilində gedən proseslər imkan vermədi ki, bu müstəqillik qorunsun.
Cəmi 2 ildən sonra müstəqillik əlimizdən alınmışdır. O vaxt bolşeviklərin böyük yalanlarından biri də məhz bu olmuşdur.
Çünki biz yaxşı bilirik ki, bolşeviklər bir neçə əsas şüarla hakimiyyətə gəlmişdilər - torpaq kəndlilərə, fabriklər fəhlələrə, xalqlara müstəqillik, özgürlük, hürriyyət. Heç birini də etmədilər.
Axırıncını da, müstəqilliyi də əlimizdən aldılar. Amma tarixi şans elə gətirdi ki, bu xoşbəxtlik Azərbaycana bir daha nəsib oldu. Olmaya da bilərdi. Çünki o vaxt Sovet İttifaqı əlbəttə ağır vəziyyətdə idi, amma çökməyə də bilərdi.
O vaxt çökməsəydi ola bilsin ki, bu gün də, necə deyərlər, ölkə hələ yaşaya bilərdi. Hər halda belə ehtimal da olmuşdur.
Ona görə də bu tarixi şans idi. Azərbaycanda xalq hərəkatı, müstəqillik uğrunda gedən mübarizə, digər bəzi postsovet ölkələrində gedən mübarizə əlbəttə ki, Sovet İttifaqının süqutunu şərtləndirmişdir.
Bir daha demək istəyirəm ki, biz bu şansı əldən verə bilmərik”.

OXŞAR XƏBƏRLƏR