"Azərbaycan özünü dünyada güclü idman dövləti kimi təsdiqləyib"

"Azərbaycan özünü dünyada güclü idman dövləti kimi təsdiqləyib"
SİYASƏT
12:03 14.01.2023
627
Müstəqil Azərbaycan Respublikasının yaradılması və öz mövcudluğunu qoruyub saxlaması geniş mənada, milli birliyin Azərbaycan xalqının ictimai, siyasi və mənəvi tələbatına çevrilməsi deməkdir. Milli birlik və həmrəylik şəraitində cəmiyyətdə sabitlik mövcud olur, yüksək mənəvi dəyərlər ictimai qanunauyğunluqların əsas bazasına çevrilir və bu, belə bir harmonik mühitdə dövlətin siyasi, iqtisadi və digər sistemlərinin rahat inkişafına, beləliklə də, ümumi rifahın təmin olunmasına gətirib çıxarır.

Digər tərəfdən, müstəqil dövlətin qurulması milli birliyi zəruri etdiyi kimi həm də bu birliyə şərait yaradan amildir. 

Bu gün Azərbaycanda idmanın inkişafı bilavasitə dövlət başçısının nəzarətindədir və bütün regionlarda bu inkişaf sürətlə və yüksək səviyyədə gedir. Elə bir rayon və şəhərimiz yoxdur ki, orada idman kompleksi, Olimpiya mərkəzi olmasın. İstər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə idmançılarımızın qələbələri, qazandıqları saysız-hesabsız medallar mədəniyyətimizin təbliğinə və vətənpərvərlik ruhunun yüksəlməsinə xidmət edir. İdman hər bir ölkənin ictimai həyatının önəmli bir hissəsidir. Bu baxımdan haqlı olaraq bir sıra ölkələr bunu prioritet sayır. Azərbaycanda da idman xüsusi əhəmiyyət kəsb edir. 

İdman siyasətinin düzgün müəyyən olunması nəticəsində bu sahədə uğurlarımız ildən-ilə artır. Bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınıb, beynəlxalq idman ailəsində layiqli yerini tutub. Sözsüz ki, bu uğurların təməli Ümumilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan siyasi kursla bağlıdır. 1993-cü ildə Ulu Öndər hakimiyyətə qayıdandan sonra Azərbaycanda digər sahələr kimi idman sahəsi də inkişaf etməyə başladı. Bu siyasət Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Dövləti dünya dövlətlərinə dövlət bayrağı daha gözəl tanıdır. Bu, həm də idmana xas olan vasitələrdəndir. İdmançı bu və ya digər yarışda qalib gələndə onun şərəfinə təmsil etdiyi dövlətin bayrağı qaldırılır, birinci yeri tutanda dövlətin himni səsləndirilir. Bir məqamı qeyd etmək istərdim: idmançının şərəfinə dövlət himni səsləndiriləndə bütün iştirakçılar onu ayaq üstə dinləyir. Bunu dövlətə ehtiramı olanlar da, olmayanlar da ayaq üstə dinləyir, səssiz-səmirsiz. Bu baxımdan idman həm də böyük siyasi güc deməkdir.

Yanvar ayının 9-da ötən ilin idman yekunlarına həsr olunan mərasim keçirilib və həmin mərasimdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev qeyd edib ki, hər il olduğu kimi, keçən il də Azərbaycan idmanı üçün uğurlu il olmuşdur. Prezident bildirib ki, Azərbaycanın digər sahələri kimi idman sahəsi də dinamik şəkildə inkişaf edir. Ölkəmizdə keçirilmiş müxtəlif beynəlxalq yarışlar Azərbaycanı bir daha idman ölkəsi kimi təsdiqləyir.

Keçən il Azərbaycan idmançıları beynəlxalq yarışlarda 800-dən çox medal qazanmış, onlardan 300-ə yaxını qızıl medaldır.

Cənab Prezidentin çıxışından aydın oldu ki, azad edilmiş şəhərlərin hər birində idman qurğularının yaradılması nəzərdə tutulur. Bütün şəhərlərin Baş planları təsdiq edilib. Bütün bərpa-quruculuq işləri Baş planlar əsasında aparılacaq və idman obyektlərinin yaradılması nəzərdə tutulur. Ağdamın məşhur "İmarət” stadionunun yeni layihəsi işlənilir. Son bir neçə il ərzində bütün ölkə üzrə müxtəlif yarışlar keçirilib. Gənclər və idman naziri qarşısında qoyulan vəzifələrdən biri də məhz bu idi ki, bölgələrdə idman canlansın və bir çox yarışlar keçirilsin. 

Bu siyasət həm idman uğurlarımızı şərtləndirəcək, eyni zamanda gənclər, yeniyetmələr, uşaqlar gənc, uşaqlıq yaşlarından idmana cəlb ediləcək və bunun onların tərbiyəsi üçün çox böyük əhəmiyyəti var. Çünki idman həm fiziki gücdür, həm də özündə fiziki güc hiss edən hər bir insan adətən mənəvi cəhətdən də sağlam olur. Bizim görkəmli idmançılarımızın uğurları və nümunəsi bütün gənc idmançılar üçün örnək olmalıdır. Çünki bizim idmançılarımız həyatda, cəmiyyətdə, məişətdə də özlərini ləyaqətlə aparırlar və idman arenalarında qazanılmış uğurları adi həyatda da öz hərəkətləri ilə təsdiqləyirlər.
Gənclik və idman bir-birini tamamlayan məfhumlardır. Müasir gənclərin hərtərəfli formalaşması, rəqabətə davamlı yetişdiriliməsi məhz dövlətin uğurlu gənclər siyasətinin davamıdır. Gənclərimiz tək idmanda deyil, bütün sferalarda aktiv rolu ilə seçilir, ictimai-siyasi, sosial-iqtisadi sahələrdə də mühüm rol oynayırlar. Bütün bunlar Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanların, yüksək diqqət və qayğının nəticəsidir.
Azərbaycan özünü dünyada güclü idman dövləti kimi təsdiqləyib və bütövlükdə ölkəmizin dünya arenasında mövqeyi ildən-ilə möhkəmlənir

Naftalan şəhər sakini Samir Qocayev

OXŞAR XƏBƏRLƏR