Azərbaycana qarşı ideoloji virus: “Jam-news”

Azərbaycana qarşı ideoloji virus: “Jam-news”
SİYASƏT
18:00 14.05.2019
5135
Ənvər Yusifoğlu

Son bir neçə ildə Avropa İttifaqının dəstəyi ilə Tiflisdə ermənilər tərəfindən yaradılan "jam-news.net” internet portalı Azərbaycan dövlətinə qarşı "səssiz informasiya savaşı” meydanına çevrilib. Bu saytda çalışan çoxsaylı soydaşımızın heç nəyin fərqinə varmadan ermənilərin Azərbaycan torpaqlarının anneksiya siyasətinə dolayı yolla dəstək vermələri olduqca müdhişdir. Saytın Azərbaycan, ingilis, rus, gürcü və erməni xidmətləri vardır. Faktiki olaraq, Azərbaycanın hər bir guşəsindən canlı reportajların gündəlik bu saytda yerləşdirilməsi ondan xəbər verir ki, Ermənistanın xüsusi xidmət orqanlarının ölkəmizlə bağlı müntəzəm informasiya almaq imkanlarına malikdir. Adlarını politoloq, siyasi şərhçi və sair ayamalarla bəzəyən bəzilərinin qondarma informasiya məkanında yer almaları birbaşa Ermənistanın strateji maraqlarına xidmət edir.

"Erməni kəşfiyyatı”nın arxa cəbhədəki mövqeləri

İrəvandan idarə olunan "Jam-news” portalının "xəbər”, "analiz”, "cəmiyyət”, "pəncərə”, "qarabağnamələr”, "qayğısız qalanlar”, "multmedia”, "coğrafiya”, "iqtisadiyyat”, "siyasət”, "münaqişələr” və digər bölümlərinin hər birində Ermənistan xüsusi xidmət orqanlarının suallarına cavablar tapmaq asandır. Bu redaksiyanın Azərbaycandakı "müxbirləri” (ona görə dırnaq içində yazırıq ki, onların heç biri yazdıqları yazıların və reportajların altında imzalarını qoymurlar) Ermənistanın xüsusi xidmət orqanlarının irəli sürdüyü konsepsiya ilə hərəkət edirlər. Redaksiyanın Füzuli, Cəbrayıl, Ağdam, Xocavənd, Ağcabədi, Bərdə, Goranboy, Tərtər, Daşkəsən, Gəncə, Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonları üzrə xüsusi müxbirləri var. Onlar gündəlik cəbhə boyu bölgələrlə bağlı Ermənistanın xüsusi xidmət orqanlarına video-süjetlər, foto şəkillər və reportajlar göndərməyə borcludurlar. Həmin materialların müəyyən qismi saytda yerləşdirilsə də, "xüsusi qrifli” materiallar isə, İrəvandakı güc strukturlarının daha çevik siyasət yürütməsi üçündür.

"Jam-news”in informasiya və analitika bölümlərini diqqətlə analiz etdikdə o da bəlli olur ki, Ermənistan mümkün qədər Gürcüstanı öz tərəfinə çəkməklə "Anti Azərbaycan koalisiyası” taktikası yürüdür. Saytda Azərbaycan Konstitusiyasını dəyişdirərək "şəriət dövləti” qurmaq istəyən və cinayət əməllərinə görə həbs olunan islamçıların hüquqlarının müdafiəsi təşkil olunubdur. Son zamanlar Azərbaycana qarşı İranın bəzi radikal çevrələrinin və Ermənistanın birgə səyləri nəticəsində süni şəkildə qabardılan "etnik azlıq” problemi vasitəsilə separatizmin dəstəklənməsi siyasəti saytın aparıcı mövzularından biridir. Beləliklə, bir yandan Qarabağ bölgəsində "arxa cəbhə” ilə bağlı gündəlik informasiya məkanına sahib çıxan Ermənistanın xüsusi xidməti istədiyi bilgilərə sahib olmaq imkanı əldə edibdir. Digər yandan sapı özümüzdən olan "baltalar” bu işə rəvac verirlər.

"Jam-news”in "Meydan TV” sevgisi

Almaniyada mühacir statusu almış və "Həbib Müntəzir” ayaması ilə "Meydan TV” kanalının meneceri Həbib Abdullayev vaxtilə İranın Qum şəhərində təhsil alıb. Sonra Bakıya dönərək "bloger” kimi fəaliyyət göstərərək antiövlət təbliğatla məşğul olub. Daha sonra isə Almaniyadakı ifrat iranpərəst çevrələrin himayəsi altında bu ölkəyə mühacirətə gedib. Bu gün Həbib Müntəzirin "media çetesi” faktiki olaraq, Azərbaycanın hər qarışında Ermənistan və İranın himayəsindəki çevrələrin dolayı yolla müdafiə edibdir. Azərbaycana açıq şəkildə olmasa da, xarici ölkələrin dəstəyi ilə hərəkət edən "Milli Şura” və burada təmsil olunan siyasi partiyalar, ictimai təşkilatların "Meydan TV”-də təbliğ edilməsi kimsəyə sirr deyil. Bu kanalın əməkdaşları İzolda Ağayeva, Səlimə Cəlilova, Aytən Fərhadova, Natiq Cavadlı, Sevinc Vaqifqızı, Cavid Abdullayev, Elnur Muxtarov, Şirin Abbasov və digərləri haqqında hər hansı bir olay yaşanılırsa, "jam-news” saytı dərhal onların müdafiəsinə qalxır.

"Anonim imzalar” məkanındakı yelpazə

"Jam-news” saytının bütün bölümlərində şüuraltı "Azərbaycana nifrət” notları üzərində köklənmiş informasiya texnologiyaları tətbiq olunur. Bu il may ayının 9-da saytda getmiş "Qarabağın Şuşa/Şuşi (ermənilər belə adlandırırlar) şəhəri, Ermənistan-Azərbaycan döyüşlərindən 27 il keçir” adlı baş məqalənin bəzi yerlərini oxucularımıza təqdim etməyi özümüzə borc bilirik.

Qarabağ və Ermənistanda Şuşinin azad olunması, Azərbaycanda isə Şuşanın işğalı gününü qeyd edirlər. Hər il 8-9 may Azərbaycan və Ermənistanda əlamətdar günlərdir. Qarabağda böyük tədbirlər keçirilir. Qarabağın tərəflərin müxtəlif cür adlandırdığı şəhərlə bağlıdır: Şuşa (Azərbacan versiyasında) – Şuşı (erməni versiyasında). Qarabağ və Ermənistanda bu günləri Şuşinin azad olunması, Azərbaycanda isə Şuşanın işğalı günləri kimi qeyd edirlər.

Ön tarixçə: 1990-cı illərdə Qarabağ münaqişəsi başlayana qədər Şuşada əhalinin əksəriyyətini azərbaycanlılar təşkil edib, bu, Dağlıq Qarabağ Muxtar Vilayətinin azərbaycanlıların çoxluq təşkil etdiyi yeganə vilayət mərkəzi idi. Şəhər hündürlükdə yerləşir və oradan vilayətin paytaxtı "Stepanakert”i atəşə tutmaq olurdu. Azərbaycan ordusu da bu üstünlükdən fəal şəkildə yararlanırdı. Buna görə də şəhər üzərində nəzarət hər iki tərəf üçün çox əhəmiyyətli idi. 8 may 1992-ci il tarixində şəhər uğrunda amansız döyüşlər gedirdi. Ermənistan tərəfindən döyüşlərdə 3,800 könüllü iştirak edib. Qarabağın özünümüdafiə qüvvələrinə Arkadi Ter-Tadevosyan rəhbərlik edib. 9 may 1992-ci ildə, səhər saat 4-də o məlumat verib ki, "düşmən Şuşini tərk edib. Erməni qalası azad edilib”.

Xankəndi: 8-9 mayda Şuşinin azad olunmasına həsr olunan çox sayda tədbir, o cümlədən gənclər üçün döyüş yerlərinə ekspedisiyalar təşkil

olunub. Mayın 9-da "Stepanakert”in mərkəzi meydanında eyni zamanda Parad keçirilib: Şuşinin azad olunması günü, Dağlıq Qarabağın müdafiə ordusunun formalaşması günü və İkinci Dünya Müharibəsində (və ya burada adlandırıldığı kimi, Böyük Vətən Müharibəsində) Qələbə Günün. Bayram tədbirlərində Ermənistanın baş naziri Nikol Paşinyan xanımı ilə iştirak edib. Ermənistanın 3-cü prezidenti Serj Sarqsyan da buradadır. Bir qədər əvvəl Qarabağın prezidenti Bako Saakyan və eks-prezident Arkadi Qukasyan prokurorluğa müraciət edərək, Qarabağın 1-ci prezidenti olmuş Robert Koçaryanın tədbirlərə qatıla bilməsi üçün ona qarşı seçilmiş qəti imkan tədbirini dəyişməyi xahiş ediblər.

İrəvan: Ermənistanda istirahət günü elan edilib. Burada da üç bayram qeyd olunur, 9 mayı burada artıq İkinci Dünya Müharibəsində (Böyük Vətən Müharibəsində) Qələbə Günü, Şuşinin azad olunması günü və Dağlıq Qarabağın müdafiə ordusunun formalaşması günü münasibətilə "üçqat bayram” kimi qeyd edirlər. Yerevanın Qələbə Parkında veteranları Ermənistan prezidenti Armen Sarqsyan, müdafiə naziri və digər rəsmi şəxslər təbrik etməyə gəlib. Adəti üzrə veteranları Bütün Ermənilərin katolikosu da təbrik edib. Ermənistan prezidenti bayram münasibətilə deyib: "Qarabağ müharibəsində və Şuşinin azad olunmasında Ermənistan, Artsax və diasporun vahid qüvvələri qələbə çalıb. Qələbələrimizin davam etməsi, Ermənistanda və Qarabağda sülhün sarsılmaz olması üçün səy göstərməliyik” (mənbə: https://jam-news.net/qarabagin-susasusi-səhəri-ermənistan-azərbaycan-doyuslərindən-27-il-kecir/?lang=az-AZ).

P.S. Anonim imzalarla bu saytda fəaliyyət göstərən jurnalistlərimiz Ermənistanın işğalçılıq siyasətinin yanında yer almaqlarının görəsən fərqindədirlərmi?


OXŞAR XƏBƏRLƏR