Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yaradılmasından 9 il ötür. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 20 fevral 2004-cü il Sərəncamı ilə Rabitə Nazirliyi ləğv edilərək, onun əsasında Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN)yaradılıb. "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)" bu istiqamətin ölkəmiz üçün vacibliyini və əhəmiyyətini vurğulayan ilk rəsmi sənəd olub. Cənubi Qafqazda ilk olaraq qəbul edilmiş bu sənəd Azərbaycanın İKT sahəsinə diqqətini cəmiyyətimizə və bütün dünyaya bəyan edib. Sevindirici haldır ki, Azərbaycan Respublikasının prezidenti seçildikdən sonra İlham Əliyevin ilk xarici səfəri 2003-cü il dekabrın 12-də Cenevrədə keçirilən İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitində iştirakla bağlı olub. Sammitdə "Qara qızılı insan qızılına çevirək" tezisini səsləndirməklə İ.Əliyev ölkə iqtisadiyyatında yeni inkişaf mərhələsinin əsasının qoyulduğunu bütün dünyaya bəyan etdi və respublikamızda informasiya cəmiyyətinin qurulması istiqamətində dövlət səviyyəsində məqsədyönlü işlərə rəvac verdi. Ölkənin iqtisadi inkişafının tərkib hissəsi olaraq son illər Azərbaycanda rabitə və informasiya texnologiyaları sektorunun dinamik inkişafı diqqət çəkir. Azərbaycan hökumətinin, xüsusilə RİTN-in fəaliyyəti nəticəsində son illər ərzində respublikanın İKT sektoru yüksək templə inkişaf edir. Bunun bariz nümunəsi kimi bu müddət ərzində informasiya texnologiyaları sektorunda həyata keçirilən nəzərəçarpacaq işlər, İKT sektorunda qəbul edilən Dövlət Proqramları, kosmik sənayenin yaradılması və ilk telekommunikasiya peykinin buraxılması, ötən dövrdə reallaşan irimiqyaslı layihələr çərçivəsində məhsul və xidmət istehsalının həcminin əhəmiyyətli dərəcədə artmasını qeyd etmək olar. Nazirliyin yaradılması Azərbaycanda informasiya texnologiyalarının sürətli inkişafı və tətbiqinə təkan verib. Sektorun daha sürətli inkişafı və vətəndaşların gündəlik həyatının müxtəlif sahələrində qabaqcıl texnologiyaların tətbiq edilməsi məqsədilə 2013-cü il dövlət başçısı tərəfindən Azərbaycan Respublikasında"İnformasiya-kommunikasiya texnologiyaları ili"elan edilib. Səfir: “Azərbaycanın peykinin orbitə çıxarılması Fransa və Azərbaycanın kosmik əməkdaşlığı sahəsində mühüm addımdır”
“Azərbaycanın ilk milli peykinin orbitə buraxılması Fransa və Azərbaycanın kosmik əməkdaşlığı sahəsində mühüm addımdır”.
Fransanın Azərbaycandakı səfirliyindənAPA-ya verilən məlumatına görə, bunu Fransanın Azərbaycandakı səfiri Paskal Mönye və Fransa Xarici İşlər Nazirliyinin Kontinental Avropa İdarəsinin direktoru Erik Furnye Azərbaycan peykinin orbitə çatması ilə bağlı keçirilən tədbirdə bildiriblər.
Tədbirdə sənaye sahəsinin bir çox nümayəndələri, o cümlədən Fəza Tədqiqatları üzrə Milli Mərkəzin (CNES) sədri və siyasi xadimlər iştirak ediblər.
Xatırladaq ki, ABŞ-ın «Orbital Sciences» şirkəti tərəfindən istehsal olunan «Azerspace-1» peyki «Ariane-5» kosmik daşıyıcısı ilə fevralın 8-də orbitə çıxarılıb. Peykin ümumi çəkisi 3 250 kq təşkil edir və onun istifadə müddəti 15 ildir. Peyk 36 aktiv C və Ku siqnal transponderlərə malikdir və Azərbaycan, Mərkəzi Asiya, Avropa və Afrika ölkələri üçün xidmət göstərəcək. Peykin orbitdəki yeri isə Şərq istiqamətində 46 dərəcədir. Peykin imkanlarının 20%-i Azərbaycanın tələbatını ödəmək üçün, qalan 80%-i isə kommersiya məqsədilə istifadə ediləcək. Peykin resurslarının 44%-i artıq 15 illik müddətə Malayziyanın «Measat» peyk operatoruna icarəyə verilib.
Yer səthinin müşahidəsi üçün Azərbaycan peykinin aşağı yer orbitinə çıxarılması 2015-ci ilə, ikinci telekommunikasiya peykinin orbitə çıxarılması isə 2016-cı ilə planlaşdırılıb.
Azərbaycan növbəti illərdə ilk olaraq aşağıorbitli peyklərin, daha sonra isə 2020-ci ilədək bir və ya bir neçə optik və radar peyklərin orbitə çıxarılmasını planlaşdırır.