Azərbaycanda "A-frame" evlər tikən biznesmen həbs olundu

Azərbaycanda "A-frame" evlər tikən biznesmen həbs olundu
SOSİAL
16:35 28.08.2025
416
Bakıda silsilə dələduzluqlar edən şəxs həbs olunub.

AZXEBER.COM Lent.az-a istinadla xəbər verir ki, tikinti şirkətlərindən birinin direktoru 51 yaşlı Elçin Göyüşov (soyadı şərtidir) ayrı-ayrı şəxslərə müxtəlif vədlər verərək, onların külli miqdarda pulunu ələ keçirib.

İlk epizodda o, Ramil adlı şəxsi Novxanı qəsəbəsindəki torpaq sahəsində tikintiyə icazə almaq adı ilə aldadıb. O bu məqsədlə ondan 10 min manat alıb.

İkinci zərərçəkən Səlim isə Elçinə məxsus MMC-nin "Instagram"da reklamını görüb və Şəki şəhərində 3 ədəd "A-frame" tipli ev tikmək üçün ona müraciət edib. Elçin razılaşaraq, onu ofisinə dəvət edib, ayrı-ayrı vaxtlarda onun ümumilikdə 36 min 500 manat pulunu ələ keçirib.

Üçüncü zərərçəkən isə Mehriban adlı qadındır. O, ikimərtəbəli evinin üstündə mansard tikintisi üçün Elçinə üz tutub. Təqsirləndirilən şəxs mansard və onun tikintisinə icazə adı ilə qadından 49 min 700 manat pulu alıb.

Elçin Göyüşov "müştəri"lərinin heç birinin işini yerinə yetirməyib. Aldandıqlarını görən zərərçəkənlər hüquq-mühafizə orqanlarına üz tutublar. Nəticədə Elçin Göyüşov saxlanılıb, yekun olaraq, barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü (dələduzluq təkrar və xeyli miqdarda törədildikdə) maddələri ilə ittiham elan olunub.

Nizami Rayon Məhkəməsində hakim Nəriman Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə Elçin Göyüşov 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
OXŞAR XƏBƏRLƏR