Azərbaycanda “Baby Box” tətbiq oluna bilər? – Deputatdan AÇIQLAMA

Azərbaycanda “Baby Box” tətbiq oluna bilər? – Deputatdan AÇIQLAMA
SOSİAL
15:45 24.09.2026
106

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycanda bir qadın yeni doğulan körpəni boğaraq öldürüb. 

Məlum olub ki, qadının öldürdüyü körpəni onun öz qızı dünyaya gətirib. Təqsirləndirilən şəxs uşağın meyitini əvvəlcə yardımçı tikilidə gizlədib, daha sonra həyətdəki tualet quyusuna atıb. 

Azərbaycanda zaman-zaman yeni doğulan körpələrin küçədə, zibil qutularında və digər təhlükəli yerlərdə tərk edilməsi ilə bağlı məlumatlar yayılır. Belə hallarda körpənin həyatı birbaşa təhlükə qarşısında qalır və onun vaxtında aşkarlanması təsadüfdən asılı olur. 

Bu cür hallar dünyanın müxtəlif ölkələrində də baş verir. Bir sıra ölkələrdə yeni doğulan körpələrin təhlükəsiz şəkildə təhvil verilməsi üçün "Baby Box” və ya "Baby Hatch” adlanan xüsusi məntəqələr yaradılıb. 

Bu sistemdə valideyn yeni doğulan körpəni xəstəxana və ya digər qorunan bir ərazidə yerləşən xüsusi bölməyə anonim şəkildə təhvil verə bilər. Körpə yerləşdirildikdən sonra tibb və sosial xidmət əməkdaşlarına xəbərdarlıq edilir və uşaq dərhal onların nəzarətinə götürülür. 

Bəs Azərbaycanda da körpələrin küçəyə və ya digər təhlükəli yerlərə atılmasının qarşısını almaq üçün belə bir sistemin tətbiqi mümkündürmü?

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan Milli Məclisin deputatı Razi Nurullayev Azərbaycanda hazırda belə bir sistemin tətbiqinə ciddi ehtiyac olmadığını bildirib: 

"Bu məsələ mənim ixtisaslaşdığım sahəyə aid deyil. Ona görə də düşünürəm ki, bu suala daha dolğun cavabı Milli Məclisin Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin üzvləri verə bilərlər. Şəxsi fikrimə gəlincə, Azərbaycanda belə bir sistemin tətbiqinə hazırda ciddi ehtiyac olduğunu düşünmürəm. Çünki söhbət cəmiyyətimizdə geniş yayılmış praktikadan getmir. Əksinə, belə halların qarşısının alınması üçün mövcud sosial, hüquqi və institusional mexanizmlərin daha da gücləndirilməsi daha doğru yanaşma olardı”.


R. Nurullayev qeyd edib ki, digər ölkələrdə tətbiq olunan modellərin Azərbaycana olduğu kimi gətirilməsi düzgün yanaşma deyil: 

"Bundan başqa, hər hansı ölkədə tətbiq olunan modeli olduğu kimi Azərbaycana gətirmək düzgün deyil. Hər cəmiyyətin öz sosial və ailə xüsusiyyətləri var. Biz ilk növbədə problemin miqyasını və səbəblərini dəqiq müəyyən etməliyik. Mən ehtiyat edirəm ki, belə bir mexanizmin geniş şəkildə gündəmə gətirilməsi əks effekt də verə bilər. Yəni cəmiyyətdə geniş yayılmayan bir davranış formasının ayrıca mexanizm kimi təqdim edilməsi müəyyən mənada onun mövcudluğunu normallaşdıra və insanlarda belə bir imkanın olduğu barədə fikir yarada bilər. Bizim əsas məqsədimiz isə körpələrin tərk edilməsinin qarşısını almaq olmalıdır”. 

R. Nurullayevin sözlərinə görə, əsas diqqət körpələrin tərk edilməsinə səbəb olan amillərin aradan qaldırılmasına yönəldilməlidir: 

"Əgər konkret belə hallar varsa, həmin ailələrin sosial və psixoloji səbəbləri araşdırılmalı, ehtiyacı olan qadınlara və ailələrə vaxtında dəstək göstərilməlidir. Məncə, əsas diqqət problemin nəticəsinə deyil, onun yaranmasına səbəb olan amillərin aradan qaldırılmasına yönəldilməlidir”. 

Fəridə Əsədzadə

OXŞAR XƏBƏRLƏR