Azərbaycanda bakalavr və magistratura təhsili tam ödənişsiz olacaq? - AÇIQLAMA

Azərbaycanda bakalavr və magistratura təhsili tam ödənişsiz olacaq? - AÇIQLAMA
SOSİAL
15:39 09.12.2025
805
Xəbər verdiyimiz kimi, Gürcüstanda dövlət universitetlərinə qəbul olunanlar üçün təhsil magistratura pilləsində pulsuz olacaq. Qeyd edək ki, Gürcüstanda dövlət universitetlərinə qəbul olunan tələbələr üçün bakalavr təhsili də pulsuzdur. 

Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli AZXEBER.COM-a açıqlamasında deyib ki, sözügedən məsələ təhsilin əlçatanlığını artırmaq üçün müəyyən ölkələrin zaman-zaman tətbiq etdiyi modeldir:

"Gürcüstanın bu təşəbbüsü təhsilin əlçatanlığını artırmaq üçün müəyyən ölkələrin zaman-zaman tətbiq etdiyi modeldir. 
Bu təşəbbüsün Azərbaycanda tətbiq edilməsi sualına gəldikdə isə burada bir neçə hüquqi və maliyyə aspektini nəzərə almaq lazımdır. Hazırda qüvvədə olan "Təhsil haqqında Qanun”, həmçinin "Ali təhsil haqqında” normativ bazaya görə, dövlət yalnız sosial həssas qruplar, yüksək nəticə göstərən tələbələr və dövlət sifarişi üzrə oxuyanlar üçün ödənişsiz təhsil təmin edir. Yəni, ölkəmizdə ödənişsiz magistratura tamamilə mümkünsüz deyil, sadəcə mövcud sistem bunu kütləvi şəkildə deyil, məhdud kvotalar çərçivəsində həyata keçirir”.

Ekspert deyib ki, bunun geniş miqyasda tətbiqi üçün bir sıra şərtlər var:

"Birincisi dövlət sifarişinin artırılması ilə bağlı əlavə büdcə qərarı, ikincisi isə ali təhsildə prioritet sahələrin müəyyən olunmasıdır. Məsələn, müəllim hazırlığı, mühəndislik, iqtisadiyyat kimi dövlət üçün strateji əhəmiyyət kəsb edən ixtisaslarda magistraturanın tam ödənişsiz olması hüquqi cəhətdən mümkündür. Bunun üçün Nazirlər Kabineti tərəfindən dəyişiklik və ya ayrıca dövlət proqramı qəbul edilə bilər”.

Təhsil eksperti bildirib ki, təhsilə qoyulan investisiya birbaşa ölkənin sosial-iqtisadi rifahını artırır:

"Dünyada tendensiya göstərir ki, təhsilə qoyulan investisiya birbaşa ölkənin sosial-iqtisadi rifahını artırır. Məhz buna görə Azərbaycan üçün də belə bir addım uzunmüddətli insan kapitalı strategiyasına daxil edilə bilər. Əgər dövlət bu modelə keçmək istəsə, həm qanunvericilik, həm də büdcə mexanizmləri buna imkan verir. Burada əsas məsələ  prioritetlərin düzgün müəyyənləşdirilməsidir”.

Ə.Həsənli əlavə edib ki, Azərbaycanda magistraturada oxuyanların əhəmiyyətli hissəsi artıq əmək bazarında fəaldır:

"Azərbaycanda magistraturada oxuyanların əhəmiyyətli hissəsi artıq əmək bazarında fəaldır. Bu da dövlətin əlavə stimullaşdırma addımları atmasını zəruri edir. Yəni belə bir təşəbbüs təkcə tədrisin pulsuzlaşdırılması yox, həm də kadr hazırlığının gücləndirilməsi baxımından strateji addım ola bilər.
Əgər Gürcüstan bu modeli tətbiq edirsə, Azərbaycan da bunu edə bilər, yetər ki, məqsəd gənclərin təhsilə çıxışını genişləndirmək və ölkənin intellektual potensialını gücləndirmək olsun”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR