Azərbaycanda benzinin qiyməti qalxa bilər - İDDİA

SOSİAL
00:53 01.02.2017
3941
 
Dolların məzənnəsinin artması avtomobil yanacağının qiymətinin dəyişməsinə səbəb olacaq.
 
AZXEBER.COM xəbər verir ki,  bu barədə "Report"a SOCAR-dakı mənbələrdən məlumat verilib. "Lakin buraya bütün növ avtomobil yanacağı şamil edilməyəcək. Qiyməti bazar tərəfindən sərbəst təyin olunan benzin markalarının qiymətində bazarın mövqeyindən asılı olaraq artım baş verəcək", - mənbə bildirib.

Burada xatırladaq ki, beynəlxalq bazar tərəfindən qiyməti sərbəst təyin edilən benzin markaları xaricdən idxal olunan "Premium Euro-95" və "Super Euro-98” markalı benzin növləridir. Belə ki, Nazirlər Kabinetinin 31 mart 2014-cü il tarixli qərarına əsasən, ölkəyə idxal olunan "Euro-5” ekoloji normalarının tələblərinə uyğun oktan ədədi 95 və daha yüksək olan avtomobil benzinləri (Aİ-95 və Aİ-98) dövlət tərəfindən tənzimlənən malların siyahısına aid edilməyib, yəni idxal olunan bu avtomobil benzinlərinin qiyməti sərbəst şəkildə müəyyənləşdirilir.

Azərbaycanda istehsal olunan "Aİ-92" markalı benzinin və dizel (L-62) yanacağının qiyməti isə Tarif (Qiymət) Şurası tərəfindən müəyyənləşdirilir. Tarif Şurası da 2013-cü il dekabrın 3-də "Aİ-92" markalı benzinin pərakəndə satış qiymətini hər litr üçün 70 qəpik müəyyənləşdirib. Dizel yanacağının 1 litri isə 60 qəpikdən satılır. Bu növ benzinin və dizel yanacağının ölkədə istehsal olunmasına görə adı çəkilən markalar üçün hökumətin qiymət artımına gedəcəyi o qədər də real görünmür.

Elə sonuncu qiymət artımında da ölkədə istehsal olunan məhsulların qiymətində artım olmayıb. Belə ki, bu il yanvarın 13-də ölkəyə xaricdən idxal edilən "Aİ-95" premium markalı benzinin qiymətində artım baş verib. Hazırda "Aİ-95" premium markalı benzinin qiyməti 1,05 AZN təşkil edir.

Eyni zamanda yanvar ayında bir neçə ölkədə "Premium” markalı benzinin qiymətində artım baş verib.

Yanvarın 13-də bu markalı benzinin qiymətindəki artımdan sonra da göründüyü kimi ölkədə xüsusilə bahalı maşınlarda istifadə olunan və kütləvi xarakter daşımayan "Premium” benzinin qiymətinin qaldırılması əhalinin böyük əksəriyyətinə, ictimai nəqliyyata, istehsalata təsir göstərməyib.

Yuxarıda qeyd olunanlar, istər "Aİ-92" markalı benzinin, istərsə də dizel yanacağının qiymətində dəyişiklik olmayacağını artımın yenə də idxal olunan məhsullara aid olacağını və bunu da bazarın şərtləndirdiyini göstərir.

OXŞAR XƏBƏRLƏR