Azərbaycanda boşanmalar niyə artıb? - AÇIQLAMA

Azərbaycanda boşanmalar niyə artıb? - AÇIQLAMA
SOSİAL
17:10 04.03.2026
336
"Boşanmaların sayının artmasına xəyanət halları, üçüncü şəxslərin ailədaxili münasibətlərə müdaxiləsi təsir göstərir”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında sosioloq Elçin Bayramlı deyib.

O söyləyib ki, boşanmaların çoxalması dünyanın bir çox ölkələrində özünü göstərir:

"Son dövrlərdə ailə dəyərlərinin zədələnməsi müşahidə olunur. Bu, qlobal xarakter daşıyan bir tendensiyadır və dünyanın bir çox ölkələrində özünü göstərir. Müasirlik adı altında təbliğ olunan yeni həyat tərzi, gənclər arasında aparılan müxtəlif çağırışlar ("öz həyatını yaşa”, "əyləncəyə üstünlük ver” və s.) bu prosesə ciddi təsir göstərir. Bir çox gənclər həyatlarını yalnız şəxsi maraqlarına uyğun qurmaq istədiklərini bildirərək evlənməyə tələsmirlər. Ailə qurmağa və ailəyə maddi resurs ayırmağa üstünlük vermək əvəzinə, səyahət etməyi və fərdi rahatlığı seçirlər”.

Sosioloq qeyd edib ki, boşanmalar əlavə hüquqi və sosial öhdəliklər formalaşdırır:

"Belə yanaşmalar milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə müəyyən mənada ziddiyyət təşkil edir. Ailələrin sayının azalması və boşanmaların artması ümumi əhali strukturunda problemlər yaradır. Doğum səviyyəsinin aşağı düşməsi demoqrafik tarazlığa təsir edir, boşanmalar isə əlavə hüquqi və sosial öhdəliklər formalaşdırır. Nəticədə dövlətin sosial məsuliyyəti və yükü artır”.

O bildirib ki, boşanmaların ciddi səbəblərindən biri də xəyanət hallarıdır:

"İnsanlarda bəzi hallarda ailə qurduqdan sonra boşanmaya meyillilik yüksək olur. Bunun səbəblərindən biri gənclər arasında fərdiyyətçi və eqoist düşüncə tərzinin güclənməsidir. Tərəflər bir-birinin fikrinə dözümlə yanaşmaqda çətinlik çəkir, kompromis mədəniyyəti zəifləyir. Hər kəs daha çox öz maraqları çərçivəsində yaşamağa üstünlük verir. Boşanmaların ciddi səbəblərindən biri də xəyanət hallarıdır. Bundan əlavə, üçüncü şəxslərin ailədaxili münasibətlərə müdaxiləsi də ailələrin dağılmasına təsir göstərən amillərdəndir”.

Sosioloq vurğulayıb ki, ailə bir dəfə qurulmalı və qorunmalıdır:

"Ailə institutunun möhkəmləndirilməsi, sağlam ailə modelinin təşviqi vacibdir. Minilliklər boyu formalaşmış milli-mənəvi dəyərlərimizi qorumaq və gənclərə ailənin müqəddəs bir institut olduğunu düzgün şəkildə izah etmək mühüm əhəmiyyət daşıyır. Ailə oyun və ya müvəqqəti qərar deyil, ciddi və məsuliyyətli bir seçimdir. Ailə bir dəfə qurulmalı və qorunmalıdır. Əgər ailədaxili problemlər yaranarsa, onların həlli yolları mövcuddur. Böyüklərin məsləhəti, ailə üzvlərinin qarşılıqlı dialoqu və anlayışı vasitəsilə problemləri aradan qaldırmaq mümkündür. Həll olunmayan problem yoxdur. Gənclər milli dəyərlərimiz əsasında tərbiyə olunduqda ailə institutu daha möhkəm və dayanıqlı olar”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR