“Hesablama Palatası mənimsənilən vəsaitləri geri ödətdirir”
Hesablama Palatası dövlət qurumlarında büdcədən ayrılmış vəsaitlər üzrə xərclənən 61 milyon 286 min 800 manat vəsaitin necə xərcləndiyini yoxlayıb.
Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına ayrılmış vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyəti ilə bağlı həyata keçirilən auditin nəticələri ciddi maliyyə pozuntuları ortaya çıxarıb.
Auditin əhatə etdiyi illərdə xəstəxanada 14 150 000 manat xərclənib. Xəstəxana tərəfindən büdcə vəsaitləri üzrə proqnozlar tərtib edilərkən maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri tam qiymətləndirilməyib, bir çox xərc maddələri üzrə müvafiq hesablamalar aparılmayıb, xərclərin icrası zamanı təyinat dəyişikliyinə yol verilib. İmişli Təhsil Şöbəsi isə mövcud olmayan “işçilər”ə məvacib verib. İmişli rayon Təhsil Şöbəsində həyata keçirilmiş auditdə xeyli maliyyə pozuntuları ortaya çıxıb. Audit ümumilikdə 28 714 800 manatı əhatə edib. Yevlax rayonunda isə ƏSMM-də bilərəkdən artıq ödəmələrə yol verilib. Yevlax şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzində həyata keçirilmiş audit bütövlükdə 18 422 000 manatı əhatə edib. Ailə üzvünə görə ödənilən sosial müavinətin, əmək pensiyasının məbləğinin, əmək haqqının, digər gəlirlərin, ailənin mülkiyyətində olan torpaq sahəsindən, yardımçı təsərrüfatından əldə olunan gəlirlərin ailənin ümumi gəlirinə daxil edilməməsi, ailə tərkibində dəyişikliyin nəzərə alınmaması və düzgün olmayan məlumatın verilməsi, ailənin istifadəsində avtomobilin olmasının tam araşdırılmaması, ÜSY alan ailələrə birdəfəlik yardımın ödənilməsi şərtlərinə tam əməl olunmaması səbəbindən artıq ödəmə aşkar olunub.
Biləsuvar rayonunda aparılan audit isə 31363,8 min manat məbləğində vəsaiti əhatə edib. Bu rayonda da məktəblərin tikintisi və təchizatında maxinasiyalara yol verilib.
Qeyd edək ki, Hesablama Palatası hər il büdcə vəsaitlərinin xərclənməsi ilə bağlı yol verilən yeyinti halları ilə bağlı onlarla fakt ortaya çıxarır və ictimaiyyətə tətbiq edir. Lakin təəccüblü məqam odur ki, hesabatda adı çəkilən rayonların məsul işçilərin heç kim həmin yeyinti hallarına yol verdiyinə görə, vəzifəsindən kənarlaşdırılmır, məsuliyyətə cəlb edilmir. Xüsusən, indiki həssas məqamda , dövlətin büdcə xərclərinə qənaət etmək üçün yollar axtardığı bir vaxtda bu cür yeyintiyə yol verilməsi hökumətə ziyan vumaqdan başqa bir şey deyil. BNəs, görəsən niyə həmin şəxslərə qarşı hüquqi tədbirlər görülmür? Niyə dövlət strukturları Hesablama Palatasının rəyi ilə hesablaşmır?
Qubad İbadoğlu
İqtisadçı ekspert Qubad İbadoğlu “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Hesablama Palatasının açıqladığı qanun pozuntularına görə heç kimin məsuliyyətə cəlb olunmamasını belə izah etdi:“Mənimsəmənin məbləğindən və əhatəsindən asılı olaraq, Hesablama Palatası bəzi hallarda bu müraciətləri Baş Prokurorluğa göndərməlidir. Baş Prokurorluq müvafiq araşdırmalar apardıqdan sonra məsul şəxslərin cəzalandırılmasını həyata keçirməlidir. İstənilən yoxlama nəticəsində bu kimi faktlar aşkarlanır və Baş Prokurorluğa müraciət olunur. Hesab edirəm ki, həmin şəxslərin cəzalandırılması qanunun tələbidir. Hesablama Palatasının əsas məqsədlərindən biri də mənimsənilmiş vəsaitin geri alınmasından və buna məsul olan şəxslərin cəzalandırılmasından ibarətdir. Bəzi hallarda həmin vəsait geri ödəniləndən sonra onu mənimsəyən şəxsin məsuliyyət dərəcəsi yüngülləşir. Ancaq bu bütövlükdə onu məsuliyyətdən azad eləmir. Mən Hesablama Palatasının yoxlamasından sonrakı proseslərlə tanış deyiləm, sadəcə qanunun tələbinə əsasən deyirəm ki, bu belə olmalıdır”.
Vahid Əhmədov
Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov isə Hesablama Palatasının fəaliyyətini müsbət qiymətləndirdi:“ Mən Hesablama Palatasının apardığı yoxlamaları müsbət qiymətləndirirəm. Hətta bu yaxınlarda ABŞ Dövlət Departamentinin hesabatında Hesablama Palatasının işi ilk dəfə müsbət qiymətləndirildi. Hesablama Palatası həqiqətən lazım olan tədbirləri görür, nəticələri də lazımi orqanlara göndərir. Ancaq sonrakı mərhələdə həmin orqanlarda nə həll olunur, nə yox, onlar Hesablama Palatasının səlahiyyəti daxilində deyil. Palatanın vəzifəsi faktları araşdırıb müəyyən oqranlarına göndərməkdir. Lakin digər qurumların Hesablama Palatasının açıqladığı faktlarla nədən hesablaşmadığını həmin qurumlardan soruşmaq lazımdır. Əgər doğrudan da Hesablama Palatasının verdiyi rəylərdə müəyyən mənfi çalarlar varsa, həmin adamlar məsuliyyətə cəlb olunmalıdır. Ya da mənimsədiyi məbləği dövlət büdcəsinə geri ödəməlidir. Mənim aldığım məlumata görə, ödəmələrlə əlaqədar ciddi problem yoxdur, Hesablama Palatası bunları ödətdirir. Hətta bəzi proyektlər var ki, onları saxlayır, axıra kimi yoxlamalar aparılır”. //// musavat.com