Azərbaycanda buraxılış imtahanı keçirilib - Nəticələr nə vaxt elan olunacaq?

Azərbaycanda buraxılış imtahanı keçirilib - Nəticələr nə vaxt elan olunacaq?
SOSİAL
16:08 13.04.2025
318

Bakı şəhərinin Xətai, Nəsimi, Nərimanov, Qaradağ, Suraxanı və Səbail rayonlarında, Gəncə, Samux, Yevlax, Qazax, Ağstafa, Şəki, Lənkəran, Astara, Yardımlı, Ağdam, Ağcabədi, Şuşa, Xankəndi, Xocalı, Ağsu, Zərdab, İsmayıllı, İmişli, Şirvan, Biləsuvar, Qusar, Siyəzən, Xızı, Şabran rayonlarında Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.

Bu barədə AZXEBER.COM-a DİM-dən bildirilib.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 212 imtahan binası, 3816 imtahan zalı ayrılıb. İmtahanda 51 mindən çox şagirdin iştirak edib.

Qeyd olunub ki, imtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında olmayan - şəxsiyyət vəsiqəsini evdə unudan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilən şəkilli arayışı özü ilə gətirməyən şagirdlər də olub.

İlkin məlumatlara əsasən, 3 nəfərdə mobil telefon aşkar edildiyi üçün imtahandan xaric edilib və araşdırma aparılır.

Aprelin 14-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.

İmtahanda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 5 həftə ərzində elan olunması nəzərdə tutulur.

Qeyd edək ki, imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.

İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən açıq tipli) düzgün cavabları sabah gün ərzində Dövlət İmtahan Mərkəzinin saytına yerləşdiriləcək.
OXŞAR XƏBƏRLƏR