Azərbaycanda çoxnikahlılıq gündəmdə - ""Dörd arvad almaq olar" deyənlər bilməlidir ki..."

Azərbaycanda çoxnikahlılıq gündəmdə - ""Dörd arvad almaq olar" deyənlər bilməlidir ki..."
SOSİAL
16:31 21.01.2026
629
Son vaxtlar sosial şəbəkələrdə və bəzi media subyektlərində "bir nikah prinsipinin Azərbaycan reallığına uyğun olub-olmaması” mövzusunda müzakirələr aparılır. Cəmiyyətdə bu məsələyə münasibət birmənalı deyil. Bir qisim insanlar bunu dini və ya ənənəvi yanaşmalarla əsaslandırmağa çalışsa da, digər tərəf çoxnikahlılığı qadın hüquqlarının pozulması və ailə institutuna zərbə kimi qiymətləndirir.

Azərbaycanda ailə institutu Konstitusiya və Ailə Məcəlləsi ilə tənzimlənir. Rəsmi qanunvericiliyə əsasən, ölkədə yalnız monoqamiya – yəni bir kişinin bir qadınla nikahda olması qanuni sayılır. Ailə Məcəlləsinin 12-ci maddəsinə görə, eyni vaxtda iki və ya daha çox nikahda olmaq qadağandır və hüquqi məsuliyyət yaradır. Buna baxmayaraq, cəmiyyət daxilində bəzi hallarda yalnız dini qaydada bağlanan, dövlət qeydiyyatından keçməyən qeyri-rəsmi nikahlara rast gəlinir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu cür yanaşmaların çoxnikahlılığı dolayısı ilə normallaşdırmağa xidmət etdiyini və dövlətin ailə siyasətinin əsaslarına zidd olduğunu bildirib. Komitənin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova qeyd edib ki, "bir nikah prinsipi” Azərbaycan qanunvericiliyində təsbit olunmuş və ailə siyasətinin əsas sütunlarından biridir. Onun sözlərinə görə, bu prinsipin "ictimai reallıq” adı altında sorğulanması ailə institutuna və hüquqi dövlət anlayışına zərbə vurur.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Aqil Abbas AZXEBER.COM-a açıqlamasında çoxnikahlılığa sərt münasibət bildirib:

"Çoxnikahlılıq axmaq və ləyaqətsiz düşüncədir. Biz ərəb şeyxləri deyilik ki, hər qarşıya çıxanla evlənək. Əhali sayının azalmasını əsas gətirib bunu doğru fikir kimi təqdim edənlər yanılırlar. Bu mövzu ümumiyyətlə müzakirə predmeti olmamalıdır. Çoxnikahlılıq Azərbaycan və türk əxlaqına uyğun deyil və heç bir mənəvi dəyərə sığmır”.

İlahiyyatçı Tural İrfan isə bildirib ki, dini baxımdan istisna hallarda çoxarvadlılığa icazə verilsə də, əsas prinsip bir nikahdır:

"Tarixi olaraq orta əsrlərin sosial və təhlükəsizlik şəraiti çoxarvadlılığın yayılmasına səbəb olub. Lakin bu gün həmin reallıqlar mövcud deyil. Azərbaycan xalqının milli mentalitetində də çoxarvadlılıq xarakterik olmayıb. Quranda dörd qadınla evlənməyə icazə verilməsi ciddi şərtlərlə bağlıdır – ədalət, maddi təminat və məsuliyyət kimi tələblər var ki, indiki dövrdə bunların tam şəkildə yerinə yetirilməsi demək olar ki, mümkün deyil. Müasir dövrdə tək nikah həm dini, həm də ictimai baxımdan daha məqbul sayılır”.

Ekspert vurğulayıb ki, "ictimai reallıq” adı altında qanuna zidd addımlar atmaq hüquqi məsuliyyət yaradır:

"Ailə institutunun qorunması, milli və mənəvi dəyərlərə sadiqlik vacibdir. Din də hər bir xalqın mental xüsusiyyətlərini nəzərə alır. Türk xalqlarının tarixi çoxarvadlılıqdan uzaq olub. Bu anlayış daha çox fars və ərəb adətləri ilə bağlıdır və zamanla din pərdəsi altında yayılıb. Bu gün isə nikah məsələləri qanunvericiliyin tələbləri əsasında həll olunmalıdır”.
 
Şahanə Ziyad

Yazı Medianın İnkişafı Agentliyinin "gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması" mövzusunda dərc edilib.

 


 
OXŞAR XƏBƏRLƏR