“Araz” klubunun baş məşqçisi Joze Alesio da Silva klub rəhbərliyinə xəbər etmədən onunla bağlanılan müqaviləni birtərəfli şəkildə pozub.
AZXEBER.COM ans-ə istinadən xəbər verir ki, Joze Alesio da Silva bir vaxtlar çalışdırdığı Qazaxıstanın “Kayrat” klubuna qayıdıb. O, “Kayrat”da baş məşqçinin köməkçisi vəzifəsinə dəvət olunub. Futzal Federasiyası “Araz” klubuna və eyni zamanda milli komandaya da rəhbərlik edən Alesio ilə bağlı UEFA-ya şikayət etmək niyyətindədir. Buna səbəb Alesionun klubun düşərgəsini özbaşına tərk etməsidir.
Onun milli komandanın baş məşqçisi olaraq işini davam etdirməsi isə sual altındadır. Joze Alesio ölkəmizdə çalışdığı müddətdə “Araz”la UEFA kubokunun bürünc medallarını qazanıb. Braziliyalı mütəxəssis üç dəfə milli komandanı Avropa Çempionatının final mərhələsinə çıxarıb.