Bəlkə də “ kimə borcun var?” sualına ilkin olaraq “heç kimə” cavabı verərsiniz. Amma borclar təkcə fərdlər arasında həyata keçirilmir. Şirkətlər və banklardan alınan kreditlər də borc sıralarına aiddir. Mövzu ilə bağlı araşdırma apardıq. Apardığımız araşdırmanın əsas səbəbi hazırda ölkədə borcu olan insanların sayını müəyyən etməkdir.
Azərbaycanda 18 yaşına çatmış hər bir şəxs kredit almaq ixtiyarına sahibdir. Belə ki, 18 yaşına çatmış hər bir gənc müəyyən kredit verilən mağazalardan öz adına hər hansı bir avadanlığı kreditlə götürə bilər. Gənclər arasında ən çox kreditə götürülən əşyalar elektrik əşyalarıdır. Bunlar xüsusən planşet, noutbuk, və ən əsası, mobil telefonlardır. Təbii ki, bunlar sadəcə kiçik məbləğli kreditlərdir. Kiçik kreditlər olmasına rəğmən bəzən gənclər bunu ödəməkdə çətinlik çəkirlər ki, bu da həm alıcı, həm də satıcı üçün problemlər yaradır.
Sirr deyil ki, indi kredit götürmək heç də çətin deyil. Bu gün Azərbaycanda qapısından içəri kredit girməyən ailə tapmaq çox çətindir. Yəqin ki, hər biriniz bir dəfə də olsa, bu cür yazı ilə rastlaşmısınız: “Tək şəxsiyyət vəsiqəsi ilə, heç bir arayış tələb etmədən, banka getmədən, yerində sənədləşmə ilə kredit”. Bu cür sadə şərtləri görən hər bir gənc bundan faydalanmaq üçün kredit verən şirkətlərə müraciət edir. Amma vəziyyət həmişə ürəkaçan olmur. Reklam çarxlarında “faizsiz kredit” sözü yazılsa da, məhsulun qiymətini hesabladıqda bunun belə olmadığı açıq görünür. Bu gün kredit vermə şərtləri nə bazar qaydalarına, nə də ölkə qanunvericiliyinə uyğun deyil. Ən problemli məsələ lombard kreditləridir. Lombard kreditlərində faiz göstəriciləri çox yüksək, verilən şərtlər isə ürək açan deyil. Belə ki, göstərilən şərtlərdə verilən pulun 2 mislində zinət əşyası tələb olunur ki, bu da müştərinin hüququnun pozulması deməkdir. Problemli kreditlər sırasına maşın kreditləri də daxildir. Məlumat üçün bildiririk ki, maşın krediti aylıq 300-450 manatdan başlayır. Bəzən alınan maşın kreditləri ödənilə bilmədikdə banka geri qaytarılır. Geri qaytarıldıqda müştəri banka cərimə ödəməli olduğundan alternativ yolları seçməli olur. Belə olduqda maşını başqalarına satmalı olurlar ki, bu da müəyyən qanun pozuntularına səbəb olur. Başqasının adına alınmış maşının kreditinin davamını tamamı ilə başqa birinin qanuni çərçivədə ödəyəcəyinə heç kim zəmanət vermir.
Bəs bu sistemə kimlər nəzarət edir? Kreditorların hüquqi sistemi qorunurmu?
Mövzu ilə bağlı sorğu apardıq. Belə ki, gənclər arasında apardığımız sorğu nəticəsində bu qənaətə gəldik ki, Azərbaycanda 20 yaşına çatmış gənclərin böyük əksəriyyətinin ən azı 1 telefon krediti borcu var. Bəzi gənclərin maşın kreditləri də var. Kreditlərin növləri yaşa görə dəyişir. Əlbəttə, burada heç bir məhdudiyyət yoxdur. Amma büdcəyə uyğun olaraq 20-25 yaş arası gənclər kiçik elektrik əşyaları, 30-35 yaş arası gənclər maşın və ondan yuxarı yaş katoqoriyasının adında isə ev kreditləri mövcuddur. Hətta bankların təqaüdçülər üçün keçirtdiyi kampaniyalardan sonra təqaüdçülərin belə adlarında kreditlər mövcuddur. O zaman belə sual yaranır.
Azərbaycanda borcu olmayan kimsə varmı?
Banklarda qəribə rəqabət forması yaranıb. İndi banklar alış-veriş kartları istehsalında daha maraqlıdırlar. Təbii ki, bunun özəl səbəbləri var. Belə ki, bu cür nağdsız alış-veriş kartlarından yalnız müəyyən yerlərdə istifadə etmək mümkündür. Belə olduqda isə banklar müştərilərə təqdim etdiyi bu kartlara görə həm müştəridən, həm də həmin müəssələrdən faiz əldə etmiş olur. Qeyd edək ki, bu kartlardan istifadə edilməsi mümkün olan alış-veriş məntəqələrində qiymətlər heç də ucuz deyil.
İndi kredit götürən vətandaşlar sırasında nağd pul kreditlərinə də kifayət qədər maraq var. Sahibkarlar isə sahibkarlar üçün nəzərdə tutulmuş xüsusi kampaniyalardan yararlanmağa çalışırlar. Kreditlər o qədər geniş yayılıb ki, tələbələr üçün də müəyyən “güzəştli” kampaniyalar həyata keçirilir.
Bəs kreditin inkişafı, insanların kreditlərə bu cür cəlb olunması yaxşı haldırmı?
Son bir ildə Azərbaycanda kommersiya banklarından kredit alan fiziki şəxslərin sayı 31,4% artıb. Borc alanların sayı 1 mln 641 min 493 nəfərdir. Bu barədə Azərbaycan Mərkəzi Bankı yanında Mərkəzləşdirilmiş Kredit Reyestrinin bu ilin ilk dörd ayının nəticələri ilə bağlı hesabatında deyilir. Kreditlərin 35 faizini istehlak kreditləri təşkil edir.
Kredit sahəsində ən böyük problem mənzil krteditlərindədir. Belə ki, uzun müddət ödənilmiş bu kreditlərin alıcıları sonda problemlə üzləşməli olurlar. Onlar ya evlərini, ya da evlərinin sənədlərini əldə edə bilmirlər.
İndi kredit sistemi təmir, hətta turizm sahəsində də özünə yer tapıb. Dində Həcc Ziyarətinə, Xorasana gedən şəxsin üzərində heç bir borc olmamalıdır. Bəs bu gün ölkədən gedən zəvvarların heç birinin üzərində kredit yoxdurmu? Onların bir qismi bu ziyarətin ödənişini banklardan aldıqları kreditlərin sayəsində reallaşdırır.
Mövzu ilə bağlı iqtisadçı ekspert Samir Əliyevin fikirlərini öyrəndik. S. Əliyev AZXEBER.COM-a açıqlamasında bildirdi ki, ölkədə kredit alan müştərilərin hüquqları qorunmur: “Onlar bilmədən yalançı reklamların qurbanlarına çevrilirlər. Reklamlarda bank faiz göstəriciləri nisbətən az göstərilsə də, banka müraciət edən müştəri fərqli vəziyyət ilə qarşılaşır. Lakin ehtiyacı olan müştəri məcburən bu xidmətdən istifadə etmiş olur.
Bu gün verilən kreditlər 18 yaşdan başlayır. Sirr deyil ki, 18 yaşlı gənclərin çoxu işsiz, stajı olmayan gənclərdir. Bu cür müştərilərlə isə problemlə qarşılaşmaq təəccüblü deyil. Lakin kreditin verilməsində yaşın heç bir fərqi yoxdur. Çünki ölkədə kredit üçün nəzərdə tutulan faiz göstəriciləri kifayət qədər yüksəkdir. Bu cür kreditləri ödəməkdə nəinki gənclər, hətta orta yaşlı insanlar da çətinlik çəkirlər”.
İqtisadçı ekspert reklam lövhələrində olan “Tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kredit” kimi yazılan reklamlara da toxundu. O bildirdi ki, kənardan hər şey sadə görünə bilər. Əslində isə şərtlər heç də göründüyü kimi deyil: “Kredit verən şirkətlər tək şəxsiyyət vəsiqəsi ilə razılaşma etsə də, qeydiyyatın Bakı, yada Sumqayıt olmasına diqqət edirlər. Onlar iş yerindən arayış istəməsələr də, lakin iş yeri ilə telefonla əlaqə saxlayıb dəqiqləşdirirlər.”
Problemli kreditlər sırasında ən aktualı maşın kreditləridir. Ekspertin sözlərinə görə maşın kreditlərinin problemli olması banklara ciddi zərər vurur. Bu cür kreditlərin məhkəmə qarşısına çıxması maşının üzərində olan faizi dayandırır ki, bu da bankların gəlirlərini nisbətən azaldır. Digər tərəfdən məhkəmə prosesi həm də müştəriyə sərf etmir. Çünki belə olduqda bütün məhkəmə xərclərini müştəri ödəməli olur. Hər iki tərəf çıxış yolunu maşının etibarnamə yolu ilə 2-ci şəxsə satılmasında görür. Burada qanun pozuntusu olmasa da, satış işlərində qeyri-ciddilik meydana gəlir.
İqtisadçı ekspert AZXEBER.COM-a açıqlamasında plastik kartlarla alış-veriş mövzusuna da toxundu. O bu kartların faizinin yüksək olduğunu bildirdi: “Biz diqqət yetirsək, görərik ki, eyni qiymətə alınan məhsullar çox müxtəlifdir. Belə ki, bu kartlardan yalnız müəyyən mağazalarda istifadə etmək olur ki, burada olan qiymət yüksəkliyi, üstəlik kartın əlavə faizi alış-veriş sektorunda balansı pozur”.
Ekspert onu da qeyd etdi ki, kreditə marağın olması ölkə iqtisadiyyatında müsbət hal olsa da, müəyyən istisnalar var. Belə ki, sahibkarlıq üçün əldə olunan kreditlər iqtisadi artım üçün yaxşı üsuldur. Lakin istehlak kreditlərinə maraq ölkə iqtisadiyyatı üçün yaxşı hal deyil. Belə ki, biz xaricdən gətirilən hər hansı bir avadanlığı kreditə götürməklə ödədiyimiz pulu həmin ölkənin balansına köçürürük. Və ya müalicə üçün götürdüyümüz pul kreditləri və bu sıraya aiddir. Bu cür kreditlərin artım tendensiyası ölkə iqtisadiyyatına zərərlidir.
Hazırda ölkə əhalisinin təxminən 79%-inin adında kredit mövcuddur. Krediti olmayan əhalinin isə bir hissəsini uşaqlar və pensiyaçılar təşkil edir. Araşdırmalar və keçirdiyimiz sorğular bu nəticəyə gətirir ki, ölkəmizdə kredit borcu olmayanlar əhalinin çox kiçik hissəsini təşkil edir.
Fatimə İbrahimova