Azərbaycanda elektron siqaretlə bağlı qaydalar sərtləşdirilir: “Bu gənclərin sağlamlığı üçündür”

Azərbaycanda elektron siqaretlə bağlı qaydalar sərtləşdirilir: “Bu gənclərin sağlamlığı üçündür”
SOSİAL
20:03 31.03.2026
105
Azərbaycanda elektron siqaretlərin istifadəsi ilə bağlı qaydalar sərtləşdirilir. Sabahdan etibarən qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai məkanlarda elektron siqaret çəkən şəxslər cərimələnəcək. Bu dəyişiklik Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi çərçivəsində qəbul olunub. Yeni qaydalara əsasən, müəyyən edilmiş qadağan olunmuş ərazilərdə elektron siqaret istifadəsinə görə vətəndaşlara 30 manat məbləğində cərimə tətbiq ediləcək. 

Milli Məclisin deputatı Ceyhun Məmmədov AZXEBER.COM-a açıqlamasında deyib ki, qanun qəbul olunarkən sahibkarlara kifayət qədər vaxt tanınıb:

 


"Bu qanun bir müddət əvvəl qəbul edilib. Qanun qəbul olunarkən sahibkarlara müəyyən vaxt verildi ki, bu müddət ərzində əllərində olan məhsulları satışa çıxarıb realizə edə bilsinlər. Qanunun qüvvəyə minməsi zamanı bu məqam nəzərə alındı və iş adamlarına uyğunlaşmaq üçün imkan yaradıldı. Bu baxımdan hesab edirəm ki, dövlət üzərinə düşən vəzifəni yerinə yetirdi və sahibkarlara kifayət qədər vaxt tanındı”.

Deputat vurğulayıb ki, burada əsas prioritet gənclərin sağlamlığıdır:

"Azərbaycan belə bir qərar qəbul etməklə mühüm addım atdı. Çünki elektron siqaretlərin zərərləri kifayət qədər böyükdür. Burada əsas prioritet gənclərin sağlamlığı, onların sağlam böyüməsi və təhlükəsiz gələcəyidir. Yəni, biznes maraqlarını və gəlir əldə etməyi əsas götürərək gənclərin sağlamlığını risk altına atmaq doğru olmaz. Hesab edirəm ki, verilən vaxt yetərli idi və bu müddət ərzində sahibkarlar qanunun tələblərinə uyğun şəkildə hərəkət etməli idilər.

İqtisadçı ekspert Natiq Cəfərli AZXEBER.COM-a açıqlamasında deyib ki, sahibkarlara dəyən ziyanla bağlı hər hansı kompensasiya nəzərdə tutulmur:

 


"Sahibkarlara dəyən ziyanla bağlı hər hansı kompensasiya nəzərdə tutulmur. Bu isə onunla izah olunur ki, elektron siqaretlərin qadağan ediləcəyi barədə 3 ay öncədən məlumat verilib. Sahibkarlar bu müddət ərzində yaranacaq problemləri özləri həll etməli idilər. Lakin görünən odur ki, 3 aylıq zaman kəsiyi kifayət qədər böyük deyil.
Digər ölkələrin təcrübəsinə nəzər salsaq, bu tip qərarlar qəbul olunarkən adətən 6 aydan 1 ilə qədər keçid müddəti verilir ki, sahibkarlar fəaliyyətlərini uyğunlaşdıra bilsinlər”. 

O bildirib ki, elektron siqaretlərin qadağan edilməsi sahibkarlara mənfi təsir göstərə bilər:

"Sabahdan elektron siqaretlərin qadağan edilməsi sahibkarlara mənfi təsir göstərəcək və onların iqtisadi çətinliklərlə üzləşməsinə səbəb olacaq.
Bununla belə, bu bazarın həcmi o qədər də böyük deyil və ümumilikdə Azərbaycan iqtisadiyyatına mənfi təsir etməyəcək”.

Yazı Medianın İnkişafı Agentliyinin "azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” mövzusunda dərc edilib.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR