Azərbaycanda əri tərəfindən döyülən qadının dəhşətli etirafları - VİDEO

Azərbaycanda əri tərəfindən döyülən qadının dəhşətli etirafları - VİDEO
SOSİAL
14:06 26.10.2016
2362
 "Oxusaydım, işləyə bilsəydim, imkan verməzdim"
 
Əri tərəfindən zorakılığa məruz qalan qadının ürək dağlayan hekayəsi. Qohumları ondan imtina ediblər.
 
Azərbaycanda həyata keçiriləcək "Gender əsaslı zorakılıqla mübarizə layihəsi" qadına qarşı zorakılıq hallarına qarşı mübarizəyə hesablanıb.
 
ARB TV xəbər verir ki, aylarla həyat yoldaşı tərəfindən zorakılığa məruz qalan 3 uşaq anası qadın ailədə 9 övladdan biri olub. Ali təhsili yoxdur, orta məktəbi də yarımçıq tərk edib. Şərti adı Aygün olan xanımla təyin olunan saatda və məkanda görüşdük. Müsahibə verəcəyini əvvəlcədən razılaşdırsaq da, Aygün çəkiliş qrupumuzu xeyli gözlətdi. Tərəddüdü anlaşılandı.
 
Zərərçəkən: "Atamla anam fermada işləyirdi. Mən də gedib onlara kömək edirdim. Bəzi vaxtlar məktəbə çatırdım, bəzi vaxtlar isə çatmırdım. Savadım olmadı". 29 yaşında ailə quran Aygünün bir qədər sonra sözün əsl mənasında qara günləri başlayıb.
 
Zərərçəkən: "Yerdə sürüyürdü məni. Təpiklə vurub pis günə qoydu məni. 10-15 oğlan və binada olanlar gəldilər köməyə".
 
Zorakılıqlara baxmayaraq həyat yoldaşı ilə yaşamağa davam edən Aygündən qohumları imtina edib. Onu bir şərtlə qəbul etməyə razı olublar ki, uşaqları atasına versin. Aygün isə bu addımı atmayıb. Çarəni 3 qız övladı ilə birgə sığınacaqda görüb. Aygün düşdüyü vəziyyətə savadsızlığının səbəb olduğunu anlayır.
 
Zərərçəkən: "İmkanım olsaydı, oxuya bilsəydim, işləyə bilsəydim, imkan verməzdim ki, balalarım belə vəziyyətə düşsünlər". Daha çox zorakılığa məruz qalan qadınlar məhz az təhsilli və iqtisadi asılılığı olanlardır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin gəldiyi nəticə də belədir. 2016-cı ilin doqquz ayında respublikada qadınlara qarşı 4552, zorakılıqla bağlı 1747 cinayət qeydə alınıb. Cinayətlərin 13 faizi (4552-dən 591-i) və ya hər səkkizincisi ailə məişət münaqişəsi zəminində baş verir.
 
BMT-nin Əhali Fondu və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin dəstəyi ilə "Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə layihəsi" həyata keçiriləcək. 2 il müddətində davam edəcək layihə bu tip zorakılığın qarşısının alınmasına yönəlib. 
 

OXŞAR XƏBƏRLƏR