Bu gün gənclərin çoxu Facebook-da vaxtını keçirir, bəzən də öz sevgisini tapır. Amma Facebook-dan başlayan sevgiyə inanmaq olarmı? Sevgi "like"dan başlayır Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloqElnur RüstəmovMilli.Az-a açıqlamasında dedi ki, insanlar müxtəlif vasitələrlə tanış olurlar. "Onlardan biri də Facebook-la tanışlıqdır. Lakin bu cür tanışlıq zamanı tərəflərin bir-biri haqqında yetərincə məlumatı olmur. Hər bir tərəf özünü istədiyi kimi təqdim edir. Fikir versəniz, insanlar müxtəlif vasitələrlə informasiya ötürürlər. Bu informasiya həm verbal, həm də qeyri-verbal üsulla ötürülür. Verbal üsul informasiyanın sözlə çatdırılmasıdır, qeyri-verbal üsul isə göz təması, əl-qol hərəkəti, geyim tərzidir. Statistika göstərir ki, insanlar bir-birlərini gördükləri təqdirdə ünsiyyətdə olmasalar belə, özləri haqda 30 faiz informasiyanı ötürürlər. Belə bir ifadə də var: "sevənlər həmişə gözlə danışırlar". Ancaq sosial şəbəkələrdə bu imkanlar çox azdır", - deyən psixoloq əlavə edib ki, sosial şəbəkələrdə sevgi axtarışında olan insanlar psixoloji problemləri olanlardır. Misal üçün, qız sevdiyi oğlandan ayrılıb və ya həyatında heç kim yoxdur deyə, Facebook-da kiminləsə tanış olur. Eləcə də oğlan həyatında emosional boşluq olduğu üçün hansısa xanımın profilinə baxıb onu bəyənir və onlar arasında münasibət başlayır. İlkin mərhələdə münasibət ideal formada gedir. Onlar bir-biri ilə ünsiyyətdə olmasalar, qala bilmirlər. Amma bir müddətdən sonra görüşdükdə bunların bir qismi arasında problemlər yaranmağa başlayır. Bu problemlərin yaranmaması üçün sosial şəbəkələrdə tanış olanların real ünsiyyətdə olması vacibdir. Belə ki, onlar Facebook-da ünsiyyətdə olduqda bir-birlərinə öyrəşirlər. Real həyatda bir-birlərini tanıdıqdan sonra isə problemlər yarananda ayrıla bilmirlər. Bu zaman onlarda depressiya, özünə qapanmalar yaranır. Facebook-da evlənənlər Həyat yoldaşı ilə Facebook-da tanış olanGünay Babayevaxoşbəxt ailə həyatı yaşadığı ilə bölüşüb: “İki ildir ki, evliyik. Yenicə oğlumuz da olub. Körpəm və həyat yoldaşımla çox xoşbəxtəm. Düzdür, internetdə tanış olduğumuz üçün məni və yoldaşımı qınayanlar, dalımızca danışanlar çox olurdu. Deyirdilər ki, "Adam da Facebook-dan qız alar?", "İnternetdə tanış olan qızdan nə gözləyirsən?", "Baxarsız, bunların axırı yaxşı olmayacaq", "Qız yox idi, gedib internetdən tapdı?" Bütün bu danışılanlar haqqında xəbər tutub pis olsam da, sevgimiz məhv olmadı. Və mən bu gün internetdə tanış olub öz sevdiyimə ərə getdiyim üçün məmnunam". GəncOrxan Mirzəyevisə hesab edir ki, ailə internet üzərində qurulmaz: "Mən heç vaxt Facebook-da oğlanlarla tanış olan qız ilə evlənmərəm. Düşünürəm ki, o, biz ailə qurduqdan sonra da öz internetdəki əyləncələrindən əl çəkə bilməyəcək". Psixoloq E.Rüstəmov təsdiqləyir ki, bütün dünyada Facebook-la ailə quran kifayət qədər cütlüklər var. Onlar da Facebook-da tanış olduqdan sonra görüşüb, bir-birini tanıyandan sonra ailə quran adamlardır. Bu insanlar bir-birini yaxından tanıyandan sonra başa düşüblər ki, birgə yaşaya bilərlər. Eyni zamanda Facebook-da tanış olan və münasibətləri alınmayan adamlar da çoxdur. Belə adamlar arasında ümidini itirən, depressiyaya düşən, intihar edənlər də olur. Valideynin seçimi 17-19 yaş gənclərdə eqoların formalaşması dövrüdür. Onlar o dövrlərdə ailəyə qarşı etiraz edirlər. Misal üçün, ailənin seçdiyi oğlanın ali təhsili var, yaxşı yerdə işləyir. Xanımda da həmin adama qarşı istək var. Buna baxmayaraq, xanım razılaşmır. Fikirləşir ki, niyə mən ailəmin seçdiyi adamla ailə qurmalıyam? Xanım özü başqa elə bir adamı seçir ki, o, ailəsinin tövsiyə etdiyi adamdan qat-qat fərqlənir. Yəni belə gənclər ailələrinin məsləhət gördüyü adamdan fəqlənən bir adam seçirlər. Ona görə də ailələr ehtiyatlı olmalı, kimisə tövsiyə etdikləri zaman belə "onu mən məsləhət bilirəm" deməməlidirlər. Bunun əvəzinə deməlidirlər ki, "Sən bax, özün dəyərləndir, gör necə adamdır. Özün qərar ver". Belə dedikdə gənclər özlərini vacib hiss edirlər. Əks halda isə həm qız, həm də oğlan etiraz edəcək. Bunu nəzərə alaraq valideynlər gəncləri çox sıxışdırmamalıdırlar. Ailəsinə çox bağlı olan gənclərin isə müstəqil fikri olmur. Belə gənclər valideynlərinin seçdiyi adamla evlənirlər. Yaşı 30-dan çox olan adamlar da seçimi valideynlərinə həvalə edirlər. Bu yaşda olan adamlar hansısa bir toy kasetinə və ya şəklə baxıb da qız seçə bilərlər. Bulaq başı, yoxsa Facebook? Bu gün biz internet əsrində yaşayırıq. Onsuz da oğlanla qız haradasa tanış olmalıdırlar. Qabaq bulaq başı vardı, bu gün bulaq başı yoxdur, Facebook var. Əvvəllər gənclər bulaq başında bir-birlərini bəyənirdilərsə, bu gün bu proses yoxdur. Bu gün internet var, konfranslar, treninqlər var ki, gələcək cütlüklər orada tanış olurlar. Facebook isə zamanın tələbidir. İstəsək də, istəməsək də, bununla barışmalıyıq. Xoşbəxt evlilik üçün nə lazımdır? Hər bir insanın müəyyən qüsuru və davranışında nöqsanları olur. Tanışlığın ilkin mərhələsində də hər kəs öz nöqsanlarını gizlətməyə çalışır. Hərə özünü ideal göstərmək istəyir. Ona görə də evlənməkdən əvvəl tibbi sığorta ilə yanaşı, psixoloji sığorta da lazımdır. Tərəflər bir-birinin psixikaları ilə tanış olmalıdırlar. Misal üçün, ola bilər ki, oğlan anasına çox bağlı olub və anasını itirib. İndi o, sevdiyi qızda ana obrazını axtarır. Və ya qız böyüdüyü ailədə atasını görməyib. O, istəyir ki, sevdiyi oğlan həm atası olsun, həm də sevdiyi. Elə də ola bilər ki, insan sevdiyi adamdan ayrılıb, uzun müddət depressiyadadır. Ümumiyyətlə, insanlar bir-birinin psixoloji durumu ilə tanış olandan sonra onlara bir-biri ilə ünsiyyət qurmaq rahatlaşır. Tutaq ki, oğlan çox qısqancdır. Əgər qız bilsə ki, bu qısqanclıq nədən qaynaqlanır, bununla bağlı qabaqlayıcı tədbirlər görər. Ancaq bunu bilmədiyi təqdirdə acığa müəyyən hərəkətlər edə bilər ki, bu da ailənin dağılmasına gətirib çıxarar. Ona görə də evlənənlərin tibbi müayinəsi qədər psixoloji konsultasiyasi çox vacibdir. Ola bilsin ki, cütlük tibbi müayinədən keçsin və onların tam sağlam olması məlum olsun. Lakin onlar evləndikdən bir ay sonra ayrılırlar. Niyə? Ona görə ki, onların psixikası pozulub. Onların psixoloji durumu münasibətlərini davam etdirməyə imkan vermir. "Lakin hər bir cütlük xoşbəxt olmaq istəyir. İki dəfə, lap üç dəfə psixoloq yanına gedib xoşbəxt yaşaya bilərsənsə, niyə bundan imtina edirsən?" - deyən psixoloq diqqətə çatdırır ki, insanlar özlərindən başqa hər şeyə pul xərcləyirlər. "Biz maşın alırıq, amma psixoloji durumumuzu düzəltmək istəmirik. Düşünürük ki, aldığımız maşın və ya hansısa başqa bir əşya bizim psixoloji problemlərimizə son qoya bilər".
milli.az