Azərbaycanda gənc ailələr niyə boşanır? - Sosial şəbəkələr, feminizm, seksual problemlər...

Azərbaycanda gənc ailələr niyə boşanır? - Sosial şəbəkələr, feminizm, seksual problemlər...
SOSİAL
13:13 16.08.2021
3449
Gender bərabərliyi cəmiyyətin bütün sahələrində kişi və qadına verilən hüquqların bərabərliyini özündə əks etdirir. Yəni, kişi və qadın cəmiyyətdə eyni hüquqa malikdir. Amma bu bərabərlik bəzən sadəcə kağız üzərində qalır. Çünki cəmiyyətdə kişi və qadın bərabərliyinin, yəni onların hüquqlarının birinin digərinə nisbətən daha çox pozulması halları müşahidə olunur. Bu hüquqların pozulması daha çox qadınlar arasında müşahidə olunur və ya qadınlar hüquqlarının pozulmasını daha çox qabardır, onların hüquqlarının kişilərlə eyni dərəcədə olmadığını mütəmadi olaraq iddia edirlər. Onların qaldırdığı əsas məsələlər kişilərə nisbətdə daha az müdafiə olunmalarıdır.

Dünyanın müxtəlif yerlərində, Avropa, Asiya ölkələrində tarix boyu qadın və kişi hüquqları məsələləri ətrafında ciddi problemlər olub, fikir ayrılıqları yaranıb. Buna baxmayaraq gender məsələləri, kişi və qadın bərabərliyi hər ölkədə eyni deyil. Müxtəlif ölkələrdə bu məsələlərə müxtəlif cür yanaşılır.
 
Məsələn, bəzi ölkələrdə hüquqlar qanunlara, adət-ənənələrə uyğun şəkildə müəyyənləşdirilir. Bəzi ölkələrdə isə, ümumiyyətlə, bunlara baxılmır. Qadın hüquqları dedikdə isə onların müstəqilliyi, zorakılıqlardan uzaq olmaq, təhsil almaq və s. nəzərdə tutulur. Tarixi səhifələrə nəzər saldıqda qadın və kişi bərabərliyinin qədim dövlətlərə qədər gedib çıxdığının şahidi oluruq. Amma burada da onlara tam olaraq eyni hüquqların verilməsi görünmür. Məsələn, Qədim Yunanıstanda yaşayan qadınlar kişilərlə bərabər hüquqlara malik idilər. Daha sonra yeni qanunvericiliklə cinsi ayrı-seçkiliyi dəstəkləyən qanunlar hazırlanmışdı. Nəticədə Qədim Yunanıstanda qadınların hüquqları azaldılıb. Qadınlar heç bir hüquqi şəxsiyyətə malik deyildilər və kişi kiryosların rəhbərliyindəki ailənin bir hissəsi hesab edilirdilər. Evlənənə qədər qadınlar atalarının və ya digər kişi qohumlarının qəyyumluğu altında idi. Evlilikdən sonra isə qadın xanım statusuna sahib olurdu.

Hazırda yaşadığımız və qədim dövrlərdə olduğu kimi indi də kişi və qadın hüquqlarının bərabərliyi arasındakı problemlərə qayıdaq. Hər gün olmasa da, tez-tez sosial şəbəkələrdə, saytlarda hüquq pozuntuları xəbərləri ilə rastlaşırıq. Qadınların hüquq pozuntuları ilə bağlı aqressiya dolu yazıları qarşımıza çıxır. Onlar bu məsələlərin diqqətdən kənarda qalmasından, geniş şəkildə işıqlandırılmamasından gileylənirlər.

Son günlər isə ölkəmizdə ailədaxili münaqişələrin, ər-arvad arasında dava-dalaşların artması müşahidə olunur. Bəzi ailələr öz aralarında yaranan problemləri elə öz aralarında da həll edə bilirlər. Amma bəzilərində isə problem ən dərin nöqtəyə qədər gedir, hətta bəzən cinayətlə də nəticələnir. Bu cür problemlərdən daha çox əziyyət çəkənlərdən biri də uşaqlar olur. Heç şübhəsiz ki, ailədaxili münaqişələr uşaqlara daha çox təsir, onların psixoloji problemlərinin pozulmasına gətirib çıxarır.

Bəs bu cür problemlərin aradan qaldırılması üçün hansı addımlar atmaq lazımdır, bu hadisələrdə kimlər günahlardır?
 


Hüquq müdafiəçisi, "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri, Daxili İşlər Nazirliiyi İnsan Alveri Qurbanlarına Kömək Fondunun sədri Mehriban Zeynalova məsələ ilə bağlı AZXEBER.COM-a fikirlərini bildirib.

Mehriban Zeynalova bildirib ki, belə məsələlərdə hər kəs günahkardır, bunların ardınca axıra qədər gedilmir:

"Belə məsələlər hər birimiz üçün məyusluq yaradır. Belə xəbərlər də bir cür travmadır ki, biz alırıq. Söhbət ondan gedir ki, əksər hallarda bu məsələrin ardınca axıra qədər gedilmir. Biz bu məsələdə bütün dünyanı ittiham edə bilərik. Deyə bilərik ki, hamı günahkardır. Amma mənim praktikamda çox olur ki, əvvəl gələndə deyirlər ki, vurur, döyür, amma daha sonra ya qohumları, ya da özü təzyiq edir. Barışırlar, məsələ bağlanır. Məndə bir hadisə var idi, düzdü ölüm hadisəsi deyildi. Qadını monitorinqə də salmışdım ki, rayonda onu yoxlasınlar ki, görək vəziyyəti necədir. Sonra mənə deyir ki, niyə zəng vurursan, niyə məni narahat edirsən? Mən xoşbəxtəm”.

Mehriban Zeynalova qeyd edib ki, qadınlar üçün sosial paketlər, sosial müdafiə sistemi olmalıdır:

"İstanbul Konvensiyası çox yaxşı bir mexanizmdir. Bizdə isə mexanizm yoxdur, istiqamətləndirmə yoxdur. Qurumlararası operativlik yoxdur. Bir çoxları deyir ki, burada məsələnin mahiyyətində hüquq-mühafizə orqanları dayanır. Yaxşı bəs qadınlar üçün sosial paketlər niyə yoxdur, sosial müdafiə sistemi niyə güclənmir? Ömürlük heç kim sığınacaqda qala bilməz. Demək, inteqrasiya proqramı olmalıdır. Sosial proqram olmalıdır”.

"Hazırda bizim sığınacaqda psixoloji təsirə məruz qalan şəxslər daha çoxdur, amma fiziki zorakılığa məruz qalanlar da var. İndi problem odur ki, gənc qızlar da evdə zorakılığa məruz qalır. Valideyn uşaqla ünsiyyət qura bilmir. Bir də görürsən ki, polisə zəng vurur və dərhal gətirirlər. Yəni bu sığınacaq müraciət edənlərin əksəriyyəti fiziki və psixoloji təsirə məruz qalanlardır. Bu da ciddi problemdən xəbər verir” – deyə Mehriban Zeynalova əlavə edib.
 
Ekspert boşanmaların səbəbləri haqda da danışıb: "Ailələrin boşanmasına səbəblərdən biri də gender məsələsidir. Gənc oğlanla barışa bilmirlər ki, qadınlar onlarla bərabər olsunlar. Bu məsələdə sosial şəbəkələr də rol oynayır. Orada nümayiş etdirilən dəbdəbəli həyatlar, göstərişli paylaşımlar ailə daxili narazılıqlara gətirib çıxarır. Seksual münasibətlərdəki problemlər, seksual tərbiyənin düzgün olmaması da boşanmaların səbəbləri arasındadır”.

Ailədə olan problemlərin müxtəlif səbəbləri var. Erkan nikah, məcburi evlilik, adət-ənənə adı ilə qohumlar arasında yalnız valideyn razılığı ilə baş tutan evliliklər və s. bunların bəzi səbəbləridir. Şübhəsiz ki, dövlətimiz bu istiqamətdə problemlərin həlli üçün mütəmadi olaraq müəyyən addımlar atır. Amma bu məsələdə cəmiyyət özü də təşəbbüs göstərməlidir ki, hazırki problemlər zamanla öz həllini tapa bilsin. Cəmiyyət arasında maarifləndirmə, problemlərə düzgün münasibət hər bir fərdin üzərinə düşən məsuliyyətdir.
 

 
Psixoloq Nuranə Cəfərova AZXEBER.COM-a problemin səbəbləri haqqında danışıb.

O, bildirib ki, Avropalaşma və feministliyə meyillilik problemləri daha çox alovlandırır:

"İnsanlarımız demokratiya altında olan, amma basdırılmış hisslərlə yaşayırlar. Təbii ki, bu hisslər, duyğular mütləqdir ki, insanın həyatının hər hansı bir dönəmində öz təsirlərini buraxacaq. Ona görə də, istər sağlam tərzli ailə həyatı, istər bir şəxsin, fərdin inkişafı üçün mütləqdir ki, sağlam psixoloji mühit, beyin olmalıdır.

Cəmiyyətimizdəki kişi və qadın münasibətlərində əvvəlkinə nisbətdə hazırda daha çox gərginlik var. Münaqişələr, boşanmalar daha çoxdur.
Gənc ailələrin evliliyi indi daha qısa müddət davam edir. Burada isə müxtəlif səbəblər var. Birinci olaraq bizdə Avropalaşma meyli, gender bərabərliyi, feminizmə meyillilik münaqişələri bir az da alovlandırır. Çünki kişi və qadın müxtəlif mövqelər seçmək istəyir. Əslində isə reallıqda qadın və kişi bərabərsizliyi deyə bir anlayış yoxdur. Hər kəsin özünə görə vəzifə və hüquqları var. Amma yanlış izah olunmalar, dünyanın hər tərəfli inkişafına çata bilməmək bu cür vəziyyətləri daha da gərginləşdirir".

Nuranə Cəfərova onu da qeyd edib ki, bu məsələlərdə maarifləndirmə çox zəifdir:

"Biz sanki inkişafdan bir addım geridəyik və buna çata bilmədiyimiz üçün bizim davranışlarımıza da ciddi təsir edir. Yeni qurulacaq ailələrin analiz olunmadan, bir-birlərini tanımadan, dəyər anlayışı ölçülmədən qurulması bu məsələlərə ciddi təsir edir. Çünki partnyor uyğunluğu olmur. Ailənin nə olduğunu bilmədən gənclər ailə qurur. Biz yetərincə inkişaf etmiş ölkədəyik, amma bu məsələdə məlumatlandırma, maarifləndirmə azdır. Maarifləndirmənin fərqli yönləri var. Bizdə anlayışlı tərzdə maarifləndirmə yoxdur, məsələn evlilikdən öncə şəxsi ailə, evlilik məsələləri ilə tanış etmə dönəmi və ya cəmiyyətin ailə qurulmasında rolu çox önəmlidir. Bu kimi məsələlər şiddətin artmasına səbəb olur".

Heç əbəs yerə deyilməyib ki, ailə kiçik bir dövlətdir. Cəmiyyətin və dövlətin inkişafı ailədən başlayır. Ailənin böyüməsi əhalinin demoqrafik vəziyyətinə də birbaşa təsir edir. Bu demoqrafik artım sağlam, elmli fərdlərdən təşkil olunarsa, dövlət də inkişaf etmiş olar".

Boşanmaların sayını azaltmaq üçün psixoloq təklif edir ki, ailələrə mütləq şəkildə psixoloji dəstək göstərilməlidir. Boşanma ərəfəsində psixoloji dəstək alan ailələr bu fikirdən vaz keçirlər. Həmçinin ailə qurmadan öncə gənclər psixoloqa müraciət etsələr, faydalı olar. 

Onu da qeyd edək ki, bu ilin yanvar-may ayları ərzində 6745 boşanma halı qeydə alınıb.

Bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, əhalinin hər 1 000 nəfərinə 2020-ci ilin müvafiq dövrü ilə boşanmaların sayı isə 1,4-dən 1,6-ya qədər artıb.

Aydın Nuri,

Yazı Medianın İnkişafı Agentliyinin yardımı ilə "Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması" mövzusu üzrə dərc olunub.



OXŞAR XƏBƏRLƏR