Аzərbaycanda istehsal olunan güllələr xaricə satılır – VİDEO

MAQAZİN
11:28 07.06.2012
3631

Bu gün cəbhə xəttində atılan güllələrdən bir hissəsi Müdafiə Sənayesi Nazirliyinin Şirvanda yerləşən “Telemexanika” zavodunda istehsal edilir.

Altı il əvvəl müəssisədə əsaslı yenidənqurma işləri aparılıb, dünyanın ən aparıcı ölkələrində istehsal edilmiş dəzgah, avadanlıq və istehsal xətləri quraşdırılıb.

Müəssisədə patronların ayrı-ayrı hissələrinin hazırlanması prosesi avtomatlaşdırılıb. Burada güllənin hazırlanması və yığımı, gilizlərin istehsalı, kimyəvi və texniki emalı, həmçinin patronun yığılması və sınaqdan keçirilməsi üzrə istehsal sahələri mövcuddur.

Zavodda istehsal edilən sursatlar dəfələrlə xarici ölkələrdə keçirilən hərbi-sənaye sərgilərində nümayiş etdirilib. Zavodun məhsullarının xarici dövlətlərə satılması üzrə bir neçə müqavilə bağlanılıb və artıq bir neçə alqı-satqı əməliyyatı da keçirilib.

Müdafiə Sənayesi Nazirliyinin müşaviri Azad Məmmədovun sözlərinə görə, yaxın gələcəkdə bu sahəyə ölkə rəhbərliyi tərəfindən göstərilən diqqət yeni istehsalat sahələrinin yaradılması, yeni mühüm layihələrin həyata keçirilməsi ilə öz təsdiqini tapacaq: “Yaxın gələcəkdə bu sursatların çeşidi artırılacaq və bu çeşidlə bərabər digər müəssisələrdə də bu döyüş sursatlarını tətbiq edən müxtəlif növ silah nümunələrinin istehsalına başlanılacaq”.

Müəssisədə istehsal olunan sursatlar orduda istifadə olunan bütün növ silahlar – tapança, pulemyot, snayper tüfəngləri, həmçinin müxtəlif çaplı artilleriya minaatanları üçün nəzərdə tutulub. Zavod son illər istehsal gücünü bir neçə dəfə artıra bilib. Belə ki, hazırda müəssisədə NATO standartlarına uyğun olan tapança patronları, müxtəlif növ gülləli avtomat və əl pulemyotları üçün hesablanmış patronlar istehsal olunur.

Müəssisədə istehsalına şahidlik etdiyimiz hər bir patronun bir can almaq gücünə malik olduğunu düşünmək aparılan fəaliyyətin nə dərəcədə əhəmiyyətli olduğunu deməyə əsas verir. Əhəmiyyətlidir ona görə ki, Azərbaycan ordusunun bu sursatdan yalnız müdafiə məqsədilə və yalnız düşməninə qarşı istifadə etdiyi bütün dünyaya bəllidir.

OXŞAR XƏBƏRLƏR