İlham RƏHIMOV Anladığım qədər Sizin qəzet (“Yeni Müsavat”) ölüm cəzası problemini müzakirə etmək, daha dəqiq desək, bu barədə diskussiya açmaq qərarına gəlib. Hesab edirəm ki, bu, çox vacib və vaxtında verilmiş qərardır. Prinsipcə, söhbət bu suallara cavablardan gedir: Ölüm cəzası hüququ nəyə əsaslanır? Qarşıya qoyulan məqsədə çatmaq üçün onun cəmiyyətə nə qədər faydası var? Onun ömürlük həbslə əvəz edilməsi özünü doğruldurmu? Bir cəza növü kimi ölüm cəzasına qayıtmaq lazımdırmı? Elə buradaca qeyd etmək istərdim ki, ölüm cəzasını saxlayan və ondan imtina edən ölkələrin, demək olar ki, hamısında vaxtaşırı kəskin polemikalar yaranır. Bu, Avropa ölkələri, ABŞ, postsovet məkanı ölkələrinə aiddir. Belə ki, məsələn, İngiltərədə 1969-cu ildə ölüm cəzası ləğv edilib və o vaxtdan 18 dəfə parlamentə onun bərpası ilə bağlı təkliflər təqdim edilib. Bizdə, Azərbaycanda da bu proseslər gedir. Bu, təbii və normaldır. Hətta Norveçdə Breyvik cinayət törədib, cəzasını xudmani 2 otaqlı kamerada çəkməklə maksimal - 21 il həbs cəzası alandan sonra təkcə bu ölkənin yox, həm də Avropanın ictimaiyyəti hiddətləndi. Ona görə yox ki, qanun pozulmuşdu və ya onların qanunvericiliyinə görə yüngül cəza verilmişdi. Ona görə ki, ədalət prinsipi pozulmuşdu, daha dəqiq desək, qanun insanların ədalət duyğularını təmin etməyə qadir deyildi. Yeri gəlmişkən, dünyanın bir çox ölkələrində o cümlədən Avropada keçirilən sosioloji tədqiqatlar göstərir ki, xalqın səsi, xalqın rəyi qana qan tələb edir və ona əhəmiyyət verməmək olmaz. Amma xalqın səsi haradan qaynaqlanır? Bu, təkcə dinlə əsaslandırılan “qana qan” tələbinə yox, həm də əvəzini ödəmək prinsip və ideyasına əsaslanır. Anlayıram ki, hüquq məsələlərini, o cümlədən ölüm cəzası problemini dini tendensiyalar və Müqəddəs İlahi Kitablar əsasında həll etmək olmaz; amma onların əhəmiyyətini gözardı etmək də düzgün deyil. Bir qayda olaraq, ölüm cəzasının əleyhdarları ona istinad edirlər ki, insanın həyatını yalnız onu verən, yəni Allah ala bilər. Amma bir çox Quran ayələrində məhz “cana can” postulatı ölüm cəzası üçün əsas təşkil edir. Qurana görə, insan qatilinə ölüm cəzası verilməsi ali ədalətin təmin edilməsidir. Digərləri isə deyirlər ki, bütün xalqların tarixi və həyatı ölüm cəzasının faydasızlığını sübut edir. Çünki o, insanları yaxşılaşdırmır, cinayətkarlıq azalmır; yəni onun cinayətlərin qarşısını almaq sarıdan əhəmiyyəti yoxdur. Bəlkə də, belədir. Amma heç kəs bilmir və sübut da edə bilməz ki, ölüm cəzasının ləğvi cinayətkarlığa müsbət təsir edib. Əgər biz sübut etsək ki, ölüm cəzasına zərurət yoxdur, o, məqsədəuyğun deyil, əvəz edilə bilər, heç bir şübhə yoxdur ki, bu cəza ləğv edilməlidir. Hesab edilir ki, cəmiyyətin sərəncamında ölüm cəzasının əvəzinə daha humanist bir vasitə - dünyanın bir çox ölkələrində tətbiq edilən ömürlük həbs cəzası var. “Ölüm cəzası nəcib, humanist vasitə deyil”, deyənlərlə tamamilə razıyıq. Amma unutmaq olmaz ki, bu cəzanın nəcib, faydalı məqsədləri var: Breyvikin cinayəti, Vinoqradovun Moskvada həyata keçirdiyi qətl və yüzlərlə bu cür cinayətlərin qarşısının alınması. Əgər ömürlük həbs bu vəzifəni ölüm cəzasından daha yaxşı yox, elə onu qədər həyata keçirməyə qadirdirsə, mən onun ləğvinə tərəfdaram. Açığını desək, təkcə respublikamızda yox, bütün dünyada cinayətkarlığın səviyyəsi və xarakteri məni buna şübhə etməyə məcbur edir. Axı biz bilirik ki, ölüm cəzası qarşısında təşviş ömürlük həbsdən olan qorxudan daha güclüdür.Deyirlər, ölüm cəzası qeyri-humanist, antibəşəri vasitədir. Bu, avropalıların ən güclü arqumentidir. Ancaq Breyvik və onun kimilərin törətdikləri cinayətlərdə günahkar olan şəxslər üçün ölüm hökmünün ləğvinə çağıran, eyni zamanda rəhbərlərinin iqtisadi və siyasi maraqlarına görə başladıqları müharibələr zamanı yüz minlərlə dinc sakini ölümə məhkum edən bu şəxslərin səmimiliyinə və müdrikliyinə inanmaq olarmı? Maraqlıdır, görəsən, terrorçu bir ərəb Breyvik kimi bir cinayət törətsəydi, necə hərəkət edərdilər? Axı, qanuna görə ona da eyni cəza tətbiq edilməli idi. Düşünürəm ki, bütün Avropa qeyzə gəlib ayağa qalxardı. Ömürlük cəzanın humanistliyinə gəlincə, şübhəsiz, ölüm cəzası ilə müqayisədə o daha humanistdir, amma heç də hamı belə düşünmür.Doktorluq dissertasiyası yazanda SSRİ-nin bir çox həbsxana və koloniyalarında sosioloji sorğu aparmalı olurdum. Suallardan biri ölüm hökmünə məhkum olunanlara ünvanlanmışdı: Siz istərdinizmi ki, ölüm hökmü ömürlük həbslə əvəzlənsin? Gözlənildiyi kimi, böyük əksəriyyət (85%) müsbət cavab verdi. Ömürlük həbs ömürlük əzab deyilmi? Dövlət əzabı qanuniləşdirə bilərmi, bu mənəviyyata uyğundurmu? Bu cəzaya məhkum olan hər bir məhbus bu əzabı, əziyyəti özünəməxsus şəkildə keçirir. Bir qismi üçün normaldır, digərləri buna dözməkdənsə, ölməyə hazırdır. Ona görə hansı daha böyük humanizmdir - ölüm hökmü, yaxud ömürlük həbs, bu məhkumun özünün subyektiv qiymətləndirməsidir. Yeri gəlmişkən, məhbusların öz cavabları da bunu deməyə əsas verir, onlardan 30%-i ömürlük həbsdənsə ölüm hökmünə üstünlük verir. Ona görə mən qəsdən adam öldürən, yaxud digər ağır cinayət törədən məhbuslara ikisindən birini: ya ölüm hökmünü, ya da ömürlük həbs cəzasını seçmək imkanı verilməsini düzgün hesab edirəm.Redaksiyadan: Məlum olduğu kimi, qəzetimiz bu mövzu ilə bağlı diskussiya başlamaq təklifi edib. Həmin təklifi bir peşəkar olaraq dəyərləndirdiyinə, bu cür maraqlı məqalə yazdığına görə professor İlham Rəhimova təşəkkür edirik.