Dünən Ağdam rayonunda ağır yol qəzası baş verib.
AZXEBER.COM xəbər verir ki, axşam saat 16 radələrində baş verən qəzanı törədən şəxsin və ölənin ikisinin də məktəbli olması məlum olub.
Belə ki, rayonun Səfərli kəndinin ərazisində Böyükbəyli kənd sakini 2011-ci il təvəllüdlü Əli Elnur oğlu Məmmədli atasına məxsus "VAZ-21 115" markalı 90 NG 609 dövlət qeydiyyat nişanlı avtomobili aşırıb.
Avtombildə olan Elnurun həmkəndlisi və sinif yoldaşı 2011-ci il təvəllüdlü Adəm Sərvər oğlu İsmayılzadə aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Ağdam RPŞ tərəfindən araşdırmalar aparılır.
***
Ötən gün Ağdam rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində azyaşlının idarə etdiyi avtomobilin aşması və həmyaşıdının həlak olması hadisəsi dərin təəssüf doğurur. Bu faciə bir daha göstərir ki, yetkinlik yaşına çatmamış şəxslərin sükan arxasına keçməsi yolverilməzdir və ağır nəticələrə gətirib çıxarır.
AZXEBER.COM xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin yaydığı məlumatda deyilib.
BDYPİ bir daha vurğulayır ki, nəqliyyat vasitəsini yalnız qanunla müəyyən olunmuş yaş həddinə çatmış və sürücülük hüququna malik şəxslər idarə edə bilər. Bu qaydanın pozulması insan həyatı üçün ciddi təhlükə olmaqla yanaşı, qanuni məsuliyyət də doğurur.
Təəssüf ki, bəzi hallarda valideynlər və böyüklər məsuliyyətsizlik nümayiş etdirərək, azyaşlı övladlarının və ya ailə üzvlərindən birinin sürücülük vəsiqəsi olmadan avtomobili idarə etməsinə şərait yaradırlar. Bu isə qanunla tam qadağan olunmaqla yanaşı, son dərəcə təhlükəli və məsuliyyətsiz bir addımdır. Belə halların nəticəsi yalnız sükan arxasında əyləşmiş azyaşlı üçün deyil, həm də digər sürücülər, sərnişinlər və piyadalar üçün faciəvi ola bilər.
Unutmayaq ki, övladlara qarşı ən böyük qayğı onların həyat və sağlamlığını qorumaqdır. Onları sükan arxasına keçməsinə şərait yaratmaqla yalnız öz övladınızı deyil, bütövlükdə hərəkət iştirakçılarınl təhlükə qarşısında qoymuş olursunuz.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün hərəkət iştirakçılarını məsuliyyətli davranmağa və yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırır.